Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
“Zon”un başqa müqəddəs mərasimi də var. Bu, tatuirovka vurma mərasimidir. Indi tatuirovka dustağın “mast”ını müəyyənləşdirmə vasitələrindən biri sayılmır, çünki bütün haqq-hesablar qarışıb. “Zon”larda üzdəniraqlar var ki, üst-başı ən yuxarı “kasta”nı bildirən döymələrlə doludur. Amma bir vaxtlar bu, sərt nəzarət altında olardı və dustaq öz “mast”ından yuxarı tatu döydürə bilməzdi. Hər halda, bu mərasim bəzi ənənələr üzərində qalır. Ən azı, dustaq öz “mast”ına uyğun olan və ya ondan aşağı olmayan döymələr vurdurmalıdır. Qalalı Vahab kişi 30 ildən artıq həbsxanalarda fırlanıb, tatuirovka xəstəsi olmayıb, amma bu elmi bilən adamdır. Mən də ondan soruşuram ki, “Vahab kişi, bu işlərdən nə bilirsən?”
Əlbəttə, çox şey bilir. Üstəlik danışmağa da pərgardır. Yarı rusca, yarı azərbaycanca, yarı söyüşlə, yarı ziyalıcasına döşəyir qabırğama:
– Şükür Allaha ki, məndən nəsə öyrənmək istədin. O da nə? Tatuirovka! Neynirsən alə, tatuirovkanı? Gəl, sənə söhbətlər eləyim ki, təpəndən tüstü çıxsın…
– Yox, Vahab kişi, təpəmi tüstülətmə. Tatuirovkadan nəsə bilirsənmi? Bilmirsən, eybi yoxdur…
Vahab kişini od götürür:
– Buna bax, alə!.. “Bilmirsən” – deyir. Bəs onda mən nə fırlanırdım bu … “zon”larda? Gözümün qabağında bilirsən nə qədər adamın tatuirovkasını yandırıblar? “Mast”ından yuxarı tullandığına görə təpəsindən vurub aşağı salıblar.
Birincisi, qabaqlar tatu hər adamın işi deyildi. “Oper”lər bunun üstündə fırtına qoparırdılar. Amma getdi o dövran. Indi hamıda hər cürəsi var. Qabaqlar hamıda ola biləcək beş nöqtə vardı: dörd bucaq kimi dörd nöqtə, ortasında da bir nöqtə. Yəni, adam türmədə olub. Bir gün, beş gün, on il.. dəxli yoxdur, olub adam “dörd divar arasında”, ya da “dörd ”vışka”nın arasında” dustaq. Bu, əlifbadır. Səkkiz guşəli ulduz var ha, burada üzdəniraq Ceyhunun da çiyinlərinə döyülüb. Qabaqlar olsa, onun qollarını qırıb … Bu bilirsən nəyin işarəsidir? Bu səkkiz guşəni ancaq oğrular, ən azı avtoritetli dustaqlar vura bilərdi. Bu, “otritsalo”dur, yəni, inzibati-siyasi hakimiyyət hökmlərini rədd edən adam; heç bir hakimiyyət-filan tanımıram, yəni. Yoxsa, bu işarəni Ceyhunun çiyninə vurub əlinə taxtasilən ağac veriblər bu …lar. Bunu dizinə vuranlar da vardı. Yəni, heç bir …nin qabağında dizimi yerə qoymaram. Belələri ən qırmızı zona düşməyini də gözünün qabağına gətirib vururdular bu tatuirovkanı. Sovet dövründə kilsə günbəzi də dəbdə idi. Hər günbəz bir “srok”u göstərirdi. Ikinci “srok” iki günbəz, üçüncüsü üç günbəz… Üzük döyürlər burada bu “məktəblilər”. O gün baxıram, birinin barmağında üzük döyülüb. Deyirəm, ay mən deyən, bilirsən, bu nə üzükdür? Deyir, bilirəm, Vahab kişi, “vorovskoy”du. Ay sən öləsən, deyirəm, ay uşaq, üzdəniraq üzüyüdür e o, get burasına belə “znak” əlavə elə, yazıqsan, görüb-eləyən olar, “podsomneniya” qalarsan (şübhə altına düşmək – dustağa vaxt tanınır ki, sübut eləsin, o, üzdəniraqdır, ya yox – Q.Z). Hər “mast”ın öz üzüyü var. O təzə gələn oğlan var, nədi o uzundraz? Arazdı, nədi? Hə, Araz. Epolet vurub çiynindən. Bu, qəhrəmanlıq deməkdir. Yəni, “həbsxanalar qəhrəmanı”. “BUR”da, “krıtı”da, “ŞIZO”da (Ştrafnoy