vidadi mirkamal

“Ölkə barıt çəlləyinə dönüb”

vidadi mirkamal“Bunlara məmur-oliqarx yox, məmur-quldur demək lazımdır”

Vidadi Mirkamal: “Ölkəni prezidentin idarə etdiyi faktiki hiss olunmur”

“Azadlıq” qəzetinin suallarını Ictimai Palata Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamal cavablandırır:

– Vidadi bəy, hələ də hakimiyyətin ölkədən offşor zonlara çıxardığı 48 milyard vəsait mətbuatın diqqət mərkəzindədir. Amma bununla bağlı rəsmi hesabat verilmədi. Sizcə, hüquqi müstəvidə vətəndaş cəmiyyəti izahatın alınması üçün hansı addımları ata bilər?
– Azərbaycan Konstitusiya və qanunlarla idarə olunan cəmiyyət deyil. Azərbaycanda idarəçilik mafioz struktura malikdir. Dövlətə xidmət edənlər nə seçki ilə, nə də qanunla təyin olunan şəxslərdir. Bunlar mafioz qanunlarına əsasən təyin olunublar. Yəni bir tayfa hakimiyyəti ələ alıb və özü ətrafında da dövlət strukturlarını formalaşdırıb. Mafiya olan ölkələrdə, məsələn, Italiyada, mafiya ilə dövlətin sərhədləri aydın görünür. Harda dövlətin sərhədi bitirsə, orada mafiya başlayır. Azərbaycanda isə mafiya ilə dövlətin sərhədləri yoxdur. Çünki mafiya dövlətin içərisindədir. Azərbaycanda mafiya hakimiyyəti quran şəxslər vətəndaş cəmiyyətini zəiflədiblər və onun inkişaf etməsinə imkan yaratmırlar. Azərbaycan tipli ölkələrdə 48 milyardı offşor zonaya çıxarmaq böyük hadisə olmur. Normal, qanunların işlədiyi dövlətlərdə Azərbaycanda baş verən olay böyük qalmaqala və istefalara səbəb olur. Eyni zamanda bunun böyük hadisəyə çevrilməsinə normal vətəndaş cəmiyyətinin və aktiv siyasətə meyilli xalqın olması şərait yaradır. Azərbaycanda isə bu komponentlərin heç biri yoxdur. Hakimiyyətdə mafioz qüvvələrdir, xalq həddindən artıq passivləşdirilib və vətəndaş cəmiyyətini inkişaf etməyə qoymurlar. Ölkədə mübarizə aparan bir neçə təşkilat var. Ictimai Palatada toplaşan həmin partiyaların gücü ona çatır ki, bu məsələləri ictimailəşdirib xalqın nəzərinə çatdırsınlar. Belə ölkələrdə hakimiyyətin bu tip qanunsuzluqları ilə beynəlxalq məhkəməyə vermək mümkün deyil. Bunun hüquqi yollarını da mafioz qrup bağlayıb. Azərbaycan xalqını bunlar qapalı formada idarə edirlər. Buna qarşı mübarizənin yolu cəmiyyəti aktivləşdirməkdir. Bundan başqa, partiyaların fəaliyyətinə Azərbaycanda baxış yanlışdır. Çünki kütləvi etiraz aksiyası təyin olunanda həmin partiyalar yalnız öz qüvvələrinə arxayın olmalı olurlar. Aksiyada AXCP-nin, Müsavatın və digər partiyaların minlərlə üzvü iştirak edir. Halbuki partiyaların tərəfdarları aksiyanın avanqardı olmalı və xalq kütlələri aksiyanın sıralarını genişləndirməlidir. Ona görə partiyalar da xalqla təmaslarını daha da artırmalıdırlar. Biz hələ tam formada cəmiyyətdəki narazı elktoratı səfərbər edə bilməmişik.

