“Hakimiyyət Əli Kərimlinin kölgəsiylə vuruşur”

eldeniz-quliyev“Ya bunların texnoloqlarının nəşədən başı ayılmır, ya da qəsdən hakimiyyəti uçuruma aparırlar”

Eldəniz Quliyev: “Əli Kərimli ləyaqətli, sözüylə əməli üst-üstə düşən siyasətçidir, hakimiyyətinin məqsədi isə bu cür adamları şər-böhtana tuş gətirməkdir”

Müsahibimiz Azərbaycan Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist və kinorejissor Eldəniz Quliyevdir. Eldəniz bəyə ilk sualımız son zamanlar beynəlxalq mətbuatın da diqqət göstərdiyi iqtidarın maliyyə maxinasiyaları ilə bağlı oldu. Belə ki, 1993-2010-cu illər arası ölkədən 48 milyard dollar offşor zonalara çıxaran hakimiyyətin talançılıq siyasəti bir daha bununla beynəlxalq aləmdə ifşa olundu. Ziyalılar Hərəkatının sədri bu barədə nə düşünür?

– Bu fakt təbii ki, biabırçı bir faktdır. Bunun faş olunmasından sonra cavab verilməməsi isə sadəcə sözlə ifadə olunmur. Biz qapalı bir məkanda yaşamırıq. Dünyada bu cür hadisələr ortaya çıxanda ya insanlar bunu izah edirlər, ya da istefa verirlər. Bizdə laqeydlik, ictimai rəyi hesaba almamaq, ona barmaqarası baxmaq, bir sözlə, bunun adı yoxdur. Bunu, bu idarəçiliyi xuliqanlıq kimi dəyərləndirirəm.

– Azərbaycan cəmiyyəti bu xəbərə sanki “belə də olmalıdır” kimi reaksiya verdi. Yəni adekvat reaksiya gəlmədi. Səbəb nədir?
– Cəmiyyətdə bir ətalət var. Bu ətalət bəlkə 20 ildir bizimlədir. Hər hansı bir hadisəyə münasibət bildirməmək “mənə dəymir”, “məndən yan keçdi” kimi prinsiplərlədir. Ancaq bilmir ki, səndən yan keçdisə, yaxınına dəyəcək. Siyasi, iqtisadi, sosial kataklizmlər bir çox hallarda ondan qaynaqlanır ki, vətəndaşlar “mənə dəxli yoxdur” prinsipiylə yaşayırlar. Bu çox qorxulu tendensiyadır. Hesab edirəm ki, insan öz taleyinin tamaşaçısından iştirakçısına çevrilməlidir. Əks halda böyük faciələr qaçılmaz olur.

– Son 2 ildə mənzillərinin sənədi ola-ola, heç bir məhkəmə qərarı olmadan əhalinin şəxsi mülklərini “bu ərazidə dövlət əhəmiyyətli obyekt tikiləcək” adıyla bir ucdan sökürlər. Indi isə iş adamlarına qarşı hücuma keçiblər. Heç bir səbəb göstərilmədən müəssisələr qapadılır. Zülfüqarlı qardaşlarının zavodları və bundan başqa 20-yə yaxın müəssisənin qapadılması buna misal ola bilər. Hakimiyyət bununla hara gedir?
– Konstitusiyada Azərbaycan demokratik respublikadır yazılmasıyla deyil ki! Demokratiyanın əsas sütunlarından biri mülkiyyət hüququdur. Mülkiyyət hüququnun pozulması bizdə yeni hadisə deyil. Azərbaycan hakimiyyəti demokratiyanı ancaq və ancaq Qəzzafi kimi anlayır. Söz və ifadə azadlığı, insanların sərbəst toplaşmaq azadlığı pozulduğu kimi mülkiyyət hüququ da ayaqlar altına atıldı. Sovet dövründə, ondan əvvəl də insanlar “mənim evim mənim qalamdır” prinsipiylə yaşayıblar. Indi hakimiyyət dünyanın çox vacib saydığı mülkiyyət hüququna bu cür yanaşırsa, bu o deməkdir ki, Azərbaycan rəhbərliyi ölkəyə şəxsi holdinqi kimi baxır və istədiyi hərəkətləri edir. Bunları da qayda-qanunu tapdalayan şirkətlər yaradaraq həyata keçirir. Amerika səfirliyinin yaxınlığında yaşayan sakinlər evlərindən köçürəndə icra hakimiyyətindən bir neçə nəfəri tutdular. Sonradan məlum oldu ki, sakinlərə 4 min manat ayrılmışdı, ancaq mənzil sahiblərinə 2 min manat verilmişdi. Yəni bu dərəcədə qanuna saymamazlıq eləmək vətəndaşlara hörmətsizlik deməkdir. Bu hakimiyyətin demokratiya adlı anlayışdan ya xəbəri yoxdur, ya da həmişə buna ironiya ilə baxıb. Bu gün biz hamılıqla Azərbaycanın cənnətə dönməyindən daha çox cəhənnəmə çevrilməsinin qarşısını almalıyıq. Çünki bu cür getsə, Azərbaycan çox yaxın vaxtlarda cəhənnəmə dönəcək. Hakimiyyət öz xalqına ikrahla baxır, qanunlar sadə adamlar üçün yazılır və məmurlar əvvəllər özbaşınalıq edirdi, indi xuliqanlıqla məşğuldur. Biz hamılıqla vətəndaş cəmiyyəti quruculuğuna diqqət yetirməliyik, vətəndaşların müqavimət immunitetini yaratmaq üçün əlimizdən gələni etməliyik. Çox ağrılı olsa da deməliyəm ki, son 20 ildə ziyalı öz üzərinə düşən missiyanı yerinə yetirə bilmədi. Belə ki, ziyalı xalqın zəkasının, ruhunun güc mərkəzi olduğunu sübut edə bilmədi. Sübut etmək bacarığında və istəyində olan insanların qarşısını min bir yolla kəsmək istəyirlər.

