Adi günlərdən fərqli olaraq qiymət artımı da müşahidə olunub
Ramazan bayramı ilə əlaqədar istirahət günlərində bölgələrə getmək istəyənlərin sayı adi günlərdən bir neçə dəfə çoxdur. Avqustun 19-da 15 min, 20-də isə təxminən 7 min sərnişin müxtəlif rayonlara yola salınıb. “Anspress”in məlumatına görə, respublikanın müxtəlif regionları üzrə hərəkət edən avtobuslar indi daha sıx qrafiklə işləsə də, sərnişindaşımada ləngimələr müşahidə olunur. Bilet alan sərnişinlər də saatlarla gözlədiklərini deyir.
Adi günlərdən fərqli olaraq qiymət artımı da müşahidə olunur. Biletlərin rəsmi satış qiyməti sabit olsa da, biletsiz getmək istəyənlər qiymət artımı ilə üzləşir. Avtovağzal rəhbərliyi isə bayram günlərində gücləndirilmiş iş rejimi ilə işlədiklərini bildirir: “Sıxlıq olsa da, sərnişinlər üçün şərait yaradılır və yola salınır”. Sıxlıq isə daha çox cənub bölgəsi, eləcə də Göyçay və Şəki istiqamətində müşahidə olunur.
İnformasiya şöbəsi