c hesenli-yeni

“Ziyalılar Forumu Əli Kərimlinin yanında olacaq”

c hesenli-yeni“Elçibəyin adının belə murdar oyunlara bulaşdırılması tarixə, milli azadlıq ideyalarına ləkədir”

Cəmil Həsənli: “Elçibəyin ruhuna belə hörmətsiz münasibət bu işə qol qoyanların əxlaqi və mənəvi natamamlığının təzahürüdür”

Bakı Şəhər Prokurorluğunda mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi bağlı Hafiz Hacıyevin iddiası əsasında cinayət işi açılması ölkə ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanıb. İctimaiyyət bunu bir mənalı olaraq çirkin spekulyasiya sayaraq Elçibəyin ruhuna hörmətsizlik kimi qiymətləndirirlər.
Uzun illər Elçibəyin silahdaşı, ömrünün sonunadək onun müavini olmuş professor Cəmil Həsənli ilə də müsahibəmiz bu mövzuda oldu.

– Cəmil bəy, yəqin ki, Çağdaş Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəylə bağlı prokurorluq orqanlarının son açıqlamalarından məlumatlısınız?
– Bəli, bu barədə mətbuat materiallarından xəbər tutdum və düzünü deyim ki, dövlət orqanlarının, Azərbaycanda qanunçuluğun keşiyində durmalı olan prokurorluq orqanlarının belə mənasız işlə məşğul olcağını gözləmirdim.  
Bir çoxlarından fərqli olaraq Əbülfəz bəy şəffaf bir həyat yaşayıb və onun şərəfli həyatı hamının gözü qarşısında olub. İndi durub Əbülfəz bəyin həyatında müəmma axtarmaq, onun millətimiz üçün ucada dayanan adını, tarixi əməllərini siyasi spukulyasiya obyektinə çevirmək, bəyin işıqlı adından öz mənfəəti üçün ehtikarcasına istifadə etmək tamamilə yolverilməzdir. Millət üçün dəyər daşıyan bir insanın ruhuna belə hörmətsiz münasibət bu işə qol qoyanların
əxlaqi və mənəvi natamamlığının aydın təzahürüdür.

“Bu, prokurorluğun qanuna hörmətsizliyidir”

– Siz uzun müddət Əbülfəz bəyə çox yaxın olan adamlardan biri kimi onun son illərini necə xatırlayırsınız?
– Mən Əbülfəz bəylə 1970-ci ilin payızından, yəni Bakı Dövlət Universitetinə daxil olduqdan az sonra tanış olmuşam və onun bizim tanışlığımızı əhatə edən 30 illik cismani, 42 illik mənəvi həyatı tək yaddaşıma deyil, ruhuma da hopub. Bəy təkrarsız adam idi, min cür məkr və hiylə üzərində qurulmuş zəmanəmizdə onun kimi böyük bir əməl adamına rast gəlmək, şüurlu şəkildə özünü milli işə, millətə bütün varlığı ilə təslim edən ayrı birisini tanımıram. Haradasa, mənə elə gəlir ki, Əbülfəz bəy millətə təmənnasız xidmətinə görə XX əsrin əvvəllərində Azərbaycanı müstəqilliyə qovuşdurmuş sanbalı sayından böyük olan qurucu babaların layiqli varisi, qüdrətli dəstənin sonucu nümayəndəsi idi. Tale elə gətirib ki, mən uzun müddət bəyin yaxın əhatəsində olmuşam. Onun maraqlı söhbətlərini dinləmişəm, apardığı müzakirələrin iştirakçısı olmuşam. Bu yaxınlarda qeyd dəftərimi vərəqləyirdim. Əbülfəz bəylə apardığımız söhbətlərin tarixinə və saatına baxdım. Maraqlı qeydlər var orda. Məsələn, 1995-ci ilin iyun ayının 5-də, gecə saat 1:30-da Əbülfəz bəy deyir:”Quzey Azərbaycanda müstəqilliyinin möhkəmlənməsinə çalışmalıyıq, bütün qüvvəmizi bu müstəqilliyin davamlı olmasına yönəltməliyik, bu Güney Azərbaycanın gələcək müstəqilliyinin əsas şərtidir”. Yaxud həmin axşam gecə saat 2:00-da bəy bu məsələni belə yekunlaşdırır:”Mən həyatımın qalan hissəsini vahid Azərbaycan məsələsinə həsr edəcəyəm. Quzey Azərbaycanın məsələsi əsasən həll edilib. Güney Azərbaycan üçün çalıacağam. Əvvəlcə mənim planımda 1995-ci ildə bu işə başlamaq nəzərdə tutulmuşdu ki, heç olmasa vahid ruh yaransın”. Həmin axşam gecə saat 4:15-də Ermənistanla bağlı Əbülfəz bəy bu fikri söyləmişdi:”Ermənilər Qafqazda tarixi millət deyillər, biz tarixi millətik və bizim əzilməyimiz böyük etnoslara, imperialist güclərə sərf edir. Ermənistanın tarixi göstərir ki, rus imperiyası dağıldıqca Qafqazda erməni amili zəifləyəcək və tədricən təcavüzkar ermənini işbaz erməni əvəz edəcək”. Qeyd dəftərimdə həmin axşam söhbətin başa çatma vaxtına baxıram: səhərə yaxın saat 4:35. Və Əbülfəz bəylə belə görüşlərimiz, söhbətlərimiz kifayət qədər çox və davamlı olmuşdu. Hamısının da tarixi ilə, saatı ilə qeydləri var. İndi sual olunur: Hecə olur ki, bizimlə saatlarla, günlərlə, həftələrlə, aylarla və nəhayət, illərlə canlı, üzbəüz görüşən bütün məsələləri təfsilatı ilə müzakirə edən Əbülfzə bəy “zəhərlənməsi” haqda ciddi bir məsələni ən yaxşı halda bəyin köməkçisi ilə telefon əlaqəsi saxlamaq imkanına malik olan Hafiz Hacıyevə deyir?.  Bütün bunlar qeyri-ciddi söhbətlərdir, bəyin adından spekulyativ istifadə cəhdidir və prokurorluq orqanlarının belə bir qeyri-ciddi məsələyə rəsmi xarakter verməsi ən azından təəssüf doğuran bir addımdır və açığını desək qanuna hörmətsizlikdir.

