Apelyasiya Məhkəməsi vicdan məhbusunun şikayətini rədd etdi
Bu gün Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü, vicdan məhbusu Şahin Həsənlinin şikayətinə baxılıb. Vicdan məhbusu, cəzasının çəkilməmiş hissəsindən azad olunmaqla bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət etsə də, qərar müsbət olmamış, o da Apelyasiya Məhkəməsinə şikayət etmişdi.
Apellyasiya instansiyasında keçirilən hazırlıq iclasında Ş.Həsənlinin özü də iştirak etmiş, hüquqlarını vəkil Əlayıf Həsənov müdafiə etmişdi.
Bu gün keçirilən məhkəmə prosesində Şahin Həsənli günahsız yerə həbsdə yatdığını və oxunmuş hökmün yarısından çoxunu çəkdiyi üçün şərti azadlığa buraxılması tələbinin əsaslı olduğunu bildirdi. Daha sonra çıxış edən vəkil Əlayif Həsənov Şahin Həsənlinin şərti azadlığa buraxılmaması haqda Qaradağ Rayon Məhkəməsinin qərarının əsassız olduğunu dedi. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinin vican məhbusu haqda hazırladığı rəy məhkəmə qərarına təsir edə bilməz. Vəkil əlavə etdi ki, cəzaçəkmə müəssisəsinin iddia etdiyi kimi Şahin Həsənlinin əmək işlərində iştirak etməməsi qərar üçün əsas götürülə bilməz. Çünki cəzaçəkmə müəssisəslərində əmək işlərində iştirak qanunla nəzərdə tutulmur.
Prosesdə çıxış edən dövlət ittihamçısı Qaradağ Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanmasını tələb edib. Məhkəməyə sədrlik edən Həsən Əhmədov qərarın qəbul olunması üçün qısa fasilə verib. Fasilədən sonra Həsən Əhmədov Qaradağ Rayon Məhkəməsinin qüvvədə saxlanılması haqda qərar çıxarıb.
Xatırladaq ki, Şahin Həsənli Ictimai Palatanın ötən il aprelin 2-də keçirdiyi aksiyadan əvvəl Şəmkir rayonunda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanıb. 21 iyul 2011-ci ildə Şəmkir Rayon Məhkəməsi Ş.Həsənlinin 2 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Oktyabrın 4-də isə Gəncə Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.