Izolyator – cərimə təcridxanası – Q.Z.) ad qoyanlar, vəziyyət yaradanlar döyürlər bu işarəni. Olub o, oralarda, ya olmayıb? Bir dəfə 1-ci kalonda hərlənib çıxıb. Orda görmüşəm onu, vəssəlam… “Qara pişik” var, ev oğruları sinələrinə, ya kürəklərinə vurarlar. Indi bu “zon”da ağını çıxarıblar, hamısı hörümçək vurur. Hörümçək cibgirlərin totemidir. Amma bu narkomanlar hörümçək torunu vurmalıdırlar, hörümçəyi yox. “Yeri alə, get iynəni vur”, de ona, “sən hara ”pauk” hara”? Sənin o “xlebnik”in var ha, Rəsul. Qolunda “oskal” döydürüb (oskal – dişlərini qıcırtmış canavar və ya pələng başı – Q.Z.), hakimiyyətə diş qıcırtmaqdır. O, sənlikdir, get vur çiyninə. Rəsulluq deyil o tatu. Burda nadzoru görən kimi ürəkləri uçur alə, bunların. Amma yaman demisən o nardaranlı uşağa. Ha… ha… ha… ha…
Hə, “nardaranlı uşaq” dediyi Laçın idi. Təbii ki, narkotiklə gəlmişdi, 234-ün birinci bəndi ilə il yarım iş almışdı. Bir ilini başa vurub komendaturaya çıxacaqdı. Bu arada imkan tapıb yeməkxanada çiyinlərinə tatuirovka vurdururdu. Amma rejim müfəttişi gəlib yaxalamışdı. Buralarda tatuya qarşı allergiya var, qoymurlar. Səbəbi də düz-əməlli bəlli deyil. Nəsə, Laçını götürüb Idarəyə aparmışdılar, hansısa formada qulaqburması verib qaytarmışdılar geri. Laçın da bir çiynində səkkizguşəli ulduzla fırlanırdı ortalıqda. O biri çiyninə döyməyə imkan tapmamışdı. Həyətdə gəzdiyim yerdə qabağıma çıxdı, hal-əhval tutdu. Cavabını verib sonra əlavə etdim:
– Hə, Laçın, düz eləyirsən.
– Nəyi, Həci?
Çəliyi onun çiyninə tuşlayıb dedim:
– Onu, ulduzu… Sənə biri düşür, ikisi də düşməz. Ikisi “vorovskoy”dur.
– Niyə düşməz, Həci, mənə nə olub, it dəgüb?
– Yox, a bala, it niyə dəysin? Sən komendaturaya çıxırsan da, “vorovskoy” olsan, gərək “srok”u axıra qədər oturasan. Yarıda çıxdığına görə də ulduzun biri düşür.
Həyət adamla dolu idi və hamı bərkdən gülüşdü. Hətta Laçının özünə də ləzzət elədi, başını bulayıb, “Yox ee, atam, Həciynən mümkün deyil”, – dedi. Bu replika uzun müddət uşaqların dilindən düşmədi və onu müxtəlif cür bəzəyib danışmağı xoşlayırdılar.
Belə maraqlı hadisələr çox idi, sadəcə mənim özümün yadımda qalmır, amma “zon” uşaqları bunları əzbərləmişdilər, az qala. Bunu da Vahab kişi yadıma saldı…
“Zon”un bu müqəddəs tatu mərasimini bir ara təhlükəsizlik naminə ibadət otağına köçürmək istədilər, onu da yığışdırmaq mənim öhdəmə düşdü: “Gəlin müzakirə edək, o yerdə ki, həbsxanananın və ibadət yerinin, məscidin müqəddəslikləri kəsişir, orada məscidin müqəddəsliyini hamılıqla daha üstün sayaq”.
Və hamı bununla razılaşdı…
Ümumi təsəvvür üçün də Vahab kişinin ensiklopediyasından bəzi tatuları təqdim edim:
Kəllə və ya tac – hakimiyyətə canatımdır. Amma kürəkdə tac – alçaldılma deməkdir; Yırtıcı heyvan başı – barışmazlıqdır; Açar – sirlərin qorunub saxlanmasıdır; Məşəl – dostluq, qardaşlıq deməkdir; Ilan – həbsxana iyerarxiyasında ən yüksək pillədir; Xəncər, qılınc, balta – qisasdır, qəddarlıqdır…
Amma daha geniş məlumatları məndən gözləməyin. Indi bu məlumatları hər yerdən öyrənmək olar. Mənim məqsədim bizim korpusun adamlarının yaradıcılığını və özəlliklərini təqdim etməkdir, cinayət aləmini araşdırmaq deyil.
ardı var