Avustun 18-də “Azadlıq” qəzetinin əməkdaşı Yafəz Həsənov Dövlət Yol Polisi işçilərinin zorakılığına məruz qalıb. Bu haqda məlumatı Yafəz Həsəovun özü verib. Onun bildirməsinə görə, idarə etdiyi VAZ markalı avtomobillə yaşadığı Binə qəsəbəsindən Mərdəkan magistral yoluna çıxarkən yol polislərinin idarə etdiyi 10 YP 545 dövlət nömrə nişanlı avtomobil onu təqib edib:
“Saaat 12 olardı, magistral yola çıxan kimi yol polisləri səsgücləndiricidən istifadə edərək məni təqib etməyə başladılar. Maşını saxladım. Onlara bildirdim ki, həm səsgücləndiricidən istifadə, həm də avtomobili təqib etmək qanunla qadağandır. Heç bir qayda pozuntusuna da yol verməmişdim. Məni niyə təqib edib saxlamalı idilər? Daha sonra polislər mənimlə kobud davranmağa başladılar. Onlar mənə dedilər ki, biz naxçıvanlıyıq, nə istəsək eliyə bilərik. Dedilər ki, həmin qanunlar bizə aid deyil”.
Yafəz Həsənov deyir ki, polislərin həm özbaşınalıqlarını, həm qaba davranmalarını görüb, DYP mətbuat xidmətinə zəng etsə də mətbuat katibi Kamran Əliyev polislərin təqibə haqqı olduğunu bildirib:
“Mətbuat katibi Kamran Əliyev telefonda polis əməkdaşlarının haqlı olduğunu bildirdi. Dedi ki, bu qanun pozuntusu deyil, yol polisləri həm avtomobilləri təqib, həm də səsgücləndiricidən istifadə edə bilərlər. Kamran Əliyev bunu belə əsaslandırdı ki, guya hadisə şəhərin içərisində olsaydı, qanun pozuntusu sayılardı. Belə çıxır ki, yol polisləri şəhərdən kənarda istədikləri qanun pozuntusuna yol verə bilərlər?”.
Yafəz Həsənov deyir ki, Kamran Əliyevin onları müdafiə etməsindən sonra arxayınlaşan polislər E.Zeynalov və E.Şıxəliyev ona zor tətbiq ediblər:
“Polislərdən biri dedi ki, bu müxalifətçidir, bunlar hakimiyyətin əleyhinə yazırlar deyə bizə heç kim heç nə deməyəcək, bas maşına, aparaq. Qolumu burdular. Telefonu əlimdən aldılar. Polislərdən biri maşınımın nömrəsi açmağa cəhd göstərdi. Bildirdim ki, bunu etsələr, yuxarılara şikayət edəcəyəm”.
Yafəz Həsənov deyir ki, polislərin etirazına baxmayaraq, ona tətbiq olunan protokolda üzləşdiyi zorakılıq və qanun pozuntusu ilə bağlı qeydlər yaza bilib.
Informasiya şöbəsi