Atalar yaxşı deyib: “Ağası gülüm olanın, başına külüm olar…”. Ilahi, səndən balıq başına ağıl qoymağı istəməyəcəm, bilirəm, çətin məsələdi, ancaq sən özün balığın umuduna qalan hakimiyyət ağıllılarının başına ağıl qoy. Amin!
Görəsən bizim bu hakimiyyətdəkilər niyə dərk eləmir ki, siyasət deyib keçmək olmaz, siyasətin də öz kişilik normaları var. Əslində bu, bu gün hakimiyyətdə olan, sabah hakimiyyətə gələcək hər kəsə aiddi. Bu gün hakimiyyətdə olan, sabah müxalifətdə ola bilər, demək, fikrimiz elə müxalifətə aiddi. Ancaq bir iş var ki, bir gün hakimiyyətdə olub, sabah müxalifətdə olmaq da hər kəsə nəsib olan bəxtəvərlik deyil. Elə ərəb inqilablarının başladığı çağdan üzü bu yana, devrilmiş diktatorların sonrakı taleyinə baxsaq, görərik ki, sözümüz boşuna deyil. Hansının adını çəkəsən? Hamısı aşağı-yuxarı qara taleyi yaşamadımı? Bədbəxtlər siyasi cəbhələrini deyil, sadəcə dünyasını dəyişirlər. O dünyasını dəyişənlər içərisində bu gün ən real namizəd üzdən malxulyalı səy uşağa bənzəyən Bəşər Əsəddi. Adam uşaq kimi dirənib-durub. Onunla hələ pişik siçanla oynayan kimi oynayırlar və bədbəxt heç cür dərk eləyə bilmir ki, hakimiyyətdə qaldığı hər saniyə ilə öz gələcək əzablarını artırır. Ondan sonra növbədə olan diktatorlar da eləcə. Xalqın səbri Xaliqin səbri kimidi. Nə zaman tükənəcyi bəlli olmaz. Bir saniyə sonra nə baş verəcəyini kimsə təxmin eləyə bilməz. Hətta zəlzələlərin baş verəcəyini belə, çox gec olsa da, öncədən xəbər vermək olur. Xalqın səbrinin nə zaman daşacağını isə proqnozlaşdırmaq mümkün deyil. Necə ki, dünya analitik mərkəzlərinin heç biri Ərəb ölkələrində partlayışların baş verəcəyini proqnozlaşdıra bilməmişdilər.
Əlbəttə, balığı kişi yerinə qoymağın özü də gülməli alınır. Ancaq neynəyəsən ki, indi Azərbaycanda vay da gülməlidi, toy da gülməli.
Fikrimi ora gətirmək istəyirdim ki, hakimiyyətini qoruyub saxlamaqda balıq umuduna qaldığını dərk eləyən siyasi qüvvə gərək ya şələsini çatıb səssiz-səmirsiz, gecə qara, cücə qara olanda ölkədən qaça – özü də elə qaça ki, Tanrıdan başqa kimsə onları görməyə, ya da boğazlarına çatı salıb özlərini asalar.
Rəqibini yenmək istəyirsən? Çox gözəl. Bunun üçün balığa nə gərək? Seçki keçirirsən. Hər şey qanunla baş verir. Saxtalaşdırmaya imkan vermirsən. Lap qədim zamanlardakı kimi. Hər cəngavər öz gücünü göstərir. Kim kimin kürəyini yerə vurursa, o da qalib olur. Idmanı bu qədər sevən, idmana ölkənin daxili və xarici siyasəti qədər önəm verən hakimiyyət o idmandan bir zərrə fənd-üsul öyrənsəydi nolardı ki? Tatamiyə çıxırsan, adamla güləşirsən, ya o səni yenir, ya sən onu. Yenilən də, yenən də bir-birinə əl verib növbəti yarışacan ayrılırlar. Necə deyərlər, görüşənədək. Yoxsa təsəvvür eləyək ki, iki güləşçi meydana çıxhaçıxda bir balıq böyürdən çıxır və ağzını allah yoluna qoyub deyir ki, bilirsiniz, bu güləşçi öz məşqçisini zəhərləyib. Əlimdə güclü dəlillər var. Həkimlər də bunu təsdiqləyir. Sanki həkimin həmin məşqçinin qanında təsbit elədiyi zəhərin üstündə onu kimin verdiyi yazılıbmış. Insan nə yolla bu qədər simasız olur və ya bu qədər simasız birini ortalığa atır, adam heç cür anlaya bilmir. Hətta anlayır da, ancaq dərk eləyə bilmir.
“Dədə Qorqud” dastanında Qaraca Çoban müsbət obrazdı, sadə, əməkçi insanları təmsil eləyir. Ancaq bu qədər müsbətlik belə ona Qazan xanın düşmənlərlə savaşında meydana atılmasına haqq vermir. Xan bunu öz şəxsiyyətinə sığışdırmır. Indi bəy dediyin nədi, bəyənmədiyin nə? Madam ki, xansan, xan ol da, bu istidə balıq sənin nəyinə lazımdı? Barı qızıl balıq olsaydı, yenə də dərd yarıydı. Deyərdik, adamlar qızıl həvəskarıdı.
Mən tez-tez tilovumu götürüb balığa gedirəm, başı batmış naqqadan başqa bir şey çıxmır. Mövsüm naqqa mövsümüdü…

Naqqa balığı mövsümü
•
•