İP-dən hakimiyyətin “zəhərləmə əməliyyatı”na sərt təpki

“Əli Kərimli indiki iqtidarın ən çox çəkindiyi müxalifət liderlərindən olaraq ən kəskin  şəkildə siyasi təqiblərin hədəfindədir”

Ictimai Palatanın Koordinasiya Şurası dünən növbədən kənar toplantı keçirib. Toplantıda Bakı Şəhər Prokurorluğunda mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Hafiz Hacıyevin iddialarına əsasən cinayət işinin başlanması müzakirə olunub və bu olayla bağlı bəyanat qəbul edilib. Bəyanatı oxucuların diqqətinə çatdırırıq:
“Ictimai Palata ölkə mətbuatında Baş prokurorluğun eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi faktı üzrə cinayət işi başlandığı barədə məllumatı ilə bağlı aşağdakıları ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilir.
IP Azərbaycan milli azadlıq və demokratik hərəkatının lideri, eks- prezident Ə. Elçibəyin ölümü üzərindən siyasi məqsədli spekulyasiyalar edilməsini mənəviyyatsız və əxlaqsız hərəkətlər hesab edir və bunu pisləyir. Bu şəkildə uçuz və ləyaqətsiz şou Azərbaycan xalqının milli lideri və görkəmli tarixi şəxsiyyət olan Elçibəyin ruhuna hörmətsizlik və təhqiramiz təcavüzdür.
IP xatırladır ki, Ə.Elçibəy uzun müddət ölkəni tərk edə biməsinə və müalicə olunmasına törədilən əngəllər üzündən müalicə oluna bilməmişdi. Məhz bu məsələdə rolu olan indiki iqtidar yetkililərinin mövqeyi nəticəsində eks-prezidentin xəstəliyi inkişaf etmiş və bu baxımdan Elçibəyin vaxtsız ölümünün təqsiri onun müalicəsini əngəlliyənlərin vicdanında   qalır.
Bu barədə hamıya məlum olan həqiqət ortada olduğu halda Azərbaycan prokurorluğunun müxalifət liderlərinə, o cümlədən AXCP sədri Əli Kərimliyə qarşı uzun müddətdən bəri davamlı şəkildə normal düşüncəyə malik heç kəsin ciddiyə almadığı, gülünc, gülüş obyekti olan qərəzli, səviyyəsiz böhtan və təhqirlərlə çıxış edən bədnam Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyi Əli Kərimlinin zəhərləməsi barədə sərsəm, absurd, heç bir fakta söykənməyən müraciətini əsas kimi qəbul edərək cinayət işi başlaması hüquq və qanun adına rüsvayçı hadisədir.
IP diqqəti ona cəlb edir ki, Əli Kərimli Azərbaycn milli demokratik hərakatında Əbülfəz Elçibəyin ən çox etimad göstərdiyi yaxın silahdaşlarından biri olmuş, onun tərəfindən AR dövlət katibi və AXCP sədrinin birinci müavini vəzifələrinə təyin edilmişdi.
Eyni zamanda Əli Kərimli hazırda Rəsulzadə – Elçibəy platformasında duran milli-demokratik düşərgənin əsas liderlərindən sayılır və indiki iqtidarın 2013-cü il seçkiləri ərəfəsində əsas siyasi rəqiblərindən biri kimi qəbul edilir. Bu bir faktdır ki, Ə.Kərimli indiki iqtidarın ən çox çəkindiyi müxalifət liderlərindən olaraq ən kəskin   şəkildə siyasi təqiblərin hədəfindədir. IP  xatırladır ki, Əli Kərimli haqqında 18 ildir ki, davam etdirilən qondarma cinayət işi xitam edilməmiş qalır. Ona heç bir izahat olmadan ümümvətandaş pasportu verilməməsi üzündən ölkəni tərk etməsinə qadağa qoyulmuşdur. Iqtidar mətbuatı və muzdlu qaraguruh, mütamadi olaraq Əli Kərimlinin, onun ailə üzvlərinin üzərinə dövlət orqanlarının əli ilə fiziki, psixoloji hücumlar təşkil edir. Hazırda ağır xəstə olan    yaxın qohumu Elnur Seyidov həbs edilərək girov kimi ona görə həbsdə saxlanır ki, Ə.Kərimliyə əlavə təzyiq edilsin. Odur ki, IP qəti şəkildə əmindir ki, Hafiz Hacıyevin məlum bədnam  müraciəti də bu hücumların növbəti aktı, davamıdır və birbaşa ən yüksək siyasisəviyyədə sanksiyalaşdırılmış və sifariş edilmişdir.
Öz siyasi opponenetlərinə qarşı bu səviyyəli mübarizə aparması, bu cür metodlardan istifadə edilməsi Azərbaycan iqtidarının hansı miskin və rəzil vəziyyətə düşdüyünü göstərir. Ictimai Palata hesab edir ki, Hafiz Hacıyevin ümidinə qalmış bir iqtidarın gələcəyi ola bilməz və bu biabırçılıq həmin iqtidarın süqutunun göstəricisidir.
IP hesab edir ki, prokurorluğun Əbülfəz Elçibəyin zəhərlənməsi deyilən cinayət işi bütövlükdə Azərbaycan müxalifətinə və demokratik düşərgəsinə qarşı təxribatdır. Bu təxribat vasitəsi ilə iqtidar gündəmi dəyişmək, diqqəti ölkənin sərvətlərinin oğurlayıb mənimsənilməsi, milli sərvətlərin (məsələn, Çovdar qızıl yatağının) ələ keçirməsi, 48 milyard dollar vəsaitin oğurlanaraq offşor zonalarına çıxarılması  kimi faktlardan diqqəti yayındırmaq məqsədi daşıyır. Bu yolla iqtidar 2013-cü il seçkiləri ilə əlaqədar düşdüyü çətin vəziyyətdən canını qurtarmaq, potensial rəqiblərini neytrallaşdırmaq, demokratik düşərgəni strateji hədəflərindən yayındırmaq istəyir.
IP qəti şəkildə inanır  ki, artıq perspektivini itirmiş hakimiyyətin planları baş tutmayacaq və haqqında danışılan bu cinayət işi tarixdə hüquqi məzhəkə nümunəsi kimi qalacaqdır.
IP bütün vicdanlı ictimaiyyəti öz mövqeyini ifadə etməyə və sağlam düşüncənin , şərəf və ləyaqətin tərəfində durmağa çağırır”.