“Baku Steel Company”-nin əməlləri DİN-nin xüsusi nəzarətinə götürülüb
Bu gün səhər saat 10 radələrində Rövşən Zülfüqarlı Bakı Şəhər Prokurorluğunda olub. O, Keşlə qəsəbəsində yerləşən “Birlik” MMC-yə məxsus zavoda son dörd gündə olan basqınlarla və Zülfüqarlı qardaşlarına edilən ölüm təhdidiylə bağlı izahat verib.
Prokurorluqda R.Zülfüqarlıya bildiriblər ki, baş verənlərlə bağlı cinayət işi başlanılıb, məsələ Daxili İşlər Nazirliyinin xüsusi nəzarətinə götürülüb. R.Zülfüqarlı Bakı Şəhər Prokurorluğunda olandan sonra mətbuata açıqlama verərək deyib ki, hüquq mühafizə orqanlarına güvənir: “Məndə ümid yarandı ki, zavoda basqın edən şəxslər və onlara rəhbərlik edənlər tezliklə cəzalandırılacaqlar”.
***
Zülfüqarlı qardaşlarının Keşlə qəsəbəsində yerləşən “Birlik” MMC adlı özəl metal zavodu ətrafında gərginlik səngimir. Bununla artıq dördüncü gündür ki, zavodun fəhlələri evlərinə getmirlər. Hər an “Baku Steel Company”nin muzdlu qoçu dəstələrinin hücumu ola bilər. Bir neçə dəfə ölkə metallurgiyasının flaqmanı sayılan “Baku Steel Company”nin təşkil etdiyi muzdlu qolu zorlular “Birlik”ə basqın etmək istəyiblər. Ancaq Zülfüqarlı qardaşlarının zavodunda çalışanlar bunun qarşısını alıblar.
“Məqsədləri metaləritmə sahəsində inhisar yaratmaqdır”
Avqustun 17-dən 18-nə keçən gecə sözgedən zavoda yenidən basqın edilməsi planı vardı. Məlumatı alan kimi hadisə yerinə yollandıq. Biz orada olanda zavodun rəhbəri Rövşən Zülfüqarlı artıq müəssisənin qarşısında idilər. Təxminən 100-ə yaxın fəhlə də orada toplaşıb çağırılmamış qonağı gözləyirdilər.
R.Zülfüqarlı “Azadlıq”a açıqlamasında bildirdi ki, gecə saat 1-2 radələrində zavoda basqın ediləcəyi ilə bağlı məlumat alıb: “Dərhal bura gəldim. Zavodun bütün fəhlələri burdadır. Düzdür, neçə gündür ki, onlar heç evə də getmirlər. Mən bir zavod rəhbəri kimi dəfələrlə onların istirahət etmələrini demişəm, ancaq razı deyillər. Deyirlər ki, yeganə iş yerimiz buradır və öz haqqımızı qorumaq üçün sona qədər mübarizə aparacağıq”.
R.Zülfüqarlı hər şeyin qanun çərçivəsində olmasının tərəfdarı olduğunu dilə gətirir: “Dünən qardaşlarımı ölümlə hədələyiblər. Deyiblər ki, mediaya danışsanız qardaşlarınızın hamısını güllələyəcəyik. Biz bununla bağlı müvafiq qurumlara müraciət etmişik. Ümid edirik ki, laızmı ölçü götürəcəklər. Həm də bizim təhlükəsizliyimiz təmin olunacaq. Bundan əvvəl isə Rasim Məmmədov mətbuata açıqlama verib demişdi ki, guya bizim ona 9 milyon manat borcumuz var. Hardan çıxdı bu pul? Borcumuz varsa məhkəməyə niyə müraciət eləmir, üstümüzə günə 20 manatlıq tutduğu muzdlu dəstə göndərir? Bizim “Baku Steel Company”lə heç bir münasibətimiz yoxdur, onlarla işləmirik ki, borcumuzda olsun”.