“Belə murdar oyun Azərbaycan tarixinə bir ləkədir”

– Bu məsələ Əbülfəz bəyin ailə üzvləri tərəfindən də kəskin etirazla qarşılandı.
– Bilirsiniz, Əbülfəz bəy sıradan olan bir adam deyil. Burada söhbət onun milli tariximizə və taleyimizə işıq
tutan adından və əməllərindən gedir. Bu gün Azərbaycan hakimiyyətinin yuxarı eşalonuna xeyli sayda təsadüfü adamlar gedib çıxa biliblər. Tarixi ənənədən bixəbər və dövlətçilik şüurundan məhrum olan bu təsadüfü adamlar üçün müqəddəs bir şey yoxdur. Əbülfəz Elçibəyin bir çoxları, o cümlədən mənim üçün milli atribut səviyyəsində olan adının belə murdar oyunlara bulaşdırılması Azərbaycan tarixinə, milli azadlıq ideyalarına bir ləkədir. Bundan əlavə, Əbülfəz bəyin qanuni varisləri var. Bu ilk növbədə onun həyat yoldaşı, həddi buluğa çatmış oğlu, ailə həyatı qurmuş qızıdır. Bu adamlar və onların vəkalət verdiyi şəxslərdən başqa heç kim Əbülfəz bəyin adından hüquqi qaydada iddia qaldıra bilməz. Əslində, prokurorluq orqanları Əbülfəz bəyə heç aidiyyəti olmayan bir adamın onunla bağlı iddia xarakterli müraciətini qəbul etməklə çox ciddi səhvə, daha dəqiq desək qanunsuzluğa yol verib. Mətbuatdan da bəlli oldu ki, Bəyin ailə üzvləri onun adından belə ucuz məqsədlər üçün istifadə olunmasının əleyhinədirlər və müxtəlif dairələrin Əbülfəz bəyə münasibətdə bu cür hörmətsiz davranışlarından hiddətləniblər. Bütün bunlar inanın ki, çox iyrənc və ürək bulandırıcı şeylərdir. Bu adamların ağılı kəsmir ki, Əbülfəz bəy kimi adam haqında keçmiş zamanda danışmaq doğru deyil, o, bu günün dirilərindən daha diri, zənginliyi pul dağarcığında axtaranlardan daha varlı, öz əməlləri ilə yalnız keçmişimizə deyil, gələcəyimizə də işıq tutan
ideya adamıdır, ruh adamıdır, fikir adamıdır.

“Bu artıq məntiq yox, vicdan söhbətidir”

