elchibey-kerimli

Hakimiyyətdən yeni təxribat hazırlığı; Əli Kərimlidən cavab

elchibey-kerimliHafiz Hacıyevin ümidinə qalan iqtidar çirkin məqsədi üçün Əbülfəz Elçibəyin adından istifadə edir

Bakı Şəhər Prokurorluğunda mərhum prezident Əbülfə Elçibəyin zəhərlənməsilə bağlı Hafiz Hacıyevin iddiası üzrə cinayət işi başlanıb. Bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Elçibəyin qəsdən zəhərlənməsi barədə Hafiz Hacıyevin müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb. Araşdırma zamanı Hafiz  Hacıyev və başqaları Elçibəyin ölümündən əvvəl zəhərlənməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər.
Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hədəfdə Əli Kərimlidir

Hafiz Hacıyev hələ bir müddət əvvəl belə bir absurd açıqlama vermişdi ki, AXCP sədri Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyi haqda məlumatı var. Və o, Əli Kərimlinin cinayət məsuliyyətinə cəlb olunması üçün baş prokurora müraciət edib. O zaman bu açıqlama hər hansı reaksiya doğurmadı. Çünki bunu deyənin nə qədər qeyri-ciddi adam olduğunu hər kəs yaxşı bilir(di). Lakin belə görünür ki, Azərbaycan iqtidarı Əli Kərimliyə qarşı təxribatlar hazırlamaq üçün cəmiyyətin ciddi qəbul etmədiyi belə tiplərdən istifadəni də özünə rəva görür. Buna siyasi rəqiblərinə qarşı mübarizədə qanundan, mədəniyyətdən və mənəviyyatdan uzaq hər cür davranışı özünə rəva bilən bir iqtidarın hafizhacıyevlərin ümidinə qalması kimi də baxmaq olar. Hərçənd, Hafiz Hacıyevin açıqlaması və müraciətinin arxasında elə hakimiyyət ideoloqlarının dayandığı da ən çox güman olunandır. Baş Prokurorluğun açıqlaması isə bu gümanı yalnız gücləndirir.
Əli Kərimlinin fəaliyyətinə mane olmaq, onun qarşısında ən müxtəlif maneələr yaratmaq Əliyevlər iqtidarını daim düşündürən məsələlərdən biridir. Bunu hakimiyyət indiyə qədər əməldə dəfələrlə təsdiq edib, burada təkrar sadalamağa ehtiyac yoxdur. Bu baxımdan “Hafiz Hacıyevin Elçibəy canıyananlığı”nda bircə ciddi cəhət tapmaq olar. Hakimiyyət Əli Kərimliyə qarşı gülünc və perspektivsiz olsa da, yeni siyasi-hüquqi “kart” əldə etmək istəyir. Bu “kart”dan isə 2013-cü il prezident seçkisi fonunda Əliyevlərin ən böyük başarğısı və başlıca rəqibi olan Əli Kərimlinin önünü kəsmək üçün yararlanmaq nəzərdə tutulur.

Bu, hakimiyyətin 2013-cü il ssenarisidir

Əli Kərimlinin özü “Turan” agentliyi və “Media forum” saytına açıqlamalarında məsələni belə qiymətləndirib: “Əbülfəz Elçibəyin zəhərləndiyi iddiası qeyri-ciddidir. Prokurorluğun bu cəfəngiyyatla bağlı araşdırmaya başlaması isə sadəcə, absurddur. Bu adam (Hafiz Hacıyev) artıq bir neçə aydır ki, internet və KİV-də cəfəngiyyat yayır. Bu, ağ yalandır. Biz Elçibəylə birlikdə uzun illər işləmişik. Mən mərhumun öncə birinci müavini, sonra da partiya sədri kimi varisi olmuşam. Elçibəy dünyanın tanınmış tibb mərkəzlərində müayinə olunub, Türkiyənin Gülhanə hərbi hospitalında müalicə alıb. Hər kəsə məlumdur ki, rəhmətlik onkoloci xəstəlikdən əziyyət çəkib və bundan da dünyasını dəyişib. Heydər Əliyev də demişdi ki, Elçbəyin xəstəliyindən xəbərdardır və ona yardım etməyə hazırdır. Yəni, Elçibəyin xəstəliyi və müalicəsi ilə bağlı bütün proses şəffaf olub. Buna görə də prokurorluğun hərəkəti ciddi deyil. Avtoritar ölkələrdə məmurlar rəhbər qarşısında xidmətlərini nümayiş etdirməyə çalışırlar. Prokurorluğun rəhbərliyi də bu yolla gedib. Hərçənd, bu, qanunun keşiyində dayanan orqan üçün yolverilməzdir.
Bu cinayət işini ona görə qaldırıblar ki, 2013-cü ildə mənim də, müxalifətin də imkanlarını məhdudlaşdırsınlar. Bu, hakimiyyətin 2013-cü il ssenarisidir. Hakimiyyət bununla özünü xalqın qəzəbindən qorumaq istəyir. Çox absurd və qeyri-ciddi bir işə baş vurublar”.

