Saqqallı polis, yasin siyahısı və “parazit”

Desəm ki, “Xəzər Xəbər”in Şimal bölgəsi üzrə müxbiri Emin Kərimovun Babadağ pirində başına gələnlərə ağladım, inanmayın. Güldüm desəm, inanın. Əslində ağlamalıydım. Jurnalist həmkarımızın az qala yeyəcəyi yumruğa görə yox təbii. Azərbaycanda hətta iqtidar jurnalistləri də yumruq yeməkdən sığortalanmayıb. Onsuz da istənilən hədənin dərin qatında iqtidarın yumruğu yatır. Istənilən yumruq isə iqtidarın ürəyi boydadı.
Bəs nədən ağlamalıydım? Ondan ki, ağlamalı hadisələr belə Azərbaycanda ancaq gülüş doğurur.
Babadağda baş verən hadisənin videosunu da izlədim. Beş dəqiqəlik videoda aləm bir-birinə dəyib. Bu Din o dinə, o din Bu DIN-ə.
Videonun lap əvvəlində müxbir məlumat verir: “Biz hal-hazırda dəniz səviyyəsindən 3629 metr hündürlükdəyik”. Aydındı ki, Həzrət Babanın dağında hava çox soyuqdu. Əyinlərdəki qalın gödəkçələr də bunu deyir. Sonra müxbir anons verir: “Burda Ismayıllıdan olan mollalar Quran oxuyurlar”. Çadıra yan alır və molladan nə etdiklərini soruşur. Molla Quran oxuduqlarını deyir. “Neçəyə oxuyursuz?” “Pulsuz oxuyuruq”. “Elə demirlər axı…”. “Elə demirlər, deməsinlər, nəzirlər qutuya gedir, biz pul almırıq”. “Bəs nəzirlər haraya gedir?”. “Xeyriyyə cəmiyyətinə”. Müxbir mollanı burda qalmağa nəyin məcbur etdiyini soruşur. Molla: “Bizi heç nə məcbur eləmir, nə məcbur eləyə bilər ki?”. “Yaxşı üç gündü sizi bu qədər yüksəklikdə, bu cür soyuqda (molla soyuqdan büzüşüb) burda saxlayan səbəb nədi?”. “Heç nə. Sadəcə, yoldaşlara kömək eləyirəm…”.
Bu yerdə mənim özümçün maraqlı gəldi – yoldaşlar daş daşıyırmı? Ancaq cavabı tez tapdım. Daş daşımırlar. Yasin oxuyurlar. Sifariş çoxdu. Çatdırmırlar. Bu da kömək eləyir. Burda nə var ki? Demək, qazancı var da. Necə deyərlər, “sezona” gəlib, pul qazanır, balalarını saxlayacaq. Iqtidarın rüşvət maşınının ağzına vaxtı-vaxtında lazım olan rüşvəti ata bilmək üçün. Müxbirin pul məsələsini qabartması heç yerinə düşmür. Qardaş, bu ölkənin mollası da, avamı da əlini dövlətdən üzüb, ancaq hərə bir cür nöyütdən qara yolla, hardan olur-olsun, çörək qazanmağa çalışır. Molla elə böyük cinayət eləmir ki. Neftin haram pulları deyil ki yediyi. Haram pul qazananın, halal qazananın ölüsü-dirisi üçün Allahı yola gətirmək, yumşaltmaq hissindən yararlanıb, oxuyur. Bu soyuqda oturur, yanını, canını buz alsa da, oturur. Könlü balıq istəyənin quyruğu suda gərək. Nə isə…
Müxbir əlini atıb yasin oxutdurduğu Qubalı mollanın böyründən, ta çadırın o başından Yasin sifarişləri yazılmış dəftəri qapmaq istəyəndə kənarda oturan o biri (ağsulu) şüvərək molla irəli atılıb məxfi qrifli dövlət sənədiymiş kimi dəftəri müxbirin əlindən qamarlayıb alır, iki kərə də əl-qol atır müxbirə sarı. Müxbirin hay-küyü başlayır. Mollanın üzündə dəhşətli qəzəb nişanələri oynasa da, pələng kimi nifrətlə baxır, onun ruzisini qarşısından çəkmək fikrinə düşən insan oğlunu gəmirməyə hazır vəziyyət alır. Ortalıq qarışır. Siyahı əldən-ələ keçir. Əslində burda heç nə yoxdu. Ancaq müxbir dəhşətli bir korrupsiyanın üstünü açmış kimi davranır, mollalar isə dövlət büdcəsini son qəpiyinəcən oğurlamış dövlət məmuru kimi – sanki Azərbaycanı bunlar yeyibmiş, indi üstü açılıb. Müxbir qorxu gəlir: “Buna görə məsuliyyət daşıyacaqsız aaa!!!”. Və dəftəri əlinə alıb yumruq atana tutur üzünü: “Sən mollasan?”.
Oxuduğu yasini dayandıran molla cavab verir: “Molla mənəm, o polisdi…”. Müxbir: “Saqqallı polis olur?”. Bu dəfə Ismayıllıdan olan molla qarışır işə, o da müxbirə hədə biçməyə başlayır: “Mən… mən Allahşükürün ən yaxın adamıyam. Isteysən zəng eləyim, səni məhv elətdirim!!!”. “Hə, elə, elə”,- müxbir deyir. Molla dəliyə dönür: “Parazit!”. Aləm bir-birinə dəyir yenə. Müxbiri bayıra atırlar. Bir qadın işə qarışır. Nə isə.
Off, Ilahi, bu nə gündü düşmüşük biz? Bunun bir ağıllısı yoxmu?..