İran zəlzələ bölgəsində üsyan olacağından ehtiyatlanır

Güneyli fəal SEPAH əsgərlərinin fəlakət zonasına yerləşdirilməsini bununla izah edib

İranda ötən şənbə günü baş vermiş zəlzələdən sonra Tehran rejiminin fəlakətdən zərərçəkmişlərə diqqətsizliyi də gündəmin əsas mövzularından birinə çevrilib. Yerli və mühacirətdə yaşayan güneyli fəallar Iran hökumətinin zəlzələ qurbanlarına biganə münasibətindən şikayətlənir.
Isveçdə yaşayan azərbaycanlı fəal Saleh Kamrani “BBC Azərbaycanca”ya müsahibəsində bildirib ki, fəlakət bölgəsində yaşayan əhali qorxudan evlərində yaşaya bilmir. Onlar mədrəsələrin həyətindəki çadırlarda məskən salıblar. Iran hökuməti bəzi kəndlərə hələ də yardım çatdırmayıb. Güneyli fəalın sözlərinə görə, uçmuş evlərin altında qalıb ölən mal-qara cəmdəklərinin xəstəliklər yaymaq təhlükəsi var.
Ixtisasca hüquqşünas olan Kamrani bildirib ki, Irandan aldığı məlumatlara görə, yardım əsasən adi insanlar tərəfindən edilir, dövlət tərəfindən yardım yoxdur. Saleh Kamraninin sözlərinə görə, Əhər bölgəsindən seçilmiş millət vəkili ağlayaraq insanlara müraciət edib və yardımları birbaşa zərərçəkənlərə çatdırmağı xahiş edib. Fəal deyir ki, Qızıl Aypara Cəmiyyəti də Tehran rejiminin göstərişilə çalışır və dövlət sisteminin təsiri altındadır.
Iranın əsas hərbi gücü hesab edilən SEPAH-ın zəlzələ bölgəsinə yerləşdirilməsinə toxunan Saleh Kamrani bildirib ki, indi Azərbaycan ərazisində insanların başı zəlzələyə qarışıb, amma onlar hökumətə qarşı çox qəzəblidirlər. Ona görə də SEPAH-çılar bölgəyə yerləşdirilib. Rejim hər hansı mümkün üsyanın alovlanmasından qorxur və SEPAH-çıları bölgədə başlana biləcək üsyanı yatırmaq üçün orada saxlayır.
Güneyli fəal iddia edir ki, SEPAH əsgərləri insanlara verilən yardımları geri alırlar və bəzən istədikləri şəhərlərin, məsələn, Isfahanın adını yardım maşınlarının üstünə vururlar ki, Iranın hər yerindən yardım gəldiyini göstərsinlər. Yaxud da maşınların üzərinə yardımların Ali Dini liderə məxsus olduğunu yazırlar.
Kamrani Iran hökumətinin digər təbii fəlakətlər zamanı atdığı addımlardan danışarkən deyib ki, Bəm zəlzələsindən sonra davranışlar fərqli idi. Hökumət o zaman yardıma tez yetişmiş və xarici yardımları qəbul etmişdi. Baxmayaraq ki, Bəmdə baş verən zəlzələ Şərqi Azərbaycanda baş verəndən daha güclü idi. Orada ölənlərin sayı da daha az idi. Kamrani bunu Azərbaycan əyalətlərinin inkişaf baxımından geridə qalması ilə əlaqələndirib: “Səbəbi bölgənin strukturlarının sıfır olması, yoxsulluq, insanların iqtisadi durumunun çox aşağı, evlərin palçıqdan olmasıdır”.
Fəal, zəlzələdən sonrakı gün televiziyada komediya şousunun yayımlanmasını da tənqid edib: “Ramazan ayında insanlar uçuq damların altında ölür, uşaqlar analarını axtarır, bunlar isə televiziyada hırtıldama proqramı yayırlar…”