Əli Kərimlini niyə həbs etmək istəyirlər?

İlham Əliyev 2013-cü ilə necə hazırlaşdığını AXCP sədrinə qarşı düşmənçiliyilə ifadə elədi

Nəhayət, başlandı. “Var olmaq uğrunda yox etmək düşüncəsi” Ilham Əliyevi heç vaxt dövlət başçısı olmağa qoymadı. Onun üçün hər kəs təhlükədir. Hətta kisəsini dolduranlar da…
Üstəlik, onun bu talançılığına qarşı mübarizə aparanlar yüz dəfələrlə daha artıq təhlükəlidir. Əli Kərimliyə qarşı Hafiz Hacıyevin iddiasına əsasən, cinayət işinin açılmasında  yalnız bir kök axtarmaq lazımdır. Ikinci, hər zaman Ilham Əliyevin yaxın müttəfiqi olduğunu bəyan edir. Bunu o, əməllərilə də sübut edib. Hər kəs bilir ki, bu iddia da, ittiham da sadəcə, absurddan düzəldilən teatrdır. Amma bu teatrın səhnəsi arxasında oturanların beyinlərindəki məkr çoxdan ifşa olunub, xəbərləri yoxdur.

Niyə məhz indi, niyə məhz Əli Kərimli?

Əli Kərimli 2013-cü il prezident seçkiləri ərəfəsində  müxalifət daxilində hakimiyyətin ssenarilərinin işləməsinə açıq müqavimətilə hər kəsin diqqətini cəlb etdi. Demək olar ki, “vahid namizəd” polemikalarına sərt və birmənalı mövqeyi ilə topu hakimiyyət meydanına ötürdü və iqtidar daxilindəki bu çaşqınlıq dörd namizədin adının hallanmasına kimi davam elədi. Qruplar arasındakı gərginlik və hakimiyyətin muxtar qubernatorluqlara bölündüyünü gizlətmək mümkün olmadı. Bu mənada, Əli Kərimli həm də sabitqədəm siyasətin əsas koordinatoru kimi hakimiyyətin kompleks yaşamasına səbəb oldu. Onun Ictimai Palata daxilindəki həmrəylik cəhdlərinin hakimiyyəti çaşqınlığa salması sadəcə, iqtidarı indi qərar qəbul etməyə məcbur etdi. Çünki hakimiyyət texnoloqları bilirlər ki, bu prosesin – əsəb və siyasi texnoloji mübarizənin sonu onların düşərgəsi üçün acı olacaq. Bu baxımdan da Ilham Əliyevi xilas etməyin bir yolu kimi, Əli Kərimlinin yolunu indidən kəsməkdə görürlər.
Dünya mediasının diqqət mərkəzində olan müxalifət lideri kimi də Əli Kərimli Ilham Əliyevin kabusuna çevrilib. Ölkədə baş verən və verəcək bütün hadisələrin alternativ istinad nöqtəsi kimi, Əli Kərimlinin seçilməsi hakim komandanı ən iyrənc metodlara əl atmağa vadar edib. Beləliklə, hakimiyyət onun 2013-cü ilə gedən yolunu kəsməklə mübarizəyə zərbə vurmaq planını işə salmaq istəyir.

Bu, həm də Əli Kərimliyə qarşı təxribatdır

Baş verən hadisə birbaşa Əli Kərimliyə yönəlsə də, daha çox Azərbaycan xalqının demokratiya uğrunda mübarizəsinə, pozulan hüquqlarını dilə gətirməli olan haqq səsinə qarşı bir provakasiyadır – tələdir. Bu olay həm də Əli Kərimlini yıpratmaq üçün düşünülüb, amma hədəfdə millətin gələcəyinə aparan yoldur, o yolu minalayırlar. Bu, hər bir mübarizə aparana, mübarizə aparmağa hazırlaşana bir xəbərdarlıqdır.  Biz bu yola qoyulmuş bombanın partlamasına imkan verməməliyik. Gələcəklə aramızda bir xəndək yaratmağı bacarsalar, o xəndəyi insan cəsədi dolduracaq, əmin olun! Əliyevlər bizdən ərəb ölkəsi düzəltmək istəyirlər, buna qarşı çıxın! Mübarizənin sivil və insani məcradan çıxarılmasına imkan verməyin!

Elçibəyin tarixiliyinə zərbə

Heç düşündünüzmü ki, niyə məhz Əbülfəz Elçibəy? Niyə onun üzərindən Əli Kərimliyə cinayət işi açmağa çalışırlar? Çünki bu rejim həm də Azərbaycanın yaxın keçmişində Heydər Əliyevin mənəvi rəqibi olan, onu məğlub edən Əbülfəz Elçibəyin ruhundan qisas alır. Onun adını belə absurd planlarda hallandıraraq daha bir qara niyyətlərinə çatmaq istəyirlər. Elçibəyin yaxını kimi, bu murdar işlərə qol qoyan adamlar isə bilsinlər ki, Elçibəy tayfa, qəbilə lideri deyildi. Onun böyük amalları, böyük ideyaları və yaxınlar ordusu vardı – ləyaqətilə yaşayan, mübarizə aparan türk insanı! Bu gün Elçibəyə ən yaxın adam, onu devirənlərə qarşı ən sərt mübarizə aparan on minlərlə cəbhəçi, müsavatçı və bitərəf insanlarımızdır.
Bu plan da keçməyəcək, amma bu hakimiyyət özünün xilasına aparan bütün yolları bağlamaqda davam edir. Bu, Azərbaycan xalqı ilə, onun keçmişi və gələcəyilə, ən əsası, bu günü ilə düşmənçilikdir.

Seymur Həzi