Siyasilər, ictimaiyyət nümayəndələri Elçibəylə bağlı cinayət işinə münasibət bildirdi
Mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsilə bağlı Hafiz Hacıyevin iddiası əsasında Bakı Şəhər Prokurorluğunda başlanmış cinayət işi gözlənildiyi kimi, ölkənin ictimai-siyasi kəsiminin sərt təpkisilə qarşılandı. Bu olayla bağlı fikrini öyrəndiymiz ictimai-siyasi xadimlər, o cümlədən hüquqşünaslar, partiya sədrləri hesab edir ki, cərəyan edən proseslər hakimiyyətin özünəxas formada seçkiyə hazırlığıdır:
“Bu iddia ümumilikdə müxalifətə qarşı yönəlib”
Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət deyir ki, baş verənlər ilk növbədə Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir:
– Azərbaycanın hazırkı iqtidarı hələ Əbülfəz Elçibəyin sağlığında ona qarşı çox haqsızlıqlar edib. Heç olmasa, indi onun ruhunu sakit buraxsınlar…
Hakimiyyət Elçibəyin adından öz rəqiblərinə qarşı mübarizədə sui-istifadə etməyə çalışır. Əslində, iqtidar bu cür addımları ilə etik qaydaları çoxdan aşıb və təəssüf ki, həmin siyasətini hələ də davam etdirir. Bununla da özünü gözdən salır. Heç kim düşünməsin ki, bu yalnız Əli Kərimliyə qarşı yönəlmiş kampaniyadır. Bu iddia ümumilikdə müxalifətə qarşı yönəlib.
Prezidentliyə iddialı namizəd Əli Kərimlinin hədəfə alınması
İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli də 2013-cü il seçkisi öncəsi AXCP sədri Əli Kərimlinin hədəfə götürülməsini təsadüfi saymır:
– Bu, müxalifət düşərgəsinə, xüsusilə Əli Kərimliyə qarşı təxribat planıdır. Ən başlıcası isə Azərbaycan Milli Azadlıq Hərəkatının simvoluna çevrilmiş, tarixə prezident kimi imzasını atmış Əbülfəz Elçibəyin ruhuna qarşı hörmətsizlikdir. Düşünürəm ki, prokurorluğa müraciət seçki ərəfəsində hakimiyyət ideoloqlarının işləyib hazırladığı qara piarın başlanğıcıdır. Bu addım müxalifətin, Ictimai Palatanın ən ciddi, ən potensiallı namizədlərindən biri, beynəlxalq və daxili ictimai rəydə Əliyev rejiminə qarşı alternativ rəqib kimi qəbul edilən Əli Kərimlinin hədəfə alınmasıdır. Burada hakimiyyətin siyasi rəhbərliyi, birbaşa Ilham Əliyev bir güllə ilə üç hədəfi vurmaq istəyir. Bu hədəflər müxalifət düşərgəsi, Əbülfəz Elçibəy və Əli Kərimlidir. Amma müxalifətin ən şanslı namizədinin bu cür hədəfə alınması çox uğursuz bir piardır. Xüsusən, hakimiyyətin, bu sözü qeyri-ciddi adamın dililə dedirtməsi və bu mübarizəni onun taktikası ilə yönləndirməsi uğursuzluğu bəri başdan ehtiva edir. Müxalifət və cəmiyyət məsələyə ciddi reaksiya verərək, həssas yanaşmalıdır. Burada yalnız Əbülfəz Elçibəy, Əli Kərimli deyil, ümumilikdə cəmiyyətin siyasi əxlaqı hədəfə alınıb. Bu, bütün dünyada Azərbaycan cəmiyyətinin imicinə böyük zərbədir.
AXCP sədrinin prinsipiallığı onu hədəfə çevirib
Qaldırılan iddianın hüquqi əsaslarının kövrək olduğunu deyən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə bildirdi ki, Elçibəyin ailə üzvlərindən başqa heç kim belə bir iddia ilə çıxış edə bilməzdi:
– Adətən belə işlərdə ya dövlət özü aşkar etdiyi faktlar əsasında öncə araşdırmalara, daha sonra istintaqa başlamalıdır, ya da zərərçəkənin şikayəti əsasında istintaq başlana bilər. Burada zərərçəkən rəhmətlik Elçibəyin vərəsələri – həyat yoldaşı və övladlarıdır. Bu şəxslərin müraciəti əsasında araşdırmaya başlamaq olar. Lakin siyasi qərəzi olan, iqtidarın sifarişləri əsasında hərəkət edən və Elçibəy ailəsinə kənar bir şəxsin şikayəti əsasında cinayət işi qaldırmaq absurddur.