Elçibəyin ailəsi etiraz edir

“Mərhum Əbülfəz Elçibəyin ailəsi onun ölümü ilə bağlı hər-hansı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyib”. Bu barədə mərhumun kürəkəni Aqil Səmədbəyli Bakı prokurorluğunun Elçibəyin zəhərlənməsi faktı üzrə cinayət işi açması barədə məlumatını “Turan”a şərh edərkən bildirib.
“Biz ailənin müraciəti olmadan, kənar şəxslərin bəyanatı əsasında cinayət işi açılmasını qeyri-ciddi hesab edirik. Bu, ciddi addım deyil və araşdırmanın məqsədləri ilə bağlı şübhələr doğurur”, deyə Səmədbəyli bildirib.
Səmədbəyli qeyd edib ki, ailə üzvləri Elçibəyin ailəsi adından bəyanat vermək səlahiyyətini ona veriblər. “Müxtəlif vaxtlarda Elçibəyin adı ilə bağlı müxtəlif spekulyasiyalar olub. Biz bu spekulyasiyalara son qoyulmasını xahiş və tələb edirik. Bu, Əbülfəz Elçibəyin ailəsini çox narahat edir”, deyə Səmədbəyli vurğulayıb.

Əbülfəz bəyin yaxınlarına demədiyi bir şeyi Hafiz Hacıyevə deməsi sadəcə absurddur

Əbülfəz Elçibəyə yaxın olmuş başqa şəxslər də bu məsələnin kökündə siyasi maraqların dayandığını bildirir.

Mərhum prezidentin köməkçisi olmuş Oqtay Qasımov “Azadlıq”a bildirib ki, o, Əbülfəz Elçibəyə daha yaxın şəxs olub. Və nə mərhum prezidentdən, nə də onun ailə üzvlərindən belə bir şey eşidib: “Əbülfəz bəyin ona Hafiz Hacıyevdən dəfələrlə yaxın olan şəxslərə demədiyi bir şeyi Hafiz Hacıyevə deməsi sadəcə absurddur. Hesab edirəm ki, burada əsas diqqət niyə  bu məsələnin indi gündəmə gətirilməsinə yönəlməlidir. Əbülfəz bəy artıq 12 ildir ki, dünyasını dəyişib. Hafiz Hacıyev niyə indiyə qədər susub? Əgər Əbülfəz bəy ona belə şey deyibsə, deməli, bu adam cinayəti bilib gizlədib”.

Tanınmış publisist və Əbülfəz Elçibəyə yaxın şəxslərdən olmuş Mehriban Vəzirin sözlərinə görə, bu, hakimiyyətin siyasi məqsədlər üçün cızdığı ssenaridir: “Mən bu barədə bəyin yaxınlarından, ailə üzvlərindən heç nə eşitməmişəm. Kiminsə ehtimalları üzrə cinayət işi başlamaq nə qədər peşəkarlıqdır, deyə bilmərəm. Bu barədə nə Əbülfəz bəyin doğmaları, nə onun yaxın ətrafına daxil olan şəxslər iddia qaldırmayıb. Hansısa kənar şəxs bir iddia irəli sürüb, dərhal cinayət işi başlayıblar. Azərbaycanda açılmamış bir sıra hay-küylü qətllər var. Bunları açmağa niyə belə həvəs göstərmirlər? Hesab edirəm ki, hakimiyyət bu məsələ ilə sadəcə rəqiblərinə zərbə vurmaq istəyir. Əbülfəz bəyin, ideala çevrilmiş bir liderin adından bu cür istifadə edilməsi isə çox çirkin addımdır”.