Zavod rəhbəri deyir ki,”Baku Steel Company”nin muzdlu qoçuları son dörd gündə beş-altı dəfə bura hücum etmək istəyiblər: “Bağlatdırdıqları 20-yə yaxın müəssisə kimi buranı da bağalamaq istəyirlər. Məqsədləri budur ki, ölkədə metaləritmə sahəsində inhisar yaratsınlar. Biz isə qanun çərçivəsində fəaliyyət göstəririk.
102-yə edilən nəticəsiz 102 zəng
Biz orada olanda basıqn etmək istəyində bulunan şəxslərin maşınları zavodun ətrafında var gəl edirdi. Ancaq nədənsə basqın baş tutmurdu. Bu ya zavodda çoxlu sayda fəhlə olduğuna görə böyük qarşıdurmanın yaranacağından ehtiyatlanmaq idi, ya da “yuxarıdan lazımı tapşırıq gəlməmişdi.
Ola biləcək basqınla bağlı Rövşən Zülfüqarlı və zavodun başqa işçiləri dəfələrlə 102 xidmətinə zəng etsələr də, edilən müraciətlər qeydə alınsa da bir polis maşını belə hadisə yerinə gəlmədi.
Fəhlələrsə zavodun içərisində var-gəl edərək elə ayaqüstə yuxulayırdılar. Onalr evlərinə getmək fikrində deyillər: “Bura bizim iş yerimiz, bir tikə çörək qazanmaq üçün üz tutğumuz ünvandı. Harada gedək işləyək? Ən sonuncu iş fəhləlikdi. Başqa iş olmadığı üçün zavoda gəlib işləyirik. Hökumət bizdən bu işi də alırsa onda biz nə etməliyik? Oğurluq, quldurluq etməliyik? Dörd gündür yatmırıq. Bütün planlarımızı alt-üst ediblər. İş olmadığı üçün çörəkdə yoxdur. Bəzilər evlərinə utandığından getmir. Bir çoxumuz isə zavodu itirməmək üçün sona qədər mübarizə aparmağı düşünürük”.
Fəhlənin ürəyi getdi
Qaranlıqda bir fəhlənin yerə uzandığını diqqətimizi cəlb etdi. Öncə yorulduğu üçün küləkli havada çəmənliyə pənah apardığını zənn etdik. Ancaq yaxınlaşanda gördük ki, ürəyi gedib. Fəhlələr haraya gəlib tez bir zamanda iş yoldaşlarına kömək etdilər. Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşlarını zavoda dəvət etdilər. TTYS gəlincə işçilər özləri dərman suyla həmkarı Zahid Hüseynov ilkin yardım göstərildi. Bir saatdan sonra gəlib çıxan TTYS-in briqadası fəhləni müayinə etdi. Məlum oldu ki, Zahid Hüseynov yuxusuzluqdan və yorğunluqdan bu hala düşüb. Həkim ona evə getməyi məsləhət görsə də fəhlə “mənim evim elə buradır” deyib durdu.
Zahid Hüseynov “Azadlıq”a açıqlamasında bildirdi ki, dörd gündür yuxusuz və yorğundur: “İmkan vermirlər ki, işləyək. Bu dörd gün ərzində bir neçə dəfə bura basqın etmək istəyiblər. Sadəcə burada çox olduğumuza görə hələlik hücumlar nəticə vermir. Ailəmiz 7 nəfərdən ibarətdir. Evə çörək gətirən təkcə mənəm. 55 yaşım var, bu yaşda ürək ağrılarım var. Bir iş yerə tapmışıq onu da bizə çox görürlər”.
Z.Hüseynov həkimin nə deməsindən asılı olmayaraq zavoddan heç yerə getməyəcəyini söylədi, hətta o zavod rəhbərliyini də eşitmədi: “Mənim evim buradı, hamı kimi mən də burada qalıb haqqımı tələb edəcəm”.
***
Təxminən saat 5 radələrində “Baku Steel Company”nin dəstəsinin zavodu pusan qolu zorluları oranı tərk etdi…
Bizi izləyin…
Ramin DEKO