ABŞ qəzeti İlham Əliyevin nəyə görə Tacikistana qəzəbləndiyinin üstünü açdı
“Əliyev reallığın xoşagəlməz əlamətlərini ört-basdır etmək üçün gecə-gündüz çalışırdı”
ABŞ-ın ən tirajlı qəzetlərindən biri “The New York Times”da Bakı haqqında məqalə dərc olunub. Məqalənin müəllifi Coşua Levin paytaxtımızda olduğu müddətdə görüklərini və eşitdiklərini qeydə alıb. “Azadlıq” radiosu həmin məqaləni tərcümə edib. Məqaləni təqdim edirik:
***
Bəzi azərbaycanlıların “Xoşbəxtlik kəməri” adlandırdıqları dar dəhliz Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanından başlayır. Şəhərə aparan yeni yol onun çəkilişini və Azərbaycandakı hər şeyin dəyərini ödəmiş böyük neft yataqları qədər qara və parıltılıdır. Və neft, düzəldə bilmədiklərinin gizlədilməsinin də dəyərini ödəyir.
Magistral boyunca torpaq rəngli beton hasar uzanır, lakin bu hasarın şərqsayağı naxışlarının arasından ara-sıra miskin daxmalar görünür.
Küçəni keçmək üçün gərək dəli olasan və çox az adamlar bunu edirlər. O tərəfə keçmək üçün ən salamat yol mərmər döşənmiş yeraltı keçidlərdir. Keçidin bir tərəfində orda-burda səpələnmiş kababxanaları, idxal olunmuş palma və zeytun ağacları arasındakı uşaq oyun meydançalarıyla Bakı buxtası boyunca yaşıl bulvar uzanır. Bulvarın qurtardığı yerdə sahəsi 2450 kvadratmetr, hündürlüyü 162 metr olan qüllədə Azərbaycan bayrağı dalğalanır. Bu qülləni bayraq qüllələrinin dünya rekordunu aşmaq üçün tikmişdilər.
Rekord, Tacikistan ötən il bu qüllədən üçcə metr hündür qüllə tikənə qədər davam etdi. Deyilənə görə, bunu təhqir hesab edən Azərbaycan prezidenti Ilham Əliyev Tacikistanda keçirilməsi planlaşdırılan konfransı boykot edib.
Bakıda “Dolce&Gabbana” butiki
Neftçilər prospekti adlanan küçənin o biri tərəfində isə “xoşbəxtlik kəməri”nin canı yerləşir. Bakının bir əsr bundan əvvəl də ilk neft gəlhagəlini yaşamış bir şəhər olduğunu göstərən neoklassik üslubda tikilmiş binaları dizayner butikləri zəbt edib. Yüksək moda ən azı, şüşə vitrinlərin arxasında çiçəklənməkdədir. “Tiffany”, “Gucci”, “Dior”, “Bottega Veneta”, “Burberry”, “Etro”, “YSL” kimi qlobal moda külliyyatı buradadır.
Buna baxmayaraq, qloballaşma arzuları təkcə bir yerdən başqa yerə daşımır, o həm də bu arzuları qeyri-müəyyən və yayğın edir. Bu mənada Neftçilər prospekti, əgər “yaxşı” və “zövq” sözlərinin mənasını soruşmasalar, sanki ölkənin yaxşı zövq əldə etdiyini əks etdirir. Lakin burada modaya olan münasibət, xoşbəxtlik kəmərinin özü qədər dardır. Mən xanımımla bulvar boyu gəzdikcə gənc azərbaycanlılar – adətən yalnız qızlardan və ya oğlanlardan ibarət dəstələr bizə baxıb qımışırdılar. Sonradan, nəhayət, kimsə bizə izah etdi ki, burda şort geyinən kişilərə homoseksual, ictimai yerlərdə siqaret çəkən qadınlara isə fahişə kimi baxırlar.
Azərbaycan mədəniyyətini xatırladan heç nə yoxdur
Yeni “Bentley” dükanının yanında 250 brendə yaxın mal, incəsənət kitabları, moda jurnalları və Avropanın ən dəbli rəqs klublarında məşhur olan mahnıları satan “Emporium” mağazası yerləşir. Bu, üç cəhətdən gözəl mağazadır: təmiz, işıqlı və gözəgəlimli. Özünüzü asanlıqla Parisin cazibədar “Colette” mağazasında hiss edə bilərsiniz, lakin bununla yanaşı, burada doğma Azərbaycan mədəniyyətini uzaqdan-uzağa xatırladan heç nə yoxdur.
