Bu, Əli Kərimliyə qarşı təxribatdır

Hüquq müdafiəçiləri Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı cinayət işi açılmasını hiddətlə qarşıladılar

Bakı Şəhər Prokurorluğunda mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsilə bağlı Hafiz Hacıyevin iddiası üzrə cinayət işi başlamasına tanınmış hüquq müdafiəçilərindən sərt təpki gəlib. Hüquq müdafiəçiləri bu tip iddianın qaldırılmasını və AXCP sədrinin danını bu işdən hallanmasını güclünc sayırlar.

Əli Kərimliyə qarşı kampaniyanın davamı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, bu tip iddianın gündəmə gəlməsi təsadüfi deyil və hakimiyyətin konkret məkirli niyyətlərindən xəbər verir:
– Burada iki istiqamət var. Hər iki istiqamət ölkənin iki tanınmış siyasi xadiminə ziyan vurmağa hesablanıb. Birinci istiqamət  Milli Azadlıq Hərəkatının, bütövlükdə türk dünyasının lideri Əbülfəz Elçibəyə ziyan vurmaqdır. Bu addım Əbülfəz bəyin ruhuna hörmətsizlikdir. Əbülfəz Elçibəyin ailəsi buna qarşı artıq etirazını bildirib. İkinci istiqamət isə Azərbaycanın ən iri müxalifət partiyalarından birinin lideri, ölkə ictimaiyyəti arasında böyük nüfuza sahib olan, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd ola biləcək Əli Kərimliyə zərbə endirməkdir. Bu addım Əli Kərimliyə, onun yaxınlarına qarşı aparılan kampaniyanın bir növ davamıdır. Mən bu ittihamları irəli sürən adamın heç adını çəkmək istəmirəm. Bu şəxs 2010-cu ildə səsləndirdiyi ittihamlara görə müxalifət liderlərindən üzr istəyən şəxsdir. Azərbaycanda indiyə qədər kifayət qədər açılmamış cinayət işləri var. Onlara misal olaraq Elmar Hüseynovun, Rafiq Əliyevin qətllərini göstərmək olar. Elçibəyin ölümünə görə məsuliyyəti bu hakimiyyət daşıyır. Elçibəy vaxtı ilə müalicəyə getməyə pul tapa bilmirdi. Elçibəyin vaxtsız getməsinə görə günahkar olan dövlət qurumları əslində cavab verməlidir.

Əbülfəz Elçibəy Əli Kərimliyə oğlu kimi yanaşırdı

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun da fikrincə, həqiqətdən uzaq olan absurt iddiayaya reaksiya verməyə belə dəyməz:
– Bu bir cəfəngiyatdır və Azərbaycan cəmiyyəti də çox gözəl bilir ki, Hafiz Hacıyevin iddiaları ağ yalandır. Əbülfəz Elçibəyin ailəsi də bu məsələyə öz etirazını bildirib. Əli Kərimlinin bu məsələdə adının hallanması da yersizdir. Əbülfəz Elçibəy Əli Kərimlinin müəllimi, partiyasının sədri idi. Əbülfəz Elçibəy Əli Kərimliyə oğlu kimi yanaşırdı.

Əli Kərimlini bu kimi ittihamlarla sıradan çıxarmaq olmaz

Hüquq müdafiçisi İlqar İbrahimoğlu seçkiöncəsi belə bir məsələnin qaldırılmasını təxribat sayır:
– Bu iddia absurddur. Mahiyyətcə təxribatdir və hədəfi 2013-cü il seçkilərdir. Əli Kərimli Azərbaycan siyasətinin ən ciddi insanlarındandır və bu kimi anekdotik gülməli ittihamlarla sıradan çıxarılması mümkünsüzdür. Biz bunu pisləyirik və qınayırıq. Ümumilikdə bu avantürist və provokativ addım aykido effekti verib və daha da şiddətli zərbə ilə geri qayıtmağı daha real görsənir.

Ölkədə növbəti absurt yaşanır

Hüquq müdafiəçisi Eynulla Fətullayevın da fikrincə, H.Hacıyevin addımına ironiya ilə yanaşılmalı və o, ciddiyə alınmamalıdır:
– Bu məsələyə ciddi yanaşmağın tərfdarı deyiləm. Bir balaca da gülmək lazımdır. Biz ciddi münasibət bəsləyəndə, sanki onu ciddiləşdiririk. Ona görə bu iddiaya ironiya və sarkazımla münasibət bəsləmək gərəkdir. Çünki birincisi Hafiz Hacıyev ciddi bir insan deyil. Ciddi olmayan bir adamın fikirlərinə də ciddi yanaşmaq olmaz. Təəssüf edici haldır qeyri-ciddi insanın bayağı, açıq-aşkar siyasi qərəz nümayiş etdirən bəyanatı əsasında prokurorluq cinayət işi qaldırıb. Bu heç şübhəsiz ki, hüquqi nihilizmin göstəricisidir. Çünki bütün ölkə bilir ki, Elçibəy onkoloji xəstə idi. Bundan başqa bu anti-elmi bir ittihamdır. Çünki heç bir zəhərlənmə onkoloji xəstələnməyə gətirib çıxara bilməzdi. Yəni prokurorluq həm də anti-elmi bir qərar da qəbul edir. Elmdən xəbərsiz olan insan da bilir ki, zəhərlənmə onkoloji xəstələnməyə səbəb ola bilməz. Təəssüflər ki, ölkədə növbəti absurt yaşanır.

Xəyal