Gələn həftə ordudakı vəziyyət müzakirə olunacaq

– Hazırda ordu ilə bağlı həyəcanlı xəbərlər gəlir. Bir qrup hərbçi-ekspert Ictimai Palatanı orduda baş verənlərə biganəlikdə qınayır. Bu istiaqəmdə müzakirə planlaşdırırsınız?
– Orduda vəziyyət acınacaqlıdır. Müharibə olmasa da dinc dövrdə itkilərimiz kifayət qədər çoxdur. Cənubi Qafqazda ən böyük hərbi büdcə Azərbaycandadır. Amma kim təminat verə bilər ki, hərbiyə ayrılan büdcə təyinatı üzrə xərclənir. Təəssüf ki, əsgərlərimizin vəziyyəti pisdir, əksər zabitlərimiz rüşvətə qurşanıb. Ona görə də ailə həm orduya əsgər, həm də onun ardınca yemək, pul, danışıq kartı göndərir. Belə bir ölkədə hərbin gücündən danışmaq, əlbəttə, çətindir. Ona görə orduda qeyri-qanuni hadisələr baş verir. Bundan başqa, belə bir ordu ilə Qarabağı almaq da mümkün deyil. Ictimai Palata hələ yazda təşkilatın növbəti müddət üçün qrafikini müəyyən edəndə hərbidəki vəziyyətin müzakirəsini gündəliyə salmışdıq. Gələn həftə ordudakı məsələrlə bağlı dinləmələr olacaq. Düşünürəm ki, bu dinləmələrdə ordudakı vəziyyət kəskin qoyulmalıdır. Müdafiə naziri heç kimi saymır. Çünki o, gücü yuxarıdan alır. Tənqidlər çoxaldıqca ordudakı özbaşnalıqlar azalmaq əvəzinə daha da artır.

– Son günlər daha bir məsələ mətbuatın gündəmindədir. Son bir ayda 4 metal zavoduna basqın edilib və bu özbaşnalıq hələ də sürməkdədir. Hüquq-mühafizə orqanları isə prosesi yalnız seyr etməklə məşğulddur?
– Bu bir daha Azərbaycanda normal dövlət qurluşunun  olmadığını göstərir. Azərbaycanda mafioz hakimiyyət var. Hakimiyyətdəkilərə tez-tez məmur-oliqarx deyirlər. Onlara məmur-quldur demək lazımdır. Oliqarx öz bacarığı, qabiliyyəti hesabına var-dövlət qazanmış şəxsə deyirlər. Bunlar isə hakimiyyətdə olmaqlarından sui-istifadə edərək bütün qüvvələri əzirlər. Son məlumatlara görə, Azərbaycanda 4500 müəssisə bağlanıb, 2000-nə yaxın təşkilat Azərbaycandan gedib. Azərbaycanda normal işləmək üçün mütləq gərək hansısa məmur-quldurun kölgəsi altında olasan. Bundan başqa, hər məmur Azərbaycanın müəyyən bölgəsinə tam nəzarət edir və özləri üçün quldur dəstələri saxlayırlar. Kütləvi aksiyalar dağıdılan zaman aksiyalarda polisdən çox mülki geyimlilər olur. Onlar məmur-quldurların qanunsuz saxladığı silahlı dəstələrdir. Bu isə o deməkdir ki, Azərbaycanda dövlətdən kənarda olan xeyli sayda Hacı Məmmədovun dəstəsinə oxşar silahlı quldur dəstələri var. Belə olan halda isə onlar, yuxarılardan xeyir-dua aldıqdan sonra quldur dəstəsinin vasitəsilə başqalarının əmlakını ələ keçirirlər. Azərbaycanda çox təhlükəli vəziyyət yaranıb. Azərbaycan artıq barıt çəlləyinə dönür. Sabah bir balaca qığılcım olsa, Azərbaycan məhv ola bilər.

