Suriya diktatoru isə çörək növbəsinə duran sadə insanları da güllələtdirdi
Suriyada Bəşər Əsəd rejiminin müxaliflərə və dinc sakinlərə qarşı hücumları davam edir. Hökumət qüvvələrinin əsas hədəfi olan paytaxt Dəməşq və Hələb şəhərlərində rejim əleyhdarlarının kütləvi qırğını törədilir. Hələbin Kadi Əsgər məhəlləsində çörək almaq üçün növbə gözləyən dinc vətəndaşlara qarşı Bəşər Əsədin əsəgərlərinin hücumu nəticəsində 25 nəfərin öldüyü, 27 insanın isə yaralandığı bildirilir. Suriya Inqilab Şurasının yaydığı açıqlamada, yaşanan qətliamın Əsəd rejiminin 18 aydır törətdiyi qanlı olaylardan növbətisi olduğu vurğulanıb.
Şura beynəlxalq birliyi yaşanan cinayətlərə görə Əsəd rejimindən hesab sormağa çağırıb.
Bununla yanaşı, hökumət qüvvələrinə aid qırıcılar Suriya-Türkiyə sərhədi yaxınlığındakı Azez qəsəbəsində müxalifləri havadan bombardman edib. Hava hücumları nəticəsində 40-dan çox insanın öldüyü açıqlanıb. Qəsəbə demək olar ki, yerlə-yeksan olub. Bölgə əhalisi Türkiyəyə qaçmağa başlasa da, ordu onların qarşısını almağa çalışıb. Yaralılardan bəziləri Türkiyəyə gətirilərkən yolda dünyasını dəyişib.
Bu arada, BMT Insan Haqları Şurasının müstəqil komissiyası hazırladığı hesabatla Əsəd hökumətini hərbi cinayətlərdə ittiham edib. Bu gesabat Suriya hökumətini hərbi cinayətlərdə ittiham edən ilk rəsmi beynəlxalq sənəddir.
Qeyd edək ki, müstəqil komissiya Hula yaşayış məntəqəsində 100 nəfərin qətlini araşdırmaq üçün formalaşdırılmışdı. Komissiya eyni zamanda, başqa yaşayış məntəqələrindəki oxşar əməliyyatları da araşdırıb. Bu baxımdan, hesabatda ölkənin başqa əyalətlərindəki oxşar hadisələr barədə də məlumat verilib.
BMT-nin ekspertləri hesabatda bu qənaətə gəliblər ki, kütləvi qırğınlar, zorakılıq, o cümlədən cinsi təcavüz birbaşa dövlətin yürütdüyü siyasətlə bağlıdır. Məhz baş verən hadisələrə ordunun, təhlükəsizlik orqanlarının, dövlətin başqa strukturlarının qarışması bunu bir daha sübut edir. Komissiya insanlığa qarşı cinayətdə əli olan şəxslərin siyahısını da hazırlayıb. Bu sənəd hələ ki, gizli saxlanılır. Hesabat BMT-nin baş katibinə təqdim olunacaq. O, BMT Təhlükəsizlik Şurasının sənədi müzakirəyə çıxarmasını təklif etmək səlahiyyətindədir.
Bu arada, Islam Əməkdaşlıq Təşkilatının Məkkədə keçirilən sammitində Suriyanın qurumdakı üzvlüyü dondurulub. Bu bəyanat təşkilata üzv ölkələrin Məkkədə keçirilmiş sammitinin yekun sənədində öz əksini tapıb. Bununla yanaşı, IƏT-ə üzv ölkələr Suriyadakı vəziyyətə zorla müdaxilə ideyasını dəstəkləməyiblər.
Dünən “Röyter” agentliyi “Əl-ərəbiyyə”yə istinadən Əsədin vitse-prezidenti Faruq Şaranın müxalifətin tərəfinə keçdiyi barədə məlumat yayıb. O, müraciətində ordunu da bu addımı atmağa – üsyançılara qoşulmağa çağırıb.