Prezidentin rayonlara ayırdığı pullar necə xərclənir?

“Regionlara ayrılan əlavə vəsait icra başçılarına gördükləri işə görə verilən mükafatdı”

Dövlət büdcəsində regionların sosial-iqtisadi inkişafı üçün müəyyən məbləğ nəzərdə tutulsa da, dövlət başçısı bir qayda olaraq səfər etdiyi regiona prezidentin ehtiyat fondunda 2-3 milyon manat vəsait ayırır. Bu vəsaitin hansı məqsədlər üçün sərf edildiyi isə bir qayda olaraq açıqlanmır. Regionlara ayrılan bu vəsait hər hansı problemin həllinə yardım edirmi?
Iqtisadçı-ekspert regionların sosial-iqtisadi inkişafı proqramının ikinci mərhələsinin bitmək üzrə olduğunu deyir. Eyni zamanda regionlara hər il dövlət büdcəsində investisiya xərcləri ayrılır.
Ekspertin sözlərinə görə, dövlət büdcəsinə daxilolmalarda regionların payı 4,6%-dən artıq deyil. Bu da onu göstərir ki, büdcədən həmin regionların sosial-iqtisadi inkişafı üçün vəsaitlərin ayrılmasına baxmayaraq, bu regionlar dövlət büdcəsinin əlavə yükünə çevriliblər. Həmin regionlarda istehsal yönümlü müəssisələrin açılması həyata keçirilməlidir. Hətta regionlarda tikilən məktəblər də yüksək səviyyəli deyil. Idman kompleksləri, sosial obyektlər ölkə iqtisadiyyatına heç nə vermir.
Ekspert dövlət büdcəsindən prezidentin ehtiyat fonduna ayrılan 300 milyon manatın hansı istiqamətə sərf olunması ilə bağlı hesabatlılığın da aşağı səviyyədə olduğunu vurğuladı. Rayonlara ayrılan əlavə vəsait isə daha çox icra başçılarına gördükləri işə görə verilən mükafatdı. Həmçinin narazılıq edən vətəndaşların susdurmaq məqsədi daşıyır. Bununla ölkə başçısının həmin regiona diqqətinin olduğunu göstərmək istəyirlər. Amma ümumilikdə bu vəsait regionlarda məşqulluq və yoxsulluqla bağlı problemləri həll etmək gücündə deyil.
Ekspertin sözlərinə görə, regionlarda ciddi sosial-iqtisadi islahatlar həyata keçirmək lazımdır: “Icra başçıları özünü rayonun ağası sayır. Əslində isə regionlar biabırçı vəziyyətdir. Parkların salınmasının iqtisadi inkişafla heç bir əlaqəsi yoxdur. Regionlardan əhali digər ölkələrə kütləvi axın edir.  Regionlarda məşğulluq səviyyəsi, işlə təminat, sosial müdafiə sistemi olduqca bərbad vəziyyətdədir. Prezident rayonlara səfəri zamanı bu problemlərin həlli istiqamətində ciddi tədbirlər görməlidir”.

Fizzə