Əliyev Vasif Talıbovun əməllərinə reaksiya verməlidir

– Son zamanlar baş alıb gedən qanunsuzluqlar arasında Yaşar Bağırzadənin qeyri-rəsmi olaraq Naxçıvana gəlişinə qadağanın qoyulmasıdır. Bu addımı necə izah etmək olar?
– Naxçıvan ərazisi verilib Vasif Talıbova. O əraziyə ölkə başçısından başqa onun icazəsi olmadan heç kim gəlmir. Bu insanlar köhnə qaydalarla ölkəni idarə etmək istəyir. Insanların yaşam hüququnun əlindən alınması o deməkdir ki, Konstitusiyaya hörmət edilmir. Əgər kiminsə ölkə ərazisində sərbəst hərəkətinə kimsə maneçilik törədirsə, buna ilk növbətə dövlət başçısı reaksiya verməlidir. Bütün ölkədə oxşar situasiya hökm sürür. Əslində mafiyanın özündə də dəmir qanunlar var ki, sadə vətandaşa dəymək olmaz. Amma bu hakimiyyət o qədər quduzlaşıb ki, onlar insanların bütün hüquqlarını tapdalayırlar. Ölkə idarəolunmaz hala gəlib. Ölkəni prezidentin idarə etdiyi faktiki hiss olunmur.

– Bir müddət əvvəl hakimiyyət məmurlarını Avropa Ittifaqı sanksiya tətbiq etməklə hədələdi. Bundan başqa, Avropa Şurasının ölkədə seçki islahatlarının keçirilməsi ilə bağlı təklifi səsləndi. Amma bütün bu təkliflərə heç bir reaksiya yoxdur. Sizə, hakimiyyət hansı yolu seçəcək? Digər diktator rejimlər kimi qarşıdurmaya gedəcək, yoxsa?
– Azərbaycanda müəyyən dəyişikliklərin baş verməsi üçün bəzi şərtlərin təmin olunması gərəkdir. Bu şərtlərdən biri ölkə daxili ilə bağlıdır. Ölkə daxilində insanların həyatı dözülməz vəziyyətə çatıb. Klan hakimiyyətindən kənar qalan şəxslərin yaşam hüquqi ümumilikdə itirilib. Bu isə o deməkdir ki, dəyişikliklərin baş verməsi üçün birinci şərt təmin olunub. Söhbət aşağıların üsyan şərtlərindən gedir. Ikinci şərt həmin narazıları apara biləcək qüvvənin olmasıdır. Bu qüvvə Ictimai Palatadır. Sonuncu şərt beynəlxalq şərtdir. Azərbaycan beynəlxalq arenada üzərinə xeyli öhdəlik götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi tələbi daxildə demokratik qüvvələrin, beynəlxalq aləmdə isə məhz bu təşkilatların vəzifəsidir. Düzdür, hakimiyyətə son dönəmlər beynəlxalq təpkilərin sayı artıb. Amma onlar bir nəticə vermir. Düşünürəm ki, beynəlxalq təşkilatlar öz təzyiqlərində ardıcıl, prinsipial olsalar və daxildə də demokratik qüvvələr narazı elektoratı ayağa qaldıra bilsə, ölkədə ciddi dəyişikliklərə nail ola bilərik.

Vətəndaşımız ölkəyə sahib çıxmalıdır

– Hazırda dünyada avtoritar rejimlər bir-birinin ardınca devrilir. Qəzzafi bir müddət müqavimət göstərdisə də, sonda xalqa qalib gələ bilmədi. Hazırda da Əsəd son günlərini yaşamaqdadır. Bütün bunlardan yerdə qalan avtoritar liderlər və Azərbaycan hansı dərsləri götürməlidir?
– Hazırda həqiqətən də görürük ki, çox böyük diktatorlar hakimiyyətdən götürülüblər. Bu diktatorların yerinə artıq gənc demokratik qüvvələr gəliblər ki, onların da ölkəni hansı yolla aparacağı əvvəlcədən bəyan olunub. Misirdə, hətta Liviyada gözəl idarəçilik sistemi qurulur. Bu tendensiya dünya miqyasında gedir. Amma biz oturub gözləyək ki, bu dalğa nə vaxt bizə də gələcək, bu yanlış yanaşmadır. Azərbaycana öz insanı sahib çıxana qədər bu tendensiya bizə gəlməyəcək. Ona görə biz günahı xaricdə yox, özümüzdə axtarmalıyıq. Əgər daxildə insanlar mübarizə apararaq, rejimi təhdid etmirlərsə, beynəlxalq dəstək də zəif olur.