Əli Kərimlinin adının bu məsələdə hallanması ondan xəbər verir ki, əgər kimsə bu iqtidarla mübarizədə ardıcıl, prinsipial olursa, hakimiyyətin siyasətilə barışmazlıq sərgiləyirsə, rejim onu sıradan çıxarmaq siyasəti yürüdür. Bu isə o deməkdir ki, belə bir mübarizəyə qalxacaq hər bir azərbaycanlı AXCP sədrinin yerində ola bilər. Son baş verənlərin bir məqsədi var – 2013-cü ildəki hakimiyyət dəyişikliyinin qarşısını almaq.
“Bu olay seçkiqabağı təzyiqlərdən xəbər verir”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, hakimiyyətin son addımı seçki öncəsi təzyiqlərin başlanğıcından xəbər verir:
– Mən bir həkim kimi deyə bilərəm ki, Əbülfəz Elçibəyin xəstəliyinin zəhərlənmə ilə heç bir bağlılığı yox idi. Bu iddianın heç bir hüquqi əsası yoxdur. Necə oldu ki, Elçibəy Türkiyədə müalicə kursu keçəndə həkimlər onun zəhərləndiyini təyin edə bilmədi? Sadəcə, bu, Hafiz Hacıyevin düşüncə tərzindən irəli gəlir. Hakimiyyətin isə buna ciddi reaksiya verməsi seçkiqabağı təzyiqlərdən xəbər verir.
İctimaiyyətin mövqeyi sərt olmalıdır!
Azərbaycan Milli Istiqlal Partiyasının sədri Yusif Bağırzadə hesab edir ki, baş verən olaya ictimaiyyət və Elçibəyin yaxınları sərt reaksiya verməlidir:
– Əbülfəz Elçibəyin həyatına sui-qəsdin olduğu inandırıcı görünmür. Bu məsələyə ictimaiyyət və ən başlıcası, Elçibəyin ailəsi kəskin etiraz etməlidir. Bir də ki, bu ittihamın qanuni tərəfləri qaydasında deyil. Çünki belə bir iddia ilə yalnız Elçibəyin ailəsi çıxış edə bilərdi. Əli Kərimlinin də bu məsələdə adının hallanması daha bir absurdun göstəricisidir.
İqtidarın siyasi şousu
Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı da hesab edir ki, hakimiyyət növbəti siyasi şousuna hazırlıq görür:
– Bu məsələ artıq Ictimai Palatada da müzakirəyə çıxarılıb və bununla bağlı müvafiq rəy verilib. Düşünürəm ki, bu, süni şəkildə yaradılmış siyasi şoudur.
“Hakimiyyət Əli Kərimli ilə üzləşməkdən çəkinir”
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamal düşünür ki, hakimiyyət seçki öncəsi demokratik qüvvələrin diqqətini başlıca hədəfdən yayındırmağa çalışır:
– Hüquqi baxımdan bu cür iddianın irəli sürülməsi absurddur və 2013-cü ildə müxalifət düşərgəsinin diqqətini əsas hədəfdən yayındırmağa yönəlib. Prokurorluğun 29,120.1 maddəsilə cinayət işi qaldırması da anlaşılmır. Çünki bu məsələdə hüquqi tərəf kimi Əbülfəz Elçibəyin ailəsi şikayətçi deyil. Burada məqsəd qarşıdan gələn prezident seçkisilə bağlıdır. Müxalifət düşərgəsində vahid namizəd məsələsi gündəmdədir və əsas namizədlərdən biri də AXCP sədri Əli Kərimlidir. Hakimiyyət Əli Kərimlinin namizədliyinin mümkünlüyünü görür və bundan narahatlıq keçirir. Əli Kərimlinin hakimiyyətə qarşı sərt çıxışları, birbaşa hakimiyyətin əməllərini açmağa yönələn bəyanatları onu hədəfə çevirib.
“Bu, ağılsızlığın ən yüksək həddidir”
Vəkil Aslan İsmayılov də məsələnin hüquqi tərəfinə diqqət çəkərək, prokurorluğun qanuna zidd hərəkət etdiyini deyir:
– Bu, biabırçılıqdır. Hafiz Hacıyevin kimliyi hamıya məlum olduğu halda, hakimiyyətin onun sözlərinə reaksiya verməsi məntiqsizlikdir. Neçə gündür ki, əli silahlılar sahibkarın zavoduna basqın edərək, özəl əmlakı ələ keçirməyə çalışır. Bunun qarşısını almaq üçün tədbir görülmədiyi halda, Hafiz Hacıyevin sözü ilə cinayət işi açılması absurddur. Bundan başqa, baş verənlər Elçibəyin ruhuna sayqısızlıqdır. Hakimiyyət eyni zamanda, bununla özünə qarşı da hörmətsizlik edir. Çünki bütün dünya bilir ki, Elçibəy nədən rəhmətə getdi. Elçibəy aylarla Türkiyənin ən müasir müalicə mərkəzlərində oldu. Nəyə görə bu müalicə müəssisələri Elçibəyin zəhərlənməsini müəyyən edə bilmədi, amma Hafiz Hacıyev müəyyən etdi? Seçki öncəsi bu məsələnin ortaya atılması və Əli Kərimlinin adının hallandırılması təsadüfi deyil. Bu, Əli Kərimlinin qəti mövqeyilə bağlıdır. Yəqin ki, analoji münasibət başqalarına qarşı da olacaq. Çünki bu, ağılsızlığın ən yüksək həddidir. Bundan o tərəfə artıq yol yoxdur.