“Emporium”un sahibi olan “Sinteks” şirkətinin inkişaf üzrə meneceri Əziz Babayev deyir ki, Azərbaycanın yerli moda dizaynerləri və moda ənənələri yoxdur: “Biz hətta vitrinlərimizin tərtibatı üçün də beynəlxalq agentliklərə müraciət edirik. Burada bizə lazım olan zövq səviyyəsində kimsə yoxdur”.
Yeni Bakı
Azərbaycanlıların Zərdüştün zəmanəsindən bəri həmişə malik olduqları bir şey var: Ölkənin bəzi yerləri neft içində üzür və bunun iyi buxta ətrafında da hiss olunur. Yeni Bakı dünən doğulub. 2005-ci ildə Azərbaycanın 7 milyard barrellik ehtiyatları 4 milyard dollara başa gəlmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərilə Qərbə nəql olunmağa başlayıb. Azərbaycanda ümumi daxili məhsul 2000-ci ildəki 7 milyard dollardan ötən il 63 milyard dollara sıçrayıb.
“Bədbəxtlik kəməri”ndə olanlar
Bu gəlirin bir hissəsi “bədbəxtlik kəməri”ndə olan təbəqəyə ötürülüb, lakin kifayət qədər olmadığı üçün elə də fərq etməyib. Bir çox azərbaycanlılar dəhşətli dərəcədə yoxsuldurlar. Əldəqayırma kabab restoranlarından birində ofisiant fikirli-fikirli deyir: “Mən də ”Gucci”dən bazarlıq etmək istərdim, lakin gərək sonra bir neçə ay heç nə yeməyəm”.
Böyük pullar düşmən klanları razı salmağa xidmət edir
Böyük pullar çox dar zirvədə toplanıb. Bu pullar yaxın adamların kapitalist sistemini saxlamağa və düşmən klanları razı salmağa xidmət edir. Rüşvət və korrupsiya normaya çevrilib. Azərbaycan iqtisadçılarından Qubad Ibadoğlu bildirir ki, ölkədə kölgə iqtisadiyyatı rəsmi iqtisadiyyatın üçdə ikisini təşkil edir. Burada əsas “çömçə tutan” 2003-cü ildə atası Heydər Əliyevi prezident postunda əvəzləmiş Ilham Əliyevdir. Təklənmiş Azərbaycan müxalifətindən Murad Həsənli sistemi “istehlak avtoritarizmi” adlandırır.
Geyim məcəlləsi
Əliyevin xanımı, Qafqazın Sofi Loreni sayılan Mehriban Əliyeva öz efir vaxtının xeyli hissəsindən millətin geyim məcəlləsini formalaşdırmaq üçün istifadə edir. Azərbaycanın bəlkə də ən açıq sözlü jurnalisti Xədicə Ismayılova deyir ki, bir çox qadınlar Mehriban Əliyeva kimi görünmək istəyirlər, saçlarını onun kimi düzəldirlər, onun geyimlərinə bənzər geyimləri şəhər kənarında olan “Sədərək” bazarından ucuz qiymətə alırlar
Prezident və ailə üzvləri
Əliyevin qızı Leyla Bakı dəbdəbəsinin daim səfərdə olan elçisi kimi fəaliyyət göstərir. O, müqaviləyə əsasən, “Cond” Nast” tərəfindən nəşr edilən və bahalı kağızda çap olunan rüblük “Baku International” incəsənət və moda jurnalının faktiki redaktorudur. O, Azərbaycan rəssamlarının səyyar sərgilərinə sponsorluq edir. Bəzi adamlar deyirlər ki, Neftçilər prospektindəki butiklərin əksəriyyəti ona məxsusdur, bir başqaları isə inanırlar ki, bu dükanların sahibi onun rusiyalı pop ulduzu olan həyat yoldaşıdır.
Bakıdakı bu dükanlar nəyə qulluq edirlər də, alış-verişə qulluq etmirlər. “Şapkalar” və monopoliyaların verdiyi lisenziyalar idxal qiymətlərini başqa yerlərdən daha baha edir. Hətta bu dükanlara pulu çatan nisbətən az sayda azərbaycanlılar da burada yalnız “vitrin”, yaxud “göz” bazarlığı edirlər. Onlar istədiklərini daha ucuz qiymətə Dubay və Milandan almağa üstünlük verirlər.