Bunlar qeyri-ciddi söhbətlərdir

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından olmuş Mirmahmud Mirəlioğlu isə bu barədə deyib: “Mənim Əbülfəz bəylə onun səhhəti barədə söhbətlərim olub. Başqa adamlar da bu barədə bilir. Mən ancaq həmin adamlar bir araya gəlib bu məsələni televiziyada, yaxud mətbuatda müzakirə apararkən sözümü deyəcəm”.
KXCP sədri modern.az saytına açıqlamasında isə bildirib ki, eks-prezidentin zəhərlənərək, öldürülməsi ilə bağlı Hafiz Hacıyevin qaldırdığı məsələlər yersizdir.

Əbülfəz Elçibəyin başqa bir köməkçisi, ölənə qədər mərhum prezidentin yanında olan Əli Mürsəlioğlunun isə Hafiz Hacıyevin iddialarına münasibəti qısa olub: “Bunlar qeyri-ciddi söhbətlərdir”. Mürsəloğlu “Yeni Müsavat”a açıqlamasında müstəntiq Vaqif Süleymanovun ona daha çox ümumi xarakterli suallar verdiyini bildirib: “Mənə daha çox ümumi suallar verilirdi – Elçibəyin yanına nə zaman gəlmişəm, buna qədər harada olmuşam. Bildirdim ki, Əbülfəz bəyin yaxın qohumuyam, 1993-cü ildən onun yanındayam. Uşaqlığım da Bəyin yanında keçib. Prezidentliyi dövründən həyatının sonuna qədər Elçibəyin həyatının elə bir məqamı olmayıb ki, ondan xəbərim olmaya. Əgər onun xəstəliyi ilə bağlı şübhələri olsaydı, birinci bizə deyərdi. Onun bu haqda Hafiz Hacıyevə deməsi absurddur. Müstəntiqə də dedim ki, bu, əsassız, uydurma bir mövzudur. O, konkret xəstəlikdən əziyyət çəkirdi. Əgər onun zəhərlənməsi ilə bağlı xırda ehtimal belə olsaydı, ən azı Türkiyədə müalicə olduğu xəstəxanada bu ortaya çıxardı. Ancaq belə bir ehtimal heç vaxt səslənməyib”.

Əbülfəz Elçibəyin qohumu Aydın Qasımov da “Azadlıq”a deyib ki, mərhum prezidentin Hafiz Hacıyevə zəhərləndiyini deməsi inandırıcı deyil: “Əbülfəz bəy heç kimə belə bir şey deməyib. O cümlədən də Hafiz Hacıyevə deməz. Hətta zəhərlənsəydi belə o bunu heç kimə deməzdi”.

KXCP sədrinin müavini Ədalət Yusifovun sözlərinə görə, 2013-cü il prezident seçkisi ərəfəsində bu məsələnin qabardılması ortada siyasi məqsədlərin olmasından xəbər verir.

Korrupsiya faktları ilə bağlı cinayət işi başlasalar daha yaxşı olar

Əbülfəz Elçibəyin silahdaşlarından olan professor Cəmil Həsənli də Hafiz Hacıyevin iddialarının əsassız olduğunu bildirib: “Əbülfəz bəy naməlum səbəblərdən vəfat dünyasını dəyişməyib. Dünyanın məşhur tibb ocaqları tərəfindən rəsmi şəkildə təsdiq olunan xəstəlik üzündən dünyasını dəyişib. Bu məsələnin gündəmə gətirilməsi sırf siyasi mülahizələrlə bağlıdır. Ölkənin aparıcı müxalifət lideri olan Əli Kərimliyə, bütövlükdə demokratik qüvvələrə qarşı yönəlmiş bir addımdır. Bu qurama və nəinki əsassız, hətta ehtimal olunmayan bir ittihamdır. Azərbaycanda cinayət işi başlanılası o qədər məsələlər var ki, hakimiyyət niyə məhz bu məsələdən yapışıb. Korrupsiya faktları ilə bağlı cinayət işi başlasalar daha yaxşı olar”.

