Vidadi Isgəndərli manifesti

“Bir fakt demək istəyirəm. Mənim həbs olunmağım təxminən bir il anamdan gizlədildi. Mən həbs olunandan 8 gün sonra onun 85 illiyi idi. Indi 86 yaşı var. Eşidəndə məni həbs ediblər, yorğan-döşəyə düşüb. Indi Mirzə Sakitin, Qənimət Zahidin, Arif Hacılının taleyini mən də yaşaya bilərəm. Onun azad olunacağım müddətədək sağ qalacağı ehtimalı çox azdır. Bu şəraitdə mən əfv yazmadım. Bəlkə də kimlər üçünsə mən pis övlad olacam. Çünki bir parça sözün – əfv ərizəsinin ucbatından, ola bilsin ki, bu həyatda daha anamı görə bilməyim. Ancaq məni qınayanlar bilsinlər ki, bu bir parça əfv özümə, əqidəmə, dostlarıma, əqidə yoldaşlarıma, bəlkə cəmiyyətə də şərəfsizlik gətirə bilər”.
Vicdan məhbusu, hüquq müdafiəçisi, 2011-ci il avqustun 27-də üç ittiham üzrə (seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma; seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə; döymə.) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Vidadi Isgəndərlinin “Mediaforum”a verdiyi müsahibədən götürdüyüm bu parça günümüzdə pərakəndə şəkildə də olsa davam edən Azadlıq hərəkatının manifesti kimi səsləndi qulaqlarımda.
Bu kiçik parçanı azadlıq savaşçılarının mənəvi andı kimi də qəbul etmək olar. Bu sözlər bizim iztirablarımızın, yolumuza sevginin söz şəklidi. Bu sözlərdə ən böyük məşəqqətə belə dözərək öz sevgisinə xəyanət etməməyə çağırış var və bu sözlərdə hər şey o qədər aydın ifadə olunub, elə dəqiq göstərilib ki, artıq ən acı məqamda belə kimsəyə öz zəifliyinə haqq qazandırması üçün bir millimetr də yer saxlanmayıb.
Həyatda valideyn qədər doğma, cana, qana yaxın ikinci bir varlıq ola bilməz. Ən azı ona görə ki, başqasıyla əvəzlənməsi mümkün olmayan bir varlıq varsa, o da valideyndi. Mövcud rejim neçə-neçə siyasi məhbusu məhz bu zəif yerindən sınağa çəkib. Vidadi bəy müsahibəsində o şəxslərdən bir neçəsinin adını sadalayıb. Gerçəkdən sevdiyi valideynini itirməyənlər bəlkə də bunun nə demək olduğunu tam anlaya bilməzlər. Dünya əbədi olsaydı, deyərdim, keşkə heç vaxt da anlamasınlar – nə ata, nə ana acısı yaşasınlar. Heyf ki, belə deyil.
Vidadi bəy (mən ona ürək dolusu BƏY deyirəm!) müsahibəsində “ola bilsin ki, bu həyatda daha anamı görə bilməyim”,- deyir. Mən bu sözü deyərkən onun nələr çəkdiyini bilirəm. Bir daha deyirəm, bu ürək parçalayan hissləri yaşamayanlar incəliyinəcən duya bilməz bu sözün altında yatan acını. Mümkün deyil. Lakin bu da var ki, hətta bu gün o anasına (azadlığına) qovuşsa, anasını hər gün, hər saat görsə belə… sabah o məşum gün yetişəndə yenə də təəssüflənəcək ki, anasını ürəyi istəyən qədər görə bilmədi. Hətta ondan ayrı olduğu hansısa 5 dəqiqənin hesabını belə özünə soracaq, özünü yamanlayacaq, ama əli bir yana çatmayacaq. Adam hansısa bir gün valideynini tək qoyub, deyək ki, dostları ilə harasa getməyini belə, özünə bağışlaya bilmir və düşünür ki, sanki o gün valideyni ilə qalsaydı, ondan doyar, bu gün peşman-peşman başına vurmazdı.
Bu qədər acısı var valideyn itkisinin. Ama bu qədər təntənəli səslənən fikir də var: “Bəlkə də kimlər üçünsə mən pis övlad olacam. Ancaq məni qınayanlar bilsinlər ki, bu bir parça əfv özümə, əqidəmə … şərəfsizlik gətirə bilər”. Demək, dünyada valideyndən də üstün bir şey varmış… və təkcə insanlığa qarşı bu cür suçlarına görə bu rejimi bəşəriyyətin vicdan məhkəməsinə vermək olar.
Qoy azadlıq savaşı adlı yola çıxan hər kəs Vidadi bəyin bu müsahibəsini oxusun, papağını qənşərinə qoyub düşünsün və özünə bu sualı versin: “Mən bu savaşa hazırammı?..”.