– Sizcə Bəylə bağlı bu söz-söhbətin indi ortaya atılması nə ilə bağlıdır?
– Əvvalə, Əbülfəz bəy iradəli, hətta mən deyərdim ki, öz xəstəliynə belə hörmətlə yanaşan adam idi. İkincisi, Bəy çox əxlaqlı adam idi və bəzən bu əxlaq məsələsi onun üçün müəyyənedici əhəmiyyət kəsb edirdi. Məlum dövrdə səhhətində yaranmış problemlərə etinasız münasibət, məhz, Əbülfəz bəy üçün müqəddəs sayılan əxlaq anlayışlarından irəli gəlirdi. Üçüncüsü, Əbülfəz bəy naməlum səbəbdən deyil, bəlli bir xəstəliyin müxtəlif mərhələlərini yaşamaqla dünyasını  dəyişib və dünyanın “Gülhanə” adlı böyük bir tibb mərkəzində hər şey sənədləşib. Dəfələrlə müayinə olunub, analizlər verilib, hətta bu analizlərə görə xəstəliyin başlama tarixi və gedişi çox dəqiq şəkildə müəyyənləşdirilib. Həmin vaxt indi üzərindən 12 il keçndən sonra siyasi mülahizələrlə uydurulan bu “zəhərlənmə” faktı ilə bağlı nə onun ailə üzvlərinə, nə yaxınlarına bir şey deyilməyib. Onun sədaqətli köməkçiləri kimi Oktay Qasımov və Əli Mürsəloğlu demək olar ki, həyatlarının son 10 ilini Bəylə birgə keçiriblər, “Gülhanə”də də Bəyə son vəfa borclarını böyük səmimiyyətlə icra ediblər. Necə oldu ki, bəy həyatını təhlükə altında qoyacaq “zəhərlənmə” faktını bu adamlarla bölüşmür, amma  bu adamlarla təsadüfü əlaqə saxlayan Hafiz Hacıyevlə bölüşür. Göründüyü kimi, bu artıq məntiq söhbəti deyil, vicdan söhbətidir. Əgər bəzi adamlarda ondan əsər-əlamət qalıbsa.

“Əli Kərimli bu iyrənc niyyətləri də puça çıxaracaq”

– Niyə məhz hədəf kimi Əli Kərimli seçilib?
– Hakimiyyət Əli Kərimlini siyasi mübarizədən çəkindirməyin, onu zəifətməyin və siyasi səhnədən sıxışdırıb çıxarmağın müxtəlif yollarına əl atır. Hətta bu istiqamətdə müxtəlif əxlaqsız əməllərə belə əl atmaqdan çəkinmirlər. Yeddi ildir aparıcı müxalifət partiyasının qərargahı əlindən alınıb, bunun müqabilində ölkəmizdə demokratik mühitin yaradıldığından dəm vururlar. Yeddi ildir saxta ittihamla aparıcı müxalifət partiyasının sədri kimi Əli Kərimliyə xarici pasport verilmir. Nə vaxtsa, bildiyimə görə, 1994-cü ildə Əli bəyə bir cinayət işi açılıb və indiyə qədər bunu bəhanə edərək Azərbaycan vətəndaşını vətandaşlığın rəsmi sənədi kimi pasportdan məhrum edirlər. Bütün hallarda əgər bu “cinayət” var idisə vaxtında bunun “cəzası” çəkilməli, yox idisə ona xitam verilməli idi. Halbuki, bu “cinayət”dən sonra Əli Kərimli müvafiq qaydada daxili işlər orqanlarından ümumvətəndaş pasportu alıb və ondan beş il istifadə edib. Əli Kərimliyə belə münasibət hakimiyyətə gercək müxalif olan aparıcı bir partiyanın liderinə qarşı zorakılıq aktıdır, Azərbaycan qanunlarının kobud şəkildə tapdanması, dövlətin imkanlarından öz əleyhdarlarına qarşı istifadə cəhdidir.  Hakimiyyətdə təmsil olunan müxtəlif dairələr dəfələrlə Əli Kərimliyə qarşı ən iyrənc üsullara əl atıblar. Lakin elə bir ciddi nəticəyə nail ola bilməyiblər. Bu gün də hakimiyyətə qarşı mübarizənin önündə İctimayi Palata gedir, onun rəhbər heyətində təmsil olunan Əli Kərimli gedir. İndi bu dairələr məlum planları ilə, əslində, Əbülfəz bəyin uydurma “zəhərlənmə” faktını aydınlaşdırmaq məramından daha çox seçki öncəsi siyasi mühiti zəhərləmək məqsədi güdürlər. Əminəm ki, Əli bəy ona qarşı yönəlmiş bu iyrənc niyyətləri puça çıxaracaq və demokratik dəyişiklik uğrunda öz dönməz mübaizəsini davam etdirəcəkdir.

“Ziyalılar Forumu Əli Kərimlinin yanında olacaq”

– Ziyalılar Forumu yəqin ki, milli-mənəvi dəyərlərimizə qarşı yönəlmiş belə hallara qarşı öz sözünü deyəcəkdir?
– Bizim üçün Əbülfəz Elçibəy bir lider, bir prezident olmaqdan əlavə XX əsrin böyük bir ziyalısı, bir fikir adamı idi. Ona görə Ziyalı Forumu ona qarşı yönəlmiş bu iyrənc oyuna qarşı öz sözünü deyəcək və Əbülfəz bəyin təmiz adının qorunmasını özünün şərəf məsələsi hesab edəcək. Düzünü deyim ki, bu uğursuz kampaniya Əli bəyə qarşı deyil, hətta, adi bir vətəndaşımıza qarşı baş versəydi də, biz onu müdafiə edəcəkdik. Şübhəziz ki, biz Ziyalı Forumu olaraq bu məsələdə Əli Kərimlinin yanında olacağıq və ona qarşı yönəlmiş heç bir əsası olmayan bu iddiaların ifşa olunması istiqamətində öz yardımımızı göstərəcəyik.        

Vidadi