Bəşər Əsədin sonunu təsəvvür etməyə cəhd göstərir, amma çətinlik çəkir və birmənalı nəsə deyə bilmirəm. Bu, çox müdhiş və pis sonluq olacaq. Bunun alternativini təsəvvür etmək çətindir. Suriyanın Islam Əməkdaşlıq Təşkilatı çərçivəsində üzvülüyünü dondurdular, son bir həftə ərzində baş nazir və daha sonra vitse-prezident müxalifətin tərəfinə keçdi. Onlar düz elədilər və mənə elə gəlir ki, Yuqoslaviyada olduğu kimi Suriyada da tribunal yaratmaq, buna qədər törətdiyi cinayətlərə görə Əsədi mühakimə etmək lazımdır. Buradan daha bir nəticə də çıxır. Rusiya və Çin özünü, mənə elə gəlir ki, lap biabır və rüsvay etdi. Məsəl var, deyirlər ki, Roma papasından artıq xristian olmaq da mümkün deyil. B.Əsəddən demokratik dünyanı demirəm, hətta islam, ərəb dünyası imtina etdi, bunlar isə yapışıblar onun ətəyindən. Budurmu Rusiya dövlətinin “tarixi missiyası?”. Çox maraqlıdır ki, yüz illər ərzində Rusiyanın intellektualları belə deyirdilər ki, Rusiyanın tarixi missiyası “məzlum millət və xalqlara azadlıq bəxş etmək”dir. Gülməlidir, deyilmi? Mən 90-cı ildən bu tərəfə baxanda belə görürəm ki, Rusiya heç vaxt millətlərin tərəfində deyildi və daim diktatorları, müstəbidləri müdafiə edirdi. Hələ əvvəl olanları və Rusiyanın müxtəlif bölgələrdə apardığı siyasəti demirəm. Olsun. Mənə belə bir fakt da gülməli gəlir ki, bu günlərdə V.Putin Rusiyanın cəmi ombudsman adlanan insanlarını toplayıb və onlara rus milli ideyasını formalaşdırmağı tapşırıb. Ona görə “ombudsman adlanan insanlar” deyirəm ki, o ölkədə ombudsman adlanmağın nə demək olduğunu özünüz məndən yaxşı bilir və bu haqda məlumatlısınız. Üstəlik, başqa sual da yaranır: niyə məhz onlara – ombudsmanlara bu iş tapşırılır? Nə isə. Bunu buraxaq rusların öz öhdəsinə.
Sadəcə, mənə elə gəlir ki, Putin sovet qəliblərilə fikirləşən və nəticə çıxaran adamdır. O adət edib ki, ölkədə həmişə milli ideya və ideologiya olmalıdır…
Amma ölkəni insanlar üçün ləyaqətli və layiq bir duruma gətirməyin özü də milli ideya demək deyilmi? Məsələnin qəlizliyi ondadır ki, ruslar heç bir vaxt Rusiyanı ruslar və bu ölkədə yaşayan digər insanlar üçün məskən təsəvvür etməyiblər, daim Rusiya üçün planetar miqyasda missiya axtarıblar. Yəqin bundan sonra Rusiyaya kainat miqyasında missiya axtarmaqla məşğul olub və öz vaxtlarını buna sərf edəcəklər. Düşündüyüm daha bir məqam var və o da odur ki, Rusiyada həmişə hakimiyyətlə cəmiyyət arasında uçurum olub və onlar bir-birini başa düşməyilər. Qarşılıqlı anlaşma olsaydı rus milli ideyası haqda bu qədər mücərrəd danışmazdılar. Bu, təkcə Rusiya üçün xarakterik deyil. Bütün totalitar və avtoritar rejimlər belədi. Elə bizim Azərbaycanda da belə vəziyyət hökm sürür. Bəli, insanları səfərbər edəcək bir ideya axtarır və onu şirin kökə kimi insanlara təqdim etmək istəyirlər. Lakin bəlkə cəmiyyəti yox, hakimiyyəti səfərbər etmək lazımdır? Bu haqda heç düşünüblərmi? Bu çox ciddi məqamdır, çünki bunun əsasında nəyin üstün olması fəlsəfəsi və sistemi dayanır. Nə daha üstündür? Cəmiyyət, yoxsa hakimiyyət? Avtoritar və totalitar rejimlər üstünlüyü hakimiyyətə verirlər, ona görə də cəmiyyətləri daim səfərbər etmək, onları dirijor tək nəyəsə və harasa tuşlamaq istəyirlər.
Amma demokratiya belə deyil. Hətta qədim Çin, Dao fəlsəfsində çox maraqlı bir məqam var. Orada deyilir ki, idarə etmədən idarə et! Liberal manifest və bəyanat üçün əsl deviz, şüar ola bilər, deyilmi? Həm də totalitar və avtoritar rejimlərdə təşəbbüsün mənbəyi səhv düşür. Təşəbbüs cəmiyyətdən gəlməli və o, hakimiyyəti buna səfərbər etməlidir. Amma bunlar tərsinə düşünür və tərsinə də hərəkət edirlər. Burada həm də kim kimi seçir məsələsi var. Bəli, artıq bir neçə dəfə adını çəkdiyim rejimlər daim mövcud cəmiyyətdən narazı olur, daim özləri üçün yeni cəmiyyət yaratmaq istəyirlər.
Kiçik sözardı
Bəli, daha bir istirahət günü mövzusunda yazını başa vurduq. Bəlkə demək mümkün olan fikirlərin, sözlərin heç də hamısını demədik. Amma tələsmək nəyə lazım? Vaxtımız var. Istrahət günü insanların beynini çox yükləmək də olmaz, axı bunun adı istrahət günüdür…

Milli ideya haqda bir neçə söz
•