– Bu yaxınlarda “Qaçqınkom”un sədri Əli Həsənov bəyan elədi ki, narkotikaya qurşananların əksəriyyəti imkanlı şəxslərin övladlarıdır. Ancaq biz bu hökumətdən tam tərsini görürük. Hakimiyyət müxalif gəncləri, fəalları, dindarları narkoman adıyla həbs edir. Bunu necə izah edərdiniz?
– Azərbaycanda qanunlar işləmirsə, günahkar cəzasız qalıb günahsız cəza alırsa, bu özü dəhşətli bir mənzərədir. Bu hakimiyyətin siyasi texnoloqları belə bir strategiya irəli sürürlər ki, nə qədər milli mənəvi dəyərləri aşağı salsaq, bu milləti o qədər idarə etmək asan olacaq. Nə qədər idarə olunan xaos yaratsaq, bir qədər asan olar. Halbuki dünyanın ən inkişaf eləmiş ölkələri dinlə dünyəvi dövlətçiliyin sintezini tapıblar, tapırlar və normal da yaşayırlar. Bizdə isə hökumət islam dininə korrida döyüşlərində öküzün qırmızı rəngə münasibət sərgilədiyi kimi münasibət bəsləyir. Demokratik düşərgə öz haqqını, hüququnu və bayaqdan danışdığımız məsələləri tələb eləyən konstitutsiyada təsbit olunmuş hüquqlarını tələb edir. Bunları tələb edən insanları tutub həbsxanaya salmaq, cəzalandırmaq, iş kəsmək yalnız Haitinin “Baby Doc” ləqəbli diktatoru Jan Klod Dyuvalın vaxtında olub. Onun da ordusu vardı, onun vaxtında bir müxalifət nümayəndəsinə belə imkan vermirdilər, demokratiya dediyinə görə tuturdular. Sonda nə oldu? Sonda xalq onun üzərinə yeridi. Dyuval qaçdı. Təyyarə ilə bütün dünyanı fırlandı, heç kəs onu qəbul etmədi. Son anda Fransa onu qəbul etdi. Dyuvalın atası da ölməmişdən əvvəl onu baş nazir qoymuşdu, atası öləndən sonra prezident oldu. Ancaq bu gün başqa bir dünya düzəni var. Gözümün qarşısında “Ərəb baharı” baş verir. Külək burada da əsəcək. Təxminən bir il öncə hökumət korrupsiyaya qarşı guya bir addım atdı. Ancaq sonra korrupsiyanın həddini iki dəfə qaldırdılar. Nə fikirləşir, nə edirlər? Ya bunların texnoloqlarının nəşədən başı ayılmır, ya da qəsdən hakimiyyəti uçuruma aparırlar.

