Roqozin Bakıya niyə gəldi?

Ekspertlər bu səfəri Azərbaycana təzyiq kimi qiymətləndirir

Rusiya baş nazirinin hərbi sənaye kompleksi üzrə müavini Dmitri Roqozin Bakıya səfərə gəlib. “Indi Azərbaycan prezidenti Ilham Əliyevlə görüşmək üçün Bakıya gedirəm” deyə,- bir neçə gün öncə “Tvitter” sosial şəbəkəsindəki mikrobloqunda yazan Roqozin bu görüşdə hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat verməyib.
Roqozinin səfərinin Bakı ilə Moskva arasında uzun müddətdən bəri yığılıb qalmış problemlərin müəyyən qədər həlli məqsədi daşıdığını söyləyən siyasi ekspert Rahim Hacıyev onun Putinin yaxın adamı kimi Rusiyanın maraqlarının qorunmasında ən sərt mövqedə duran şəxs kimi tanındığını söyləyir: “Son illər Bakı ilə Moskva arasında bir sıra problemlər yaranıb. Azərbaycan hakimiyyəti bəzi məsələlərlə bağlı Rusiyadan distansiya saxlamağa başlayıb. Bu, özünü ilk növbədə hərbi sahədə göstərir. Baxmayaraq ki, uzun illər ərzində Azərbaycanla Rusiya arasında hərbi sahədə çox ciddi və intensiv əməkdaşlıq olub. Amma son illərdə Azərbaycan hakimiyyəti tədricən bu kursdan çəkilib və hərbi sahədə başqa ölkələrlə əməkdaşlığa üstünlük verib. Azərbaycan ordusunun təchizatı üçün başqa ölkələrdən silah-sursat alınması üçün böyük səylər göstərilib”. R.Hacıyev xatırlatdı ki, silah-sursat alınmasıyla bağlı Azərbaycanla Israil arasında 1,6 milyardlıq müqavilənin imzalanması Rusiyanın maraqlarına olduqca ciddi zərbə kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Azərbaycan birdən-birə Qəbələ RLS-ə görə icarə məbləğini artırmaqla Moskva ilə Bakı arasında münasibətləri xeyli gərginləşdirib: “Şübhə yoxdur ki, Roqozin Azərbaycan hakimiyyətinə imkan daxilində təzyiqlər göstərməyə çalışacaq ki, bu problemlərin həllində müəyyən irəliləyiş olsun. Rusiyanı ən çox narahat edən məsələ Azərbaycanın hərbi cəhətdən öncələrə nisbətən ondan xeyli uzaqlaşmasıdır. Azərbaycanın hərbi cəhətdən Rusiyadan uzaqlaşması onun siyasi cəhətdən uzaqlaşmasıyla bağlıdır və bu strategiya davam etdikcə Azərbaycanla Rusiya arasında  siyasi əlaqələrin də zəifləyəcəyi şübhə doğurmur. Bu amil Rusiyanı ciddi narahat etdiyindən Roqozin kimi sərt mövqedə duran bir şəxs Bakıya göndərilib”.
“Dmitri Roqozinin Azərbaycana səfəri çox güman ki, rəsmi Bakıya təzyiq və aparılan qərbyönlü kursun mənfi nəticələri barədə xəbərdarlıq məqsədi daşıyır” – bunu “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Turan”ın müxbiri ilə söhbətində deyib: “Bu cür ehtimallara Roqozinin imici və hərbi-sənaye məsələləri ilə məşğul olması əsas verir.
Roqozin sərt siyasətçidir, öz kəskin bəyanatları ilə tanınır, Rusiyanın hərbi-siyasi baxımdan möhkəmlənməsinə və hökmranlığının bərpasına tərəfdardır. Harada “stola yumruq vurmaq” lazımdır, ora onu göndərirlər”.
Ə.Oruclunun fikrincə, son vaxtlar insan hüquqları problemləri ilə bağlı Qərbin tənqidlərinə baxmayaraq, Bakı Vaşinqton və Brüssellə yaxınlaşmaq üzrə ardıcıl kurs aparır.
Türkiyə ilə qaz sazişlərinin bağlanması əslində belə siyasətin tərkib hissəsidir, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və Rusiyadan asılı olmamağa yönəlib. Bütün bunlar Moskvanı narahat etməyə bilməz. Artıq XIN rəhbəri Sergey Lavrov və Dövlət Dumasının spikeri Sergey Narışkin Azərbaycanda olub: “Lakin görünür, onların missiyası uğursuz olub və Roqozini göndərmək qərarına gəliblər. O da özünə xas tərzdə və ola bilsin ki, açıq hədələrlə Moskvanın fikrini Bakıya çatdıracaq.
Lakin Azərbaycan qayıdış nöqtəsini keçib və Bakını qərbyönlü kursdan döndərmək mümkün olmayacaq. Hətta beş Roqozin göndərilsə belə, bu, heç nəyi dəyişməyəcək” deyə,- Ə.Oruclu vurğulayıb.

Nigar