Pənah Hüseyn: “Əli Kərimlinin prezident seçkisində vahid namizəd olmasına münasibətim normaldır”
Tofiq Yaqublu: “Azərbaycanda müxalifətin vahid namizədi kimi də qəbul olunan iki şəxs var”
“Vahid namizəd məsələsi Ictimai Palatada müzakirə olunmur, gündəmdə də deyil. Ümumiyyətlə, müxalifətin vahid namizədi məsələsini vəziyyətə uyğun olmayan anlayış hesab edirik”.
Bunu APA-ya Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib. Ictimai Palatanın vahid namizədinin, müxalifətin vahid namizədi kimi anlaşıldığını söyləyən P.Hüseyn AXCP sədri Əli Kərimlinin müxalifətin formalaşdıracağı birliyin vahid namizədi olması ehtimalı haqda dediklərinə də münasibət bildirib. O deyib ki, Ə. Kərimlinin prezident seçkisində vahid namizəd olmasına münasibəti normaldır:”Çünki müxalifətdə bu gün adı çəkilən və çəkilməyən xeyli insan var ki, onların prezidentliyə namizəd olmaq ehtimalı var. Bu ehtimallardan biri də Əli Kərimlinin namizədliyidir”.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə deyib ki, Ictimai Palatada Əli Kərimlinin vahid namizəd olacağı ilə bağlı məsələ razılaşdırılmayıb:”Cəmiyyətdə belə bir gözlənti var ki, müxalifətin vahid namizədi Ictimai Palatadan olacaq. Burada da sözsüz ki, söhbət Isa Qəmbər və Əli Kərimlidən gedir. Hansısa digər şəxsin Ictimai Palatanın namizədi olacağı isə inandırıcı görünmür. Əli Kərimli də ehtimal haqda danışıb. Bu ehtimalı nəinki Əli Kərimli, hamı qəbul edir”. T.Yaqublu qeyd edib ki, Azərbaycanda müxalifətin vahid namizədi kimi də qəbul olunan iki şəxs var – Isa Qəmbər və Əli Kərimli:”Sözsüz ki, Müsavat Partiyasının namizədi olaraq, partiyanın başqanı Isa Qəmbəri görürük. Amma gələcəkdə məsələnin necə həll olunacağı prosesin gedişindən asılı olacaq”. Qeyd edək ki, AXCP sədri Əli Kərimli ötən gün mətbuata açıqlamasında müxalifətin namizədi olması şansının mümkünlüyü haqda danışıb: “Beləliklə vahid namizədin kimliyi barədə danışmaq istəmirəm, amma hər halda görünür, hökumət də ehtimal edir ki, həmin o böyük birliyin içindən həm də namizəd olaraq mənim çıxmaq ehtimalım var. Mənim belə bir ehtimalım var ki, bu böyük birliyin namizədi mən ola bilərəm”.