Xədicə Ismayılova deyir: “Mən bu dükanlara girib-çıxanları müşahidə etmişəm. Onların sayı heç vaxt gündə bir-iki nəfərdən çox olmur. Bu dükanlar müştərilərin sayı ilə maraqlanmırlar. Bu, ölkə üçün yaxşı fasaddan başqa bir şey deyil”.
Son vaxtlar bu fasad çat verməyə başlayıb. Qonaqlar üçün viza rejiminin sərtləşdirilməsi ucbatından 2010-cu ildə otellərdə yaşayanların sayı 2005-ci illə müqayisədə 70 faizdən 45 faizə düşüb. Bakı isə bir ucdan heç kimin yatmadığı otel çarpayılarının sayını artırır. “Cones”, “Lang”, “Lasalle Hotels” məsləhət firmasının icraçı vitse-prezidenti Marina Usenko deyir ki, bu, nazirlərin öz sərvətlərini nümayiş etdirmələri üçün bir növ özünütəsdiq formasıdır: “Öz qonaqlarını ”Four Seasons” otelinə dəvət etmək adama xoş gəlir, lakin bu, iqtisadi baxımdan tamamilə mənasızdır. Biz onları bu barədə xəbərdar etməyə çalışırdıq, lakin Bakıda xəbərdarlığı kim vecinə alır ki…”
Bakıda “Potyomkin kəndləri”
Gah ordan, gah burdan göbələk kimi çıxan dəbdəbəli binaların bəzən heç kandarına da qədəm qoyulmur. Bu cür binaların əksəriyyəti boş balıq qulaqlarını xatırladır. Tanış olduğum Tamrika adlı bir qadın mənə dedi ki, onun yarıuçuq mənzilinə bugünlərdə yeni “üz” çəkiblər. Yeni divar binanın bir neçə metrliyindədir. O səhərlər pəncərəsini açdıqdan sonra, irəli uzanıb ikinci pəncərəni də açır.
Bu sayaq “Potyomkin kəndləri” Azərbaycanın may ayında ev sahibliyi etdiyi “Eurovision” musiqi yarışmasından bir neçə ay əvvəl quraşdırılıb. Bu tədbir Bakının dünya media səhnəsində təqdimatı olmalı idi və Əliyev reallığın xoşagəlməz əlamətlərini ört-basdır etmək üçün gecə-gündüz çalışırdı. Insan haqları təşkilatları hesabat verirdilər ki, evlərin zorla boşaldılması zamanı köhnə binaları sadəcə, buldozerlərlə məhv edirdilər. Digər tərəfdən, bu kimi dələduz fəndləri həmin fəndləri ən yaxşı bilənlərə – azərbaycanlılara qarşı tətbiq edirlər.
Ticarətin səviyyəsindən şikayətlənən menecerin təsəllisi
Berlindəki “Humboldt” Universiteti üçün Azərbaycanda kosmopolit münasibətlər barədə doktorluq araşdırması aparan Melanie Krebs deyir: “Mən iki il əvvəl buraya ilk dəfə gələndə adamlar şəhərin belə sürətlə dəyişməsindən şikayət edirdilər. Indi isə elə həmin adamlar deyirlər: ”Şəhərimiz necə də gözəlləşib. Bizim şəhər dünyanın ən yaxşısıdır, hətta bu şəhərdə necə dolanacağımızı bilməsək də…”
Mən Neftçilər Prospektində uşaq malları satan “Dior” mağazasına getdim. Menecerdən işlərin necə getdiyini soruşdum. O, etiraf etdi ki, yaxşı getmir. “Bizim adamların pulu çox deyil”, – deyə menecer söhbətinə davam etdi, – “bir uşaq paltarının qiyməti 895 manatdır, yəni 1140 dollar. Uşaq bağçasının direktoru isə ayda 300 manat maaş alır”.
Lakin birdən həmsöhbətimin üzü işıq saçdı. Bura bax, deyə menecer, “Baby Dior” dükanlarının dünya üzrə fəaliyyət göstərdiyi şəhərlərin siyahısını göstərdi və dedi: “Biz Barselonanın yanındayıq”.