“Yeni Azərbaycan” İbrahimbəyova yenə qara yaxdı

Eldar Namazov: “Üzr istəmək əvəzinə, palaz-palaz böhtan yazırlar”

“Yeni Azərbaycan” qəzeti Ziyalılar Forumunun üzvü, Azərbaycan Kinematoqrafçılar Ittifaqının sədri Rüstəm Ibrahimbəyovun əleyhinə yazmaqdan yorulmur. Qəzetin ötən sayında tanınmış kinorejissor yenə hədəfə tuş gəlib.
Bu dəfə “Yeni Azərbaycan”ın baş redaktoru özü qələmə sarılıb. Hikmət Babaoğlu R.Ibrahimbəyovu qaralamaq üçün nə az, nə çox düz bir səhifə həcmində müəllif yazısı yazıb. Yazıda R.Ibrahimbəyovun yaradıcılıqla yox, siyasətlə məşğul olmasından tutmuş, onun qaydalarını özü müəyyənləşdirdiyi oyunda uduzmasına qədər ən müxtəlif fikirlər və ittihamlar səsləndirilib. Yazının ən maraqlı yeri isə baş redaktorun R.Ibrahimbəyova etdiyi müraciətdir: “Heç olmasa, cəsarətli olub öz məğlubiyyətinizi etiraf edin, yaxşı, Allah xatirinə bunu etmirsinizsə, etməyin, kimsə tələb etmir ki, siz yeni yaradılmış Ittifaqa da xeyir-dua verəsiniz. Amma heç olmasa, sizinlə qalanları mənəvi terrora məruz qoymayın. Özünüzü məhkum etmək istədiyiniz bu siyasi Qolqofa onları da sürükləməyin. Onlar vur-tut adi insanlardır. Siz vaxtilə öz keçmiş şöhrətinizi onlarla bölüşmədiyiniz kimi, indi də onları sizin sürgün taleyinizi bölüşməyə məcbur etməyin. Buna sizin haqqınız yoxdur”. Göründüyü kimi, H.Babaoğlu R.Ibrahimbəyovun yanında olanların mənəvi terrora məruz qaldığını bilərəkdən və ya bilməyərəkdən etiraf etməli olub.  

Ziyalılar Forumunun üzvü Eldar Namazov hesab edir ki, bugünə qədər hakimiyyət mətbuatında Forum və onun üzvlərinin əleyhinə dərc edilmiş məqalələrdə zərrə qədər həqiqət və məntiq olmayıb: “Son aylarda hakimiyyət Rüstəm Ibrahimbəyova qarşı xeyli sayda bu cür yazılar təşkil edib. Elə ”Yeni Azərbaycan” qəzetində təxminən bir ay əvvəl Rüstəm Ibrahimbəyovun ünvanına ittihamların yer aldığı geniş bir məqalə dərc olunmuşdu. Həmin məqalə işıq üzü görəndən sonra Rüstəm Ibrahimbəyov özü təşəbbüs göstərərək mətbuat nümayəndələrindən ibarət komissiyanın yaradılmasına nail oldu. Həmin komissiya “Yeni Azərbaycan” qəzetindəki  məqalədə yer alan ittihamları bir-bir yoxlamalı idi. Rüstəm bəy “Azadlıq” qəzetinə də müraciət etdi. “Azadlıq” qəzeti sağ olsun ki, Rüstəm bəyin bu müraciətini qəbul etdi və əməkdaşlarını məqalədə əks olunan məqamları araşdırmağa səfərbər etdi. Kinematoqrafçılar Ittifaqı bütün lazımi sənədləri təqdim etdi. Toplanmış faktlar və sənədlər əsasında məlum oldu ki, “Yeni Azərbaycan” qəzetinin Rüstəm Ibrahimbəyova qarşı irəli sürdüyü ittihamların hamısı başdan-ayağa yalan və uydurmadır. Bütün bunlardan sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Rüstəm Ibrahimbəyovdan üzr istəmək, məhkəməyə vermədiyi üçün ona təşəkür etmək əvəzinə, yenidən şər-böhtan kampaniyasına başlayıb, palaz-palaz yazılar yazır”.
E.Namazovun sözlərinə görə, budəfəki palaz yazıda da bir dənə olsun fakt yoxdur: “Bir ay əvvəl guya fakt göstərdilər, ”Azadlıq” qəzetinin apardığı araşdırma bu faktları ifşa etdi. Ittihamların hamısı yalan çıxandan, mətbuatda başlatdıqları savaşdan məğlub çıxandan sonra yeni ittihamlarla çıxış etməyə ən azı, mənəvi haqları yox idi. Əvvəlcə bundan əvvəl yazdıqlarına görə üzr istəsinlər və aydınlıq gətirsinlər ki, ittihamlarla dolu yazıda niyə bir dənə olsun obyektiv fakt tapılmadı”.