Müxalifətə, o cümlədən Əli Kərimliyə qarşı növbəti çirkin kampaniya…
Hüquqşünas Müzəffər Baxışov Hafiz Hacıyevin gözlənilmədən belə bir iddia ilə çıxış etməsinin birbaşa Prezident Administrasiyasından koordinasiya edildiyini düşünür:
– Bu iddia ilə qeyri-ciddi imicə məxsus insanın çıxış etməsi söylənilənlərin həqiqətdən uzaq olduğuna işarədir. Digər tərəfdən prokurorluğun cinayət işi qaldırdığı 29,120.1 maddəsinin icra müddəti artıq keçib. Görün, bunlar nə qədər başlarını itiriblər ki, bu cür ciddi nüansı gözdən qaçırıblar. Bu isə ondan xəbər verir ki, burada siyasi məqsədlər var. Seçkiöncəsi kimlərisə hədəfə götürməyə çalışırlar. Məqsəd isə cəmiyyətdə ciddi nüfuzu olan Əli Kərimliyə, müxalifətə qarşı növbəti çirkin kampaniyaya başlamaqdır. Təəssüf ki, bu cür ikrah doğuran kampaniyaya prokurorluq vasitəçilik edir. Bu, bir daha göstərişin birbaşa Prezident Administrasiyasından gəldiyini sübut edir.
“Burada siyasi məqsəd güdülür”
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, cərəyan edən proseslərə cəmiyyətin sərt reaksiyası olarsa, rejim qarşısına qoyduğu məqsədə çatmayacaq:
– Əbülfəz Elçibəyin ailəsinin reaksiyası və belə bir iddianın kim tərəfindən ortaya atıldığı nəzərə alınarsa, əminliklə söyləmək olar ki, burada siyasi məqsəd güdülür. Fakt və sübut olmadan belə bir iddiada bulunmaq yalnız belə yozum etməyə imkan verir. Amma kampaniyaya qarşı elə reaksiya verilməlidir ki, hakimiyyət əks reaksiya ilə qarşılaşsın və məqsədinə nail olmasın.
“Pis adamdan xeyir görən, Tanrısından zərər görər”
Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli də hesab edir ki, Elçibəyin ölümü ilə bağlı hazırda belə bir kampaniyaya başlanması yalnız məkrli niyyətlərdən xəbər verir:
– Elçibəyin ailə üzvləri artıq bu məsələyə münasibət bildiriblər. Seçki ərəfəsində belə bir açıqlamanın verilməsi və Əli Kərimlinin adının bu məsələdə hallanması əlbəttə ki, təsadüfi deyil və şübhəsiz, xoş məqsədə xidmət etmir. Elçibəyin yaxınları və dostları onun xəstəliyi barədə məlumatlı idilər. Onun dünyasını nədən və necə dəyişdiyini də cəmiyyət çox gözəl bilir. Seçki ərəfəsində bəyin ölümü ilə bağlı məsələ çirkin məqsədlərlə ortaya atılıb. Xüsusilə bu iddia ilə çıxış edənin şəxsiyyəti bir daha bunu sübut edir. Bu adamın reputasiyası cəmiyyətə bəllidir. Əgər belə bir hal varsa və bu şəxs də 12 il susubsa, deməli, onun özünə qarşı cinayət işi qaldırılmalıdır. Elçibəyi sevən hər hansı şəxs belə bir iddia ilə çıxış etməzdi. Belə bir insanın xidmətindən istifadə etmək isə hazırkı hakimiyyətin mahiyyətindən irəli gəlir. Elçibəyin belə bir sözü var idi: “Pis adamdan xeyir görən, Tanrısından zərər görər”. Inşallah, hakimiyyət də bu ziyanı görəcək.