– Ölkədə məmurlar arasında ciddi savaş gedir. Məmurlar bir-birinə qarşı düşmən münasibət bəsləyirlər. Bu nəyin görsənişidir?
– Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə üç dəfə əmlakın bölgüsü aparılıb. Məmurlar arasında olan mübarizə əslində nüfuz dairəsi və əmlakın yenidən bölüşdürülməsi ilə bağlıdır. Ona görə kiminsə sahəsinə digəri təsir etməyə çalışanda onların arasında narazılıqlar əmələ gəlir. Söhbət dövlətin talan olunan sərvətlərində məmurlara düşən paydan  gedir. Onlar bu pay uğrunda aralarında savaş açırlar.

– Hazırda ölkədə ifrat narazılıq hökm sürür. Eyni zamanda hakimiyyət daxilində də qeyri-müəyyənlikdir. Hakimiyyətin vahid namizədinin müəyyənləşməsi ilə bağlı xeyli tərəddüdlər var. Bütün bu sadalanan məqamların fonunda 2013-cü il seçkilərini necə təsəvvür etmək olar?
– Azərbaycanda 2013-cü ilin başlanğıcına qədər bir sıra məsələlər həllini tapmalıdır. Bu məqamlar təmin olunmasa, ciddi dəyişikliklər gözləməyə dəyməz. Bu məqamlar hansılardır. Birincisi, seçki kommissiyalarının dəyişdirilməsi vacibdir. Ikinci məqam müxalifətin ölkə reallıqlarını təbliğ etməsidir. Və sonuncu məqam isə demokratik qüvvələrin toparlanıb vahid cəbhədən çıxış edərək, seçki mühitinin yaradılması ilə bağlı həm hakimiyyət, həm də beynəlxalq təşkilatlar qarşısında tələblər irəli sürməsidir. Eyni zamanda bu klandan prezidentliyə namizədliyin verilməsinə qarşı çıxılmalıdır. Ilham Əliyev artıq iki dəfə özünü dövlət başçısı təyin etdirib. Ilham Əliyev ikinci seçkidə Konstitusiya və Qurana and içdi ki, mən Konstitusiyaya sadiq qalacam. Ilham Əliyev and içdiyi Konstitusiyanı pozur və bu, hüquqi nihilizmdir. Eyni zamanda əgər cəmiyyət Ilham Əliyevin namizədliyini irəli sürməsinə maneçilik törədə bilərsə, klandan kimsənin namizədliyini irəli sürməsinə imkan vermək olmaz. Bütün bunların fonunda, əlbəttə, əsas məsələlərdən biri Azərbaycanın demokratik düşərgəsinin bir araya gəlməsi ilə bağlıdır. Azərbaycanda demokratik cəmiyyətin qurulmasında maraqlı olan insanlar bir araya gələrək birinci növbədə vahid komanda yaratmalıdırlar. Vahid namizəd mümkün deyilsə, vahid komanda yaratmaq olar. Bu komanda da özünə seçki bloku yarada bilər. Seçki blokundan isə bir neçə namizəd irəli sürülə bilər ki, seçkiyə bir müddət qalmış onlar bir namizədin xeyrinə geri çəkilə bilərlər. Həmin blokun təmsilçiləri mütamadi olaraq ölkə reallıqlarını vətəndaşımıza çatdırmalıdırlar. Beynəlxalq birlik də bilməlidir ki, hakimiyyətə Qərbə inteqrasiyada maraqlı olan komanda gəlmək niyyətindədir.

Xəyal