Türmələrdə fırlanan böyük pullar

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Həbsxana böyük təsərrüfatdır. Mən həmişə dustaqlara deyirdim ki, Nazim Ələkbərov (Penitensiar Xidmətin bizim günlərə qədər gəlib çıxa bilməmiş rəisi) Azərbaycanda ən böyük quldardır. “Nədən?” soruşurdular.  Izah edirdim: “Dünyada hələ kapital münasibətləri yaranmayanda natural təsərrüfat vardı (Bunların da nə olduğunu səbrlə izah edirdim). Natural təsərrüfat bir çox əsrlər boyu davam edib. Bu təsərrüfatın ilkin çiçəklənmə dövrü bizim eradan əvvəl quldarlıq quruluşu zamanı olub (Təbii, dustaqların əksəriyyəti üçün ”bizim era” anlayışını da xırdalamaq lazım gəlirdi və tam məsuliyyətlə deyirəm, onların bir çoxu axıra qədər başa düşmədi ki, bu eranın nəyi bizimdir və niyə o biri era bizim deyil). O zaman bir quldarın var-dövlətinin həcmini hesablamaq üçün çox zaman onun qullarının sayını əsas götürürdülər. O zamanlar ən varlı quldarın bir-iki min qulu olardı. Bizim eradan əvvəlki I əsrdə yaşayan Krass zamanının ən iri quldarı sayılırdı, amma hətta onun da qullarının sayı bu qədər deyildi – Nazim Ələkbərovun 20 min nəfərdən artıq qulu var. O zaman Krass Suriyanın valisi idi və axırda suriyalılar üsyan edib Krassın başını kəsdilər, ağzını da əridilmiş qızılla doldurdular. Indi belə cəza üsulları yoxdur, amma Nazim Ələkbərovdan əvvəlki “UITI” rəisni işdən çıxarıb yaman günə qoydular. Təbii, əvvəlki rəisin ağzına qızıl əridib tökmək də heç kimin ağlına gəlməz, çünki indi vurulmuş adamların bütün əmlakına, sonuncu üzüyünə belə, “əl qoyub” ümumi kassaya daxil edirlər. Ələkbərovun başına nə gələcəyini də deyə bilmərəm, təkcə onu bilirəm ki, qul əməyi hesabına qazanılan sərvətlər halal deyil. Əlbəttə, mən Müqəddəs Iohann deyiləm, bura da Egeyin içərisindəki Patmos adası deyil ki, burada oturub “Apokalipsis”i yazdığımı iddia edim. Heç “srok”umuz da düz gəlmir: məni xuliqanlıqda ittiham ediblər, Müqəddəs Iohannı xristian ideyalarını yaymaqda (lap balaca bənzərlik var ki, mənim həbsimin kökündə də hansısa ideyaları yaymaq dayanır); mənə bizim eranın 2007-ci ilində dörd il həbs veriblər, amma ona bizim olmayan eranın 91-ci ilində beş il vermişdilər; mənim Bayılda yazdığım kitabı “şmon”çu Sərdar müsadirə etdi və Nazim Ələkbərovun əmri ilə məhv olundu, amma Iohannın zamanında nə Nazim Ələkbərov vardı, nə Sərdar, buna görə də “Apokalipsis” sonradan çap edildi. Müəyyən bənzərlik elementləri olsa da, fərq xüsusi iddiaların ola bilməyəcəyi qədər çoxdur.
Amma bu şəbəkənin nəhəng bir təsərrüfat olduğunu iddia edirəm: quldarlıq təsərrüfatı. Burada heç bir maya qoymadan və istehsal şəbəkəsi yaratmadan hər gün minlərlə quldan xeyir götürülür; pul xidmətə görə yox, xidmətsizliyə görə qazanılır. Əlbəttə, sabah Nazim Ələkbərovu da vəzifədən çıxarsalar və başqa vəzifəyə gətirsələr, həmin adam Azərbaycanın ən böyük quldarı olacaq. Aydındır ki, ölkəmizin ən böyük kapitalisti Ilham Əliyevdir. Onun Azərbaycan boyda obyekti var və hətta bizim bu həbsxanalar şəbəkəsi də ona haqq verir. Amma Ilham Əliyev kapitalistdir, o, iqtisadi formasiyanın bir qədər yüksək fazasında istismarla məşğuldur. Nazim Ələkbərov – dövrümüzün Krassı – isə heç bir haqqı və hüququ olmayan dustaq-qulların sahibidir və bu təsərrüfatdan da quldarlıq zamanının anlayışlarına uyğun olaraq qazanc əldə edir”.
Indi dustaqların arasında deyiləm, kapitalist Ilham Əliyevin obyektini işlədən və bu obyektin mövcudluğunu şərtləndirən insanların içindəyəm. Əlimin altında elektron-texniki vasitələr var və hesablamaq daha rahatdır.
