Sumqayıtda “çörək əməliyyatı”

“Çörək Tofiq” icra başçısı ilə əlbir olaraq şəhərə çörək gətirilməsinin qarşısını alır

Sumqayıtda “Çörək Tofiq” kimi tanınan, çörək zavodunun sahibi Tofiq Hüseynov şəhərdə çörək satışını inhisara alıb.
Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Tofiq Hüseynov icra başçısı Eldar Əzizovla əlbir olaraq Sumqayıta başqa yerdən çörək gətirilməsinin qarşısını alır. Mənbə bildirib ki, hər gün səhər saatlarında “Çörək Tofiq”in göstərişilə Sumqayıtın Gigiyena və Epidemiologiya şöbəsi şəhərin giriş-çıxışında post quraraq Bakıdan gələn çörək maşınlarını “yoxlayır”. Yoxlamanın nəticəsi hər gün eyni olur: Həmin maşınlar Sumqayıta buraxılmır. Bundan başqa “Çörək Tofiq” Sumqayıtda özəl çörək sexlərinin fəaliyyətinə də maneçilik göstərir. Bununla da Sumqayıtda çörək satışını yalnız özü həyata keçirir. Halbuki Tofiq Hüseynova məxsus zavodda bişirilən çörək digər sexlərdə bişirilən çörəklərdən həm keyfiyyətcə aşağıdır, həm də çəkisi azdır.

Hikmət