AZAD sədri ABŞ-ın yeni səfiri ilə görüşdə danışılanları “Azadlıq”a açıqladı
“Yeni səfir Əliyev hökuməti ilə heç bir şəxsi planlar qurmadığını dedi”
ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstarın Vaşinqtonda Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatının sədri Elmar Şahtaxtinski ilə görüşdüyü barədə bir neçə gün qabaq məlumat vermişdik. Görüşün məqsədini və görüşdən aldığı təəssüratı öyrənmək üçün AZAD sədrinə müraciət etdik.
– Elmar bəy, səfir Morninqstarla görüşmək zərurəti nədən yarand?
– ABŞ-in hansısa bir dövlətə aid xarici siyasəti, əlbəttə ki, Vaşinqtonda administrasiya və Konqres tərəfindən muəyyənləşdirilir. Ancaq bu siyasətin yerinə yetirlməsində, sözsüz ki, Amerikanın Bakıdakı səfirinin böyük rolu var. Azərbaycana təyin olunmuş yeni səfirlə, cənab Riçard Morninqstarla göruşun də zərurəti elə bundan irəli gəlir.
Biz AZAD-ı Azərbaycanda demokratiya və insan hüquqlarına dəstək məqsədilə yaratmışıq. Amerika təşkilatı olaraq, biz əmin olmaq istəyirik ki, ölkənin Azərbaycana təyin edilmiş səfiri bu prioritetlərin, yəni Azərbaycanda demokratiyanın və insan hüquqlarının inkışafı üçün vəzifəsindən irəli gələn işləri yerinə yetirəcək.
– Morninqstardan əvvəlki səfir Brayzanın çox qısa zamanda bu vəzifədə olması və sonradan SOCAR-ın ortaq olduğu bir şirkətə işə düzəlməsi barədə nə deyə bilərsiniz?
– Belə hallar Amerika diplomatiyasının adına ləkə gətirir. Cənab Brayzanın səfir təyinatının Senatda təsdiqlənməsi prosesi zamanı erməni lobbisi onun Azərbaycan höküməti və rəsmilərilə şəxsi yaxınlığı, şəxsi maraqlarının Amerikanın dövlət maraqları ilə ziddiyətdə olacağı haqqında iddialar irəli sürmüşdü. Səfirin öz vəzifəsindən azad ediləndən dərhal sonra SOCAR-ın ortaq olduğu bir şirkətdə işə düzəlməsi, Əliyev diktaturasına dəstək kimi görünən bəyanatlar verməsi, insan haqlarının pozulmasına dair çox yumşaq mövqe tutması erməni lobbiçilərinin irəli sürdüyü iddiaları təsdiqləyir.
Brayzadan əvvəl də oxşar bir presedentin əsasını Amerikanın Bakıdakı kecmiş səfiri Stenli Eskudero qoyub. Onun da səfirliyi başa çatandan sonra ölkədə qalıb zəngin şəxsi biznes qurmasını səfir olduğu zaman hakimiyyətə sərf edən mövqe tutması ilə bağlayırlar. Nəticədə ictimaiyyətdə belə bir fikir yaranır ki, Əliyev rejimi öz enerji və maddi imkanlarından Qərb, o cümlədən Amerika diplomatlarına şəxsi karyera səviyyəsində təsir edir, onların əvəzində demokratiya və insan haqları pozuntularına diqqət verilməməsinə, yumşaq yanaşılmasına nail olur. Bu isə cox mənfi haldır və Amerikanın nüfuzuna, Azərbaycanda isə demokratiyanin inkişafına zərər vurur.
– Siz bu məsələ haqqında cənab Morninqstarla danışdınızmı?
– Bəli, bu məsələ çoxlarını narahat etdiyinə görə, mən gorüşümüz zamanı Brayza və Eskudero nümunələrini xatırladıb, ona sual verdim. Çox şadam ki, o, aydın ifadələrlə gələcəkdə Azərbaycanla, Əliyev hökuməti ilə bağlı heç bir şəxsi biznes və karyera planları qurmadığını dedi.
– Brayza və Eskudero nümunələri ABŞ-ın ictimai-siyasi çevrələrində necə qarşılanır, hansı təəssüratları yaradır və belə nümunələrin çoxalmaması üçün nələr edilməlidir?
– Amerikanın Azərbaycana aid siyasəti ilə maraqlanan və Amerikanın nüfuzunun, regionda maraqlarının qayğısina qalan şəxsləri, siyasətçiləri belə hallar narahat etməyə bilməz. Belə nümunələrin qarşısını almaq ücün bu faktların haqqında danışmaq, etirazları, narahatlıqları, sualları açıq bildirmək lazimdır. Bu, həm AZAD kimi demokratiya və insan hüquqları ilə məşqul olan qurumların, həm də Azərbaycanda müxalifətin, içtimai qüvvələrin məsuliyyətidir. Gərək belə faktlar üzə cıxanda, onlara münasibət qəti şəkildə və tez bildirilsin.
– Morninqstarın Azərbaycandakı proseslərə, demokratiyanın inkişafı məsələlərinə baxışı necədir? Onun ABŞ-da enerji məsələlərinə məsul olması səfir kimi gələcək fəaliyyəti ilə bağlı Azərbaycan cəmiyyətində müəyyən ümidsizlik yaradır. Bu barədə nə deyə bilərsiniz?
– Cənab Morninqstar Amerikanın ən təcrübəli diplomatlarındandır. O, həm ABŞ, həm də ümumən dünyanın diplomatik dairələrində tanınmış şəxsdir. Riçard Morninqstar 1990-ci illərdən bəri Azərbaycanla və ümumən post-Sovet ölkələri ilə bağlı əvvəl ABŞ prezidentinin xüsusi müşaviri, sonra isə Avrasiya Enerjisi üzrə xüsusi müşavir kimi vəzifələrdə işləyib. Onun öz vəzifəsinin öhdəsindən gəlməsi ücün kifayət qədər təcürbəsi, biliyi və yüksək reputasiyası var.
Bizim görüşümüz zamanı cənab Morninqstar onun sırf “enerji sektoru nümayəndəsi” olduğu haqqında ictimaiyyətdə təəssürat yarandığından məlumatı olduğunu bildirdi. Ancaq o, demokratiyanı heç də başqa prioritetlərdən, o cümlədən enerjidən aşağı tutmadığını bəyan etdi.
Cənab Morninqstarın açıqladığı fikirlər və verdiyi suallar onun Azərbaycandakı proseslərlə, insan haqlarının, azadlıqların kobud pozulması faktları ilə, ictimai-siyasi vəziyyətlə yaxından tanış olduğunu göstərir. O, ABŞ səfiri vəzifəsi çərçivəsində Azərbaycanda demokratik inkişafa dəstək vermək üçün effektiv yollar axtardığını, bu istiqamətdə bacardığını edəcəyini söylədi.
– Görüşdə başqa hansı mövzulardan danışdınız?
– Danışdığımız əsas mövzu demokratiya və insan haqqları ilə bağlı idi. Başqa mövzulardan Qarabağ münaqişəsinin həlli yolları haqqında söhbət etdik. Mən AZAD-ın mövqeyini bildirdim ki, öz xalqlarının azad seçkilərdə ifadə edilən iradəsi ilə seçilmiş hökümətlərin olmaması, əvəzində korrupsiyaya, oğurluğa qurşanmış diktaturaların mövcudluğu bu problemin həlli ücün əngəl törədir, onu qeyri-mümkün edir.
Xəyal