Bölgələrdə hakimiyyətə münasibət necə dəyişib?

Son üç ay ərzində Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində oldum. Hər yerdə də ilk dəfə rastlaşdığım adamlarla görüşdüm, eyni zamanda əvvəllər tanıdığım insanlarla da söhbətləşdim. Mənim hər zaman cavab axtardığım suallar var, həmçinin ictimai əhəmiyyəti olan bəzi tendensiyaları illərdir xüsusi diqqət və maraqla izləyirəm.
Bu təkcə qəzetçi marağı deyil, mən ölkəmizdə mövcud olan ictimai situasiyaya və bu əcaib durumun səbəbkarı olan hakimiyyətə müxalif insanam. Heç bir siyasi iddiam olmasa da, saxta seçkilərlə hakimiyyətdə qalan bu rejimin dəyişməsini istəyirəm. Mən ölkəmdə monarxiyanın qurulduğundan xəcalət çəkirəm. Bu cür mövqeyimi isə heç vaxt gizlətmir, heç zaman da bundan jurnalist müstəqilliyimə xələl gələcəyinə görə çəkinməmişəm. Özümü aldatmaq fikrində deyiləm, jurnalist neytrallığı anlayışına həmişə gülmüşəm. Biz Banqladeşdən gəlməmişik, bu gün yalan və talan idarəçiliyindən ziyanlar görən bizim ölkəmiz, onun insanları və elə biz özümüzük. Üstəlik, Banqladeşdən gəlsəydik belə, bu ölkədəki həqiqətləri demək və haqsızlıqları pisləmək bizim insanlıq və peşə borcumuz olardı.
Bu peşədə mənim və həmkarlarım üçün əsas amil obyektivlikdir – hər zaman doğrunu yazmaq, hətta sevmədiyimiz iqtidar barədə yalan yazmamaq. Susmamaq və doğruları çatdıra bilmək isə çox vacib şərtdir. Bu halda açıq müxalif mövqe nümayiş etdirmək yazarı siyasi tərəfə çevirmir, hətta həqiqəti deyən, haqlı olan müxalifətə dəstək verdikdə belə, qorxudan və ya maraqdan özlərinə psevdomüstəqillik və ya neytrallıq cildi düzəldənlərdən daha müstəqil jurnalistə çevirir. Indi bəziləri özlərini elə aparır ki, guya müxalif lider ağaca ağac deyirsə, o, bunu deməməlidir və bu halda guya jurnalist müstəqilliyini itirmiş olar.
Ona görə də bölgələrdə mən insanların bu hakimiyyətə münasibətini diqqətlə izləyirəm. Illər öncə harasa gedərkən zülm içində yaşayan bəzi insanlar bizi heyrətləndirirdi. Yaşadığı çətinliklərə, hər cür zillətə baxmayaraq, onlar yenə də bu hakimiyyəti tərifləyirdilər. Belə insanlara çox rast gəlirdim…
Artıq bölgələrdə vəziyyət dəyişməyə başlayıb. Hətta şəhər və qəsəbələrin abadlaşdırılması insanları aldada bilmir. Hətta babat yaşayanlar bu hakimiyyətin əsl mahiyyətini anlayır və qəbul edirlər. Söhbətlərdə açıq dilə gətirirlər. Insanlar ölkədəki korrupsiyanı, qanunsuzluğu şəxsən özlərinə ziyan kimi anlamağa başlayıb.
Əvvəllər bu hakimiyyəti təriflədiyini gördüyüm insanlar artıq bunu etmirlər. Dərhal onu da deyim ki, insanlar ərəb ölkələrində zülmkar hakimiyyətlərin necə yıxıldığını tez-tez örnək kimi dilə gətirirlər. Maraqlıdır, sanki bizim insanlar Hüsnü Mübarəkə elə əvvəldən əməlli-başlı qəzəbli imişlər. Yeri gəlmişkən, müxtəlif bölgələrdə sadə adamların Quba hadisələrindən “gördünüzmü?” rubrikası ilə danışması da vəziyyətin dəyişdiyinə işarədir.
Mən demirəm, bölgələr ayağa qalxmaq üzrədir, qaynayır və s. Amma hakimiyyətin mənəvi legitimliyi buralarda artıq arxada qalıb…
***
Bölgələrdə ən populyar şikayətlərdən biri mal-qara üçün örüşlərin olmaması, otlaqların satılması və qoçaqlar tərəfindən ələ keçirilməsidir. Mark Tvenin maraqlı bir sözh var. Yazıçı deyirdi ki, Adəm almanı sadəcə qadağan olunduğu üçün yedi, əgər almanın əvəzinə ilan qadağan edilsəydi, o, ilanı yeyəcəkdi. Bizim hakimiyyətdəkilər də qanunla qadağan olunan nə varsa, onu edir…