Xanım Xəlilova: “Zəhərlənmə olsaydı, biz bilərdik ki, onda nə zəhərlənməsi var. Bu cür şeyləri danışmaq heç doğru deyil”
Bakı prokurorluğunda Hafiz Hacıyevin mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası üzrə cinayət işinin başlanmasına ictimai reaksiyalar davam edir.
Bu məsələyə növbəti reaksiya Elçibəyin yaxın silahdaşlarından olan və hazırda Türkiyədə yaşayan Xanım Xəlilovadan gəlib. O, modern.az-a mərhum prezidentin ölümü haqqında deyib: 2000-ci ilin yanvar ayında mənim anam rəhmətə getdi. Mən isə onun üçünə gəlib çıxa bildim. Gələndə gördüm Elçibəy yas yerində yoxdur. Dedim niyə yoxdur, dedilər ki, bəy soyuqlayıb. Getdim evlərinə, görüşdüm onunla, gördüm ki, üzü qap-qaradır. Mən şübhələndim, dedi ki, yox, məndə heç nə yoxdur, ötüb keçəcək…
…Mən 2000-ci ilin fevralında Türkiyədə ikən zəng elədi ki, Xanım mən yaxşı deyiləm, Türkiyədə həkimə getməliyəm. Amma dedi ki, prezidentlikdən sonra ilk dəfədir Türkiyəyə gəlmək istəyir. Və birbaşa həkimə gəlmək istəmir. Hər il olduğu kimi, mart ayının 21-də Türk dünyasının qurultayı olacaqdı. Dedi sən o qurultaya məni də dəvət elətdir, mən gəlim. Yoxsa ki, ancaq həkim üçün gəlmək istəmirəm…
…Mən getdim dövlət naziri Abdulhaluk Çayın yanına və bəyin dedilərini ona danışdım. O, mənə dedi ki, Elçibəyin dəvətini təşkil edəcək. Dedim ki, birdən icazə verməzlər. Dedi “yox sən nə danışırsan. Mən kişiyəm, nazirlikdən istefa edərəm”. Bunları bəyə dedim. Amma bəyin Türkiyəyə gəlişinə prezident Süleyman Dəmirəl icazə vermədi, dedi ki, Elçibəy gələ bilməz. Mən icazə vermirəm. Dəmirəl bildirdi ki, əgər Elçibəy qurultaya gəlsə, iki dövlət arasında inciklik yaranacaq…
…Bir müddətdən sonra mənə zəng gəldi ki, bəyin vəziyyəti ağırdır, sən gör neyniyə bilirsən? Onu Türkiyəyə aparmaq lazımdır. Bundan bir neçə gün sonra Elçibəyin özü mənə zəng elədi ki, Xanım ola bilər ki, məni Türkiyə istəmir. Onda məni millətçilər Hollandiyaya aparsınlar.
Bu mənə çox pis təsir elədi. Bundan sonra mən getdim MHP-li millət vəkili Mehmet Ceylanın yanına. O zaman o iş adamı idi. Dedi ki, məsələ ilə bağlı danışıb, mənə iki günə xəbər edəcək. Sonra qərar alındı ki, Elçibəyi özəl təyyarə ilə Türkiyəyə gətirsinlər…
…Əbülfəz bəyi 2 saata yaxın Bakı aeroportunda saxladılar. Mehmet Ceylan dedi ki, nəsə problem var, buraxmırlar. Mən dedim ki, Elçibəyin nə günahı var? Niyə buraxmırsınız? Əgər xaricə çıxmaq qadağası varsa, mən indi prezident Heydər Əliyevə zəng edəcəm. Bunu deyəndən 15 dəqiqədən sonra cavab gəldi ki, buraxın…
Türkiyəyə gələndə mətbuata açıqlama da oldu, protokolla gəldi. Elçibəy mətbuata xəstə olduğunu demədi. Bildirdi ki, “türk qardaşlarımı görməyə gəlmişəm. Elə burada həkimə də görsənəcəm”. Ondan sonra elə həmin gün Ankara xəstəxanasına getdik, baş həkim, hamısı hazır idi, bizi gözləyirdi. Həkimlər dedi ki, xəstəxanada qalsın. Məlum oldu ki, onda prostat xərçəngi var. Hamımız buna dilxor olduq. Həkimlər əməliyyat olunmağı məsləhət gördülər. Amma Elçibəy icazə vermədi əməliyyata, nə də kimyəvi terapiyaya razı oldu. Həm də ki, artıq bədəninə yayılmışdı xərçəng. Elçibəy dedi ki, əməliyyat olsa, ən çoxu 1-2 il yaşayacaq. Həm də, kimyəvi terapiyayla tükləri töküləcək, üzünü qırxacaq. Hətta dedi ki, peyğəmbər 62 yaşında ölüb, mən ondan çox yaşamaq istəmirəm…
… Mən, eləcə də Mehmet Ceylan həmişə həkimlərlə danışırdıq. Amma onlar bir dəfə də olsa, bu haqda heç nə danışmadılar. Elə ilk dəfə Türkiyəyə gələndə də bəyə prostat xərçəngi diaqnozu qoydular. Zəhərlənmə olsaydı, biz bilərdik ki, onda nə zəhərlənməsi var. Bakıda da dedilər ki, onu Türkiyədə zəhərləyiblər. Bu cür şeyləri danışmaq heç doğru deyil. Lazımdırsa, Gülhanə Əsgəri Tibb Akademiyasına da rəsmi məktub yazılsın, onun ölüm səbəbi öyrənilsin. Həkimlər onlara cavab verər. Həm də ki, həkimlər bildirdi ki, əgər bəy Kələkidə olan vaxt gəlsəydi, yaxşı olardı. Çünki, artıq bəy çox gecikmişdi. Artıq xərçəng bədənə yayılmışdı. Birinci dəfə Türkiyəyə gedəndə artıq diaqnoz qoyuldu, amma ikinci dəfə gedəndə biz bilirdik ki, bəy öləcək”.