Rəsmi məlumata görə, Azərbaycan həbsxanalarında 20 min (nəfərdən)dən artıq dustaq var. Onları “nəfər” adlandırmaq üçün tərəddüdlərim haqlıdır, çünki bu kontingentin heç bir hüququ yoxdur. Bu 20 minlik zümrənin hər birini saxlamaq üçün ayda 95-mi, 96-mı manat pul xərclənir. Qalan pullar həbsxanaların fiziki mövcudluğu naminə dağıdılır və o pulların dustaqlara heç bir aidiyyəti yoxdur. Hətta 100 manatdan hesablasaq, ölkədəki dustaqlara ayda 2 milyon, ildə isə 20 milyondan çox pul sərf olunur. Bu vəsaitin neçə faizinin dustaqlara gəlib çatmasını da şübhə altına qoymaq fikrim yoxdur.
Bu təsərrüfata nə Nazim Ələkbərov, nə də indiki rəis Mədət Quliyev (mən əvvəlki abzası yazıb bu birinə keçənə qədər Ələkbərovu işdən çıxartdılar) bir qəpik pul qoymur, əksinə, şübhə altına almaq istəmədiyim vəsaitin bir hissəsini istədiyi kimi “kitabdan-kitaba salır” (Mədət Quliyevlə personal qaydada heç işim yoxdur, çünki mən onun təsərrüfat məntiqinə bələd deyiləm). Amma 20 min dustaqdan hansı mədaxil əldə edilir? Yoxsa, əldə edilmir və mənim başım xarab olub?
Hər dustaq ayda bir dəfə görüşə çıxır – orta hesabla. Ona görə “orta hesabla” ki, Azərbaycan həbsxanalarında dustaqların 20 faizi cəza müddəti ərzində bir dəfə də görüşə çıxmır; 10 faizi cəza müddəti ərzində 2-3 dəfə, 10 faizi 2-3 ayda bir dəfə, 50 faizi hər həftə, 10 faizi isə həftədə iki dəfə görüşə çıxır. Ən kasıb “zon”larda görüş dustağa, minimumla götürsək, aşağıdakı xərclərə başa gəlir:
1. Görüşə gələnlərdən “şirinlik” – 10 manat;
2. Görüş otağında çay məsrəfi – 5 manat;
3. Görüşdən çıxmaqda olan dustaqdan – 10 manat;
4. Görüşdən çıxıb korpusuna gedən dustaqdan “DPNK”-ya – 5 manat;
5. Görüşdən çıxıb yataqxanaya gedən dustaqdan dəstə rəisinə – 5 manat;
6. Görüşdən çıxan dustaqdan nəzarətçilərə – 5 manat.
Deməli, görüşdən çıxan hər bir dustaqdan əldə edilən nəğd maliyyə vəsaitinin həcmi 40 manatdır. 20 min dustaq üçün bu məbləğ 800 min eləyir.
Azərbaycan həbsxanalarında ayda ortalama 2500-3000 kobud qayda pozuntusu olur. Bu qayda pozuntularını qeydə almamaq üçün hər bir pozuntu faktı üzrə orta hesabla 100 manat götürülür. 2500 qayda pozuntusu üzrə toplanılan bu vəsaitin həcmi 250 min manatdır.
Azərbaycan həbsxanalarında ayda təxminən 100 çox ciddi qayda pozuntusu qeydə alınmır. Buraya əsasən bu qayda pozuntuları daxildir: dustaqlarda mobil telefon, soyuq silah, narkotik maddə aşkarlanması, ciddi bədən xəsarətilə nəticələnən dava-dalaş faktları. Bu faktlar üzrə alınan rüşvətin məbləği 1000 manatdan 5000 manata qədər ola bilər. Biz orta hesabı götürək: 2500 manat. 100 hadisə üzrə 250 min manat.
Bu sadalanan nominasiyalar üzrə toplanan məbləğ 1 milyon 300 min manata çatdımı? Bunu yadınızda saxlayın, davam edək…
Azərbaycan həbsxanalarında hər ay minimal göstərici üzrə 300 nəfər “nümunəvi davranışa görə” daha yüngül rejimli kalona köçür: qapalı rejimdən ciddi recimə, ciddi rejimdən ümumi recimə, ümumi rejimdən açıq tipli cəzaçəkmə müəssisəsinə (komendaturaya) və ya cəzasının qalan hissəsindən azad edilərək, azadlığa. Təkrar edirəm, bu 300 nəfər gülməli görünə biləcək qədər minimumdur. Doğrudur, hərdən hansısa aylarda, hansısa müəmmalı səbəblərə görə bu proses dayanır, amma orta hesabı tam güvənclə bu qədər götürə bilərik. Rejimini dəyişən hər bir dustaqdan alınan minimal orta hesab məbləğini (1000 manatı) bu 300 nəfərə vuraq: 300 min manat!
Toplam məbləğ 1 milyon 600 min manat elədimi?

ardı var