“Cəmiyyət də bilsin ki, Azərbaycan ordusuna kimlər qara yaxmaq istəyir”
“Eldar Sabiroğlu sifarişçilərdən danışırsa, qoy, ad çəksin. Cəmiyyət də bilsin ki, Azərbaycan ordusuna kimlər qara yaxmaq istəyir”.
Bunu, hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun bəzi hərbi ekspertləri sifarişlə işləməkdə günahlandırmasına münasibət bildirərkən deyib. Qeyd edək ki, E.Sabiroğlu həmin ekspertləri orduda baş verənləri təhrif etməkdə və cəmiyyətə yalan, şişirdilmiş məlumatlar ötürməkdə ittiham etmişdi.
Ü.Cəfərov isə hesab edir ki, E.Sabiroğlunun məqsədi ordunun tənqidi ilə məşğul olanları günahlandırmaq olub: “Bir vaxtlar mənə qarşı da belə ittiham var idi ki, guya mən hansısa sifarişi yerinə yetirirəm. Əslində burada heç bir sifariş yoxdur. Həmin ekspertlərin özləri də buna cavab veriblər ki, söhbət, ancaq sosial sifarişdən gedə bilər.
Mən kimisə müdafiə, kimisə tənqid etmək fikrində deyiləm. Amma o fikirlə razıyam ki, bir sıra hallarda Müdafiə Nazirliyinin mətbuat xidməti hadisələrə vaxtında qiymət vermir, gecikir. Hadisələrə vaxtında qiymət verməyəndə də cəmiyyətdə müxtəlif şayiələr, yanlış xəbərlər yayılır. Sonra da onu aradan qaldırmaq çətin olur”.
Ü.Cəfərov hesab edir ki, Müdafiə Nazirliyi orduda baş verənlərlə bağlı mətbuata vaxtında məlumat versəydi, bu cür qarşıdurmalar da yaranmazdı.