– Demək olar ki, hər gün xarici mətbuatda ölkədəki korrupsiya faktlarıyla bağlı yazılar dərc olunur. Prokurorluq bu məsələlərdə susur. Ancaq cəmiyyətin qeyri-ciddi hesab etdiyi bir adamın – Hafiz Hacıyevin sözüylə cinayət işi qaldırırlar. Bunu necə qiymətləndirirsiniz?
– Insan da iki ayağa üstündə dayanır, Azərbaycan hakimiyyəti də. Onun bir ayağı korrupsiyadır, bir ayağı inhisarçılıq. Ancaq bunun heç biriylə bağlı ciddi tədbir görülmür. Adını çəkdiyiniz o şəxslə bağlı onu deyə bilərəm ki, iki oyunçu arasında istifadəyə yararlı bir zərdir. Əgər bu gün onun ifadəsiylə cinayət işi qaldırırlarsa, bu, nəyisə pərdələməyə hesablanıb.

– Əbülfəz Elçibəyin ailəsinin etirazına baxmayaraq, ölkənin prezidenti olmuş, dünyadan köçmüş bir adamın adından spekulyasiya edilməsinə necə baxırsınız?
– Bir var heykəllərdə olan prezident, bir də var ürəklərdə yaşayan prezident. Istəyirlər Heydər Əliyevi heykəllərlə yaddaşlara həkk etsinlər. Əbülfəz Elçibəy ürəklərdə izini qoyub. Yanlışlıqları ilə yanaşı əqidəli, millətini, dövlətini sevən kimi yaddaşlarda qalıb. Tam məsuliyyətimlə deyirəm ki, Əbülfəz Elçibəyin heykəli Azərbaycan xalqının döyünən ürəyində qoyulub.

– Sözsüz ki, əsas hədəf Əli Kərimlidir? Niyə Əli Kərimli?
– Əli Kərimli Azərbaycanın ən ümidverən siyasətçisidir. Təmiz, ləyaqətli, namuslu bir siyasətçidir. Azərbaycanda isə bu, qəbul olunmur. Azərbaycanın siyasi ənənəsində hər hansı bir siyasətçi gərək təmiz, ləyaqətli olmasın, mürəkkəbi qurtarmış qələm kimi olsun. Əli Kərimli cavan, ləyaqətli, ən əsası odur ki, sözüylə əməli üst-üstə düşən bir siyasətçidir. Ona görə Azərbaycan hakimiyyətinin əsas məqsədi bu cür adamları vurmaq, təhqir etmək, şər-böhtana tuş gətirməkdir. Burada təəccüblü heç nə yoxdur.

– Bəziləri bu addımın 2013-cü il seçkilərinə hesablandığını deyir. Əli Kərimlinin namizədliyinin qarşısını alınması üçün belə addımların atıldığı söylənilir…
– Yadınızdadırsa, keçən seçkilərdə də seçkiöncəsi siyasi texnoloqlar çox iyrənc, heç bir qanuna, insanlığa sığmayan qara piar kampaniyası apardılar. Məncə, növbəti seçkidə də bu davam edəcək. Insan düz dayanıbsa, kölgəsinin pis düşməsindən qorxmamalıdır. Bunlar bu dəqiqə Əli Kərimlinin kölgəsiylə vuruşurlar. Bunların ekzotik səs çıxarmasından asılı olmayaraq karvan öz yoluyla gedəcək.

– Bu cür məsələlərdə ziyalıların mövqeyi nədən ibarət olmalıdır? Presedent, ənənəvi halın yaranmaması üçün ziyalılar nə iş görməlidir?
– Ziyalı missiyasını yerinə yetirməlidir. Ziyalı ləyaqət simvolu kimi bu gün öz həmvətənlərin qarşısında dayanmalıdır. Mənəvi aşındırmanın, milli mənəvi dəyərlərin məhv olunmasının qarşısını almalıdır. Ziyalı cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün yenidən doğulmalıdır. Indi sizinlə danışıram, düşünürəm ki, indi sizə danışdıqlarım mənim son sözümdür. Hər kəs belə düşünməlidir. Hər gün danışdığı sözə son söz kimi baxmalısan. Ziyalı istər siyasi, istər iqtisadi, istərsə də sosial sahədə öz sözünü deməlidir – öz qeyrətiylə, öz namusyla, öz əqidəsiylə.

Ramin DEKO