Mikayıl Cabbarov Barselonaya necə uçub?

Nə baş verib? “Hürriyyət” qəzetinin köşə yazarı Fatih Çəkirgə Barselonaya uçarkən Içərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin rəisi Mikayıl Cabbarovun kobudluğundan yazıb, qarşı tərəfsə köşə yazarını yanlışlıqda ittiham edib və o əxlaqın sahibi olmadığını isbatlamağa girişib. Və deyib ki, Çəkirgə səhv edir, Barselonaya 19 nəfərlə yox, 5 nəfərlik ailə üzvüylə bərabər gedib.
Inanaq Mikayıl bəyə – öz ailəsi ilə getməsinə də, stüardessanı aşağılamamasına da. Zatən, Qoruq rəisi o qədər yekə vəzifə deyil və Mikayıl Cabbarovun Türk Hava Yollarında işləyən kimisə işdən çıxarma hikkəsinin heç bir məntiqi əsası yoxdur.
Amma problem bu deyil ki?!
Mikayıl Cabbarov hazırda məzuniyyətini davam etdirir və sentyabr ayında işə çıxacağını idarədən bildirdilər. Beləliklə, avqustun 11-də ailəsi ilə birgə Barselonaya yollanan Mikayıl bəyin ən azı 20 gün Avropada dincələcəyini ehtimal etmək olar.
Hər kəsin məzuniyyət və dincəlmə haqqı var. Ancaq məsələ ondadır ki, Türk Hava Yollarına məxsus təyyarənin “biznes-klas”ında Barselonaya uçmaq üçün 1.637 avro ödəməlisən. Deməli, 5 nəfərlik ailəsi ilə Barselonaya “biznes-klas”da yollanan Mikayıl Cabbarov 8.185 avro pul sərf edib. 20 günlük istirahətin xərcini də bu məbləğin üstünə gəlib, təxmini bir rəqəm hesablayın!
Içərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin prezidentin təsdiqlədiyi Əsasnaməsinə görə (22-ci bənd), idarə rəhbərinin əmək haqqı “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin… əməyinin ödənilməsi normalarına bərabər tutulur”.
Belə çıxır ki, Mikayıl Cabbarovun aylıq əmək haqqı heç 1000 manat da eləmir. Bəs, ayda 1000 manat qazanan adam 5 biletə necə 8.185 avro (təxminən 9 min manat) ödəyib? Bəlkə yeməyib, içməyib, 9 ay yığıb ki, Barselonaya bilet alsın? Yoxsa bizneslə, kommersiya fəaliyyəti ilə məşğul olur və əlavə qazanc yeri var?
Vəzifəli şəxsin kommersiya fəaliyyəti ilə məşğul olmasını əngəlləyən bir qucaq qanun mövcuddur. “Dövlət Qulluğu haqqında” Qanunda vəzifəli şəxsin digər fəaliyyət növlərilə, o cümlədən bizneslə məşğul olması qadağandır.
“Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında” Qanunun 4.2-ci maddəsində də göstərilir ki, “vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan fəaliyyət növü ilə məşğul ola… bilməz!”
Mikayıl Cabbarov idarə rəisliyinə 2009-cu ildə təsdiqlənib, bu vaxta qədər isə Iqtisadi Inkişaf nazirinin müavini vəzifəsini icra edib. Yəni onun bu vəzifədən əvvəl də “kommersiya fəaliyyəti ilə məşğul olması” və ya hansısa müəsisədə “təsiredici səhm payına” sahiblənməsi istisnadır.
Bəs, M.Cabbarov hansı pullarla istirahətə gedib?
Bəlkə, Azərbaycan tarixini oğurlamaqla Barselonada dincəlir? Tarixi-memarlıq abidələrini öz şəxsi mənafeyi naminə sui-istifadə etməklə, Qoruq ərazisində tikintiyə icazə verməklə, min illik daş yaddaşımızı yeməklə – cinayətkarlıqla, talançılıqla məşğuldur?
Elə deyilsə, onda bir qanunu da deyim – onsuz da bu gün “qanunlardan” yazdıq: “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsinə görə, vəzifəli şəxs “mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə” məlumat verməlidir.
Azərbaycanda vəzifə daşıyan məmurların heç biri qanunun bu tələbini vecinə belə almır. Ancaq indiki məqamda Mikayıl Cabbarovun işi başqadır: adam təmizə çıxmaq üçün yaydığı məlumatını əsasladırmalı, Içərişəhəri dağıtmadığını, tariximizi yemədiyini, Içərişəhəri kərpic-kərpic satmaq bahasına Barselonaya getmədiyini açıqlamalıdır.
Çünki Fatih Çəkirgə ciddi bir ittiham irəli sürüb – Mikayıl Cabbarovu diktatura ölkələrindəki vəzifəli şəxslərlə eyniləşdirib. Bu ittihamın qabağında “mən, hökumətimiz və dövlət başçımız kimi, demokratik dəyərləri qəbul edirəm” boşboğazlığındansa, demokratik dəyərlərə necə sahib olduğunu, Azərbaycan qanunlarına necə əməl etdiyini ortaya qoymalısan; illik gəlirinin “mənbəyini, növünü və məbləğini” açıqlayıb “prezidentiniz kimi” nə qədər demokratik olduğunu görüntüləməlisən!
Bunun əvəzində isə adam “5 yer” davası aparır – guya “biznes-klas”dan 19 yox, 5 yer aldığını və stüardessaya acıqlanmadığını sübut etsə, tərbiyə və əxlaqını qoruyacaq.
Tərbiyə və əxlaq – stüardessaya əsəbi reaksiya ilə ölçülmür, adam, – mənsub olduğun xalqın sərvətini, əmlakını talamamaqla, millətin halal haqqını oğurlayıb “biznes klas”a bilet almamaqla… ölçülür!