Azərbaycan müxalifətinə qarşı ideoloji savaş planlaşdırılır

Əbülfəz Elçibəyin prezidentliyi dönəmində baş nazir olmuş Pənah Hüseyn isə “Yeni Müsavat”a deyib ki, təhqiqatla bağlı qaranlıq məqamlar iqtidarın məsələdən siyasi opponentlərinə qarşı yararlanmaq cəhdlərinin olması təəssüratı yaradır. Onun sözlərinə görə, istintaqın hər hansı nəticəyə gələcəyi, ortaya hansısa faktlar qoya biləcəyini düşünməyə belə əsas yoxdur: “Əbülfəz Elçibəy çox böyük şəxsiyyət idi. O hər zaman daxili və xarici düşmənlərinin hədəfində olub. Təbii, onun ölümü ilə bağlı müəmma hər zaman qalacaq. Belə bir fikri mən də səsləndirmişəm. Ancaq ortada heç bir dəlil-sübut olmadığı üçün bu yalnız mülahizə formasında olub.
Düşünürəm ki, ortada zəhərlənmə faktı olsaydı ən azı müalicə olunduğu Gülhanə Tibb Akademiyasının analizlərində bu üzə çıxardı. Ortada konkret fakt olmadan hər hansı bir şəxs haqqında belə bir ittihamın irəli sürülməsi  həm hüququ, həm də mənəvi baxımdan ağır bir məsələdir. Bu məsələdə diqqəti cəlb eləyən məqam, konkret maddə ilə cinayət işi başlanmasıdır. Ümumi mülahizələr əsasında istintaqın açılması, müxalifət liderlərindən birinin adının bu məsələ ilə bağlı qeyri-ciddi şəkildə hallandırılması ortada ciddi siyasi maraqların olduğundan xəbər verir. Söhbət ondan gedir ki, kimlərsə Azərbaycan müxalifətinə qarşı ideoloji savaş başlamağı planlaşdırır. Təbii, cəmiyyət bu saxta məsələ ilə bağlı qəti fikrini ortaya qoymalıdır. Buna görə də avqustun 17-də Ictimai Palatanın Koordinasiya Şurası məsələni müzakirə edəcək”.

Hafiz Hacıyevi ciddi adam kimi qəbul etmirəm

Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev də bu barədə danışıb. O, “Elçi” qəzetinə müsahibəsində deyib: “Bilirsinizmi, adama deyərlər ki, Hafiz Hacıyev, əgər belə bir şey var idisə, nədən susurdun. Ikincisi, bu, inandırıcı deyil. Hərə bir söz deyir. Bunların hamısı adamı şəkkə salmaqdan bir şey deyil. Mən isə şəkkə düşmürəm…
Mənim özüm gedib Hafiz Hacıyevlə hesablaşacağam. Gedib maraqlanacağam görüm niyə belə deyir, harda bunu görüb və s. Şəxsən mənə qalsa mən Hafiz Hacıyevi ciddi adam olaraq qəbul etmirəm”.

Oxucuların diqqətinə çatdıraq ki, Hafiz Hacıyev 2010-cu ilə qədər hakimiyyətin sifarişilə dəfələrlə müxalifət liderləri Əli Kərimli və Isa Qəmbərə böhtan atıb. 2010-cu ildə isə parlament seçkilərinin nəticələrini tanımadığını, aldadılaraq Əli Kərimliyə və İsa Qəmbərə böhtan atdığını və buna görə onlardan üzr istədiyini bəyan edib.

Elçibəyin keçmiş silahdaşlarından olan deputat Fazil Mustafa modern. az saytına münasibət bildirib: “Bu, danışmaq istəmədiyim məsələlərdən biridir. Çünki insanların dəqiq haqları olmayanda insanları bu cür incitmək yanlış bir şeydir. Və Əbülfəz Elçibəyin də hər hansısa bir siyasi məqsəd üçün bir vasitə olaraq istifadə olunmasını doğru hesab etmirəm. Onun ölümündən sonra adının bu formada hallanması düz deyil. Mən hər halda Əbülfəz Elçibəyin xəstəliyi və necə müalicəyə getməsinin gizli detallarına qədər bildiyimə görə deyə bilərəm ki, o haqq dünyasındadır və xəstəliyə görə dünyasını dəyişib. O baxımdan da məsələnin üzərinə bu cür gəlinməsi səhvdir. Türkiyədə də Turqut Özal məsələsi qaldırıldı, amma Əbülfəz Elçibəylə bağlı situasiya tamamilə fərqlidir. Tam məsuliyyətlə deyirəm ki, xəstələnərək, yəni müəyyən ciddi bir xəstəlik səbəbindən dünyasını dəyişib. Onun xəstəliyini ilkin bilən, yəni bu işin müalicə və başqa məsələlərin təşkil etməyə çalışan insan kimi hər hansısa şübhəli bir məqama açığı rast gəlmədim .Daha çox demək müalicənin gecikdirilməsi səbəbindən bu ölüm bir az tezləşdi. Vaxtında profilaktik məsələlər həll edilmədiyinə görə xərçəng xəstəliyi onu dünyasını dəyişməyə gətirib çıxartdı. Kiminsə əlində əsaslar varsa, fakt kimi qoysun ortalığa”.