Əli Kərimliyə qarşı kampaniyanın davamı
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, bu tip iddianın gündəmə gəlməsi təsadüfi deyil və hakimiyyətin konkret məkirli niyyətlərindən xəbər verir:
– Burada iki istiqamət var. Hər iki istiqamət ölkənin iki tanınmış siyasi xadiminə ziyan vurmağa hesablanıb. Birinci istiqamət Milli Azadlıq Hərəkatının, bütövlükdə türk dünyasının lideri Əbülfəz Elçibəyə ziyan vurmaqdır. Bu addım Əbülfəz bəyin ruhuna hörmətsizlikdir. Əbülfəz Elçibəyin ailəsi buna qarşı artıq etirazını bildirib. İkinci istiqamət isə Azərbaycanın ən iri müxalifət partiyalarından birinin lideri, ölkə ictimaiyyəti arasında böyük nüfuza sahib olan, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd ola biləcək Əli Kərimliyə zərbə endirməkdir. Bu addım Əli Kərimliyə, onun yaxınlarına qarşı aparılan kampaniyanın bir növ davamıdır. Mən bu ittihamları irəli sürən adamın heç adını çəkmək istəmirəm. Bu şəxs 2010-cu ildə səsləndirdiyi ittihamlara görə müxalifət liderlərindən üzr istəyən şəxsdir. Azərbaycanda indiyə qədər kifayət qədər açılmamış cinayət işləri var. Onlara misal olaraq Elmar Hüseynovun, Rafiq Əliyevin qətllərini göstərmək olar. Elçibəyin ölümünə görə məsuliyyəti bu hakimiyyət daşıyır. Elçibəy vaxtı ilə müalicəyə getməyə pul tapa bilmirdi. Elçibəyin vaxtsız getməsinə görə günahkar olan dövlət qurumları əslində cavab verməlidir.
Əbülfəz Elçibəy Əli Kərimliyə oğlu kimi yanaşırdı
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun da fikrincə, həqiqətdən uzaq olan absurt iddiayaya reaksiya verməyə belə dəyməz:
– Bu bir cəfəngiyatdır və Azərbaycan cəmiyyəti də çox gözəl bilir ki, Hafiz Hacıyevin iddiaları ağ yalandır. Əbülfəz Elçibəyin ailəsi də bu məsələyə öz etirazını bildirib. Əli Kərimlinin bu məsələdə adının hallanması da yersizdir. Əbülfəz Elçibəy Əli Kərimlinin müəllimi, partiyasının sədri idi. Əbülfəz Elçibəy Əli Kərimliyə oğlu kimi yanaşırdı.
Əli Kərimlini bu kimi ittihamlarla sıradan çıxarmaq olmaz
Hüquq müdafiçisi İlqar İbrahimoğlu seçkiöncəsi belə bir məsələnin qaldırılmasını təxribat sayır:
– Bu iddia absurddur. Mahiyyətcə təxribatdir və hədəfi 2013-cü il seçkilərdir. Əli Kərimli Azərbaycan siyasətinin ən ciddi insanlarındandır və bu kimi anekdotik gülməli ittihamlarla sıradan çıxarılması mümkünsüzdür. Biz bunu pisləyirik və qınayırıq. Ümumilikdə bu avantürist və provokativ addım aykido effekti verib və daha da şiddətli zərbə ilə geri qayıtmağı daha real görsənir.
Ölkədə növbəti absurt yaşanır
Hüquq müdafiəçisi Eynulla Fətullayevın da fikrincə, H.Hacıyevin addımına ironiya ilə yanaşılmalı və o, ciddiyə alınmamalıdır:
– Bu məsələyə ciddi yanaşmağın tərfdarı deyiləm. Bir balaca da gülmək lazımdır. Biz ciddi münasibət bəsləyəndə, sanki onu ciddiləşdiririk. Ona görə bu iddiaya ironiya və sarkazımla münasibət bəsləmək gərəkdir. Çünki birincisi Hafiz Hacıyev ciddi bir insan deyil. Ciddi olmayan bir adamın fikirlərinə də ciddi yanaşmaq olmaz. Təəssüf edici haldır qeyri-ciddi insanın bayağı, açıq-aşkar siyasi qərəz nümayiş etdirən bəyanatı əsasında prokurorluq cinayət işi qaldırıb. Bu heç şübhəsiz ki, hüquqi nihilizmin göstəricisidir. Çünki bütün ölkə bilir ki, Elçibəy onkoloji xəstə idi. Bundan başqa bu anti-elmi bir ittihamdır. Çünki heç bir zəhərlənmə onkoloji xəstələnməyə gətirib çıxara bilməzdi. Yəni prokurorluq həm də anti-elmi bir qərar da qəbul edir. Elmdən xəbərsiz olan insan da bilir ki, zəhərlənmə onkoloji xəstələnməyə səbəb ola bilməz. Təəssüflər ki, ölkədə növbəti absurt yaşanır.
Xəyal