Uşaq evlərində çalışanlara “uşaq” pulu verilir

Məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları nədən bu qədər az maaş alır?

Nemət Əliyev: “Insan faktoru axırıncı dərəcəli məsələ kimi hökumətin nəzərində yer alıb”

Nazirlər Kabineti Bakı ŞIH tabeliyindəki Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri Idarəsinin aylıq vəzifə maaşlarının sxemini təsdiqləyib.Qərara əsasən, idarə rəisinin aylıq vəzifə maaşı 385, müavininki 280, bölmə rəhbərinin 171, metodistinki 174, sürücü, xadimə, fəhlənin maaşı isə 105-130 manatdır.
Bu qədər az maaşla sağlam nəsil yetişdirmək çətin ki baş tuta. Çünki valideynlər az maaş alan bağça müəllimlərinə pul verməyə məcburdur ki, vəziyyət nisbətən tarazlığını saxlasın. Lakin uşaqlar hələ məktəbə qədər rüşvətin nə olduğunu öyrənir və bu məsələ məktəbdən sonrakı mərhələlərdə davamlı olaraq aktuallığını saxlayır.

Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, hökumətin bağçalara olan münasibəti onu sıradan çıxarmasında aydın şəkildə görünür. Ekspertə görə, sanki uşaq bağçalarını müflisləşdirib sıradan çıxarmaq, onları vahid bir əldə cəmləşdirməklə bağlı yarış gedir: “Hökumətin sosial-iqtisadi siyasətinin yanlış olması bu sahədə köklü problemlər yaradıb. Azərbaycan hökumətinin əməkhaqqı siyasətinin yoxluğu mövcud duruma gətirib. Ümumiyyətlə, insan bu siyasətin əsas məqsədi və hədəfinə çevriləndə həmin siyasət qurula bilər”.
N.Əliyev bildirdi ki, insan faktoru axırıncı dərəcəli məsələ kimi hökumətin nəzərində yer alıb. Ona görə də daha çox şəxsi maraqlarını ödəmək yönündə iş gedir: “Baş verən neqativlərin hamısı da bundan qaynaqlanır. Mövcud siyasəti dəyişməklə sağlam gələcək barədə düşünmək mümkündür. Uşaqlara qayğı dövlətin ümdə vəzifəsi olmalıdır. Amma təəssüf ki, korrupsiya və rüşvətxorluq təhsil sistemindən tutmuş dövlət idarəetmə orqanlarınadək hamısını əhatə edib”.

Nigar