“Metal işi”nə görə daha bir sahibkar hədələndi

“Okeanus” MMC-nin sahibi Dilbər Rzayeva da dünən təhdid dolu zənglər gəlib. O, “Azadlıq”a açıqlamasında günorta və axşam saatlarında iki dəfə naməlum nömrələrdən zəng edildiyini dedi: “Əvvəlcə zəng edib ədəb-ərkanla danışdılar. Sonra dedilər ki, bu yoldan çəkilin, mediaya açıqlama verməyin. Əks halda sizin üçün pis olacaq”.
Dilbər Rzayevaya birinci dəfə zəng edənlər onu həyat yoldaşı aparacaqları ilə hədələyiblər: “Dedilər ki, həyat yoldaşını içəri atacağıq. Mən də cavab verdim ki, biz hər an qanun qarşısında cavab verməyə hazırıq”.
Günün ikinci yarısında “Okeanus”un sahibinə zəng edənlər onu övladlarıyla hədələdilər: “İkinci dəfə zəng edənlər söylədilər ki, geri çəkilməsən uşaqların üçün pis olacaq. Dedilər ki, sənin haqqında hər bir şeyi öyrənmişik. İki dənə gözəl-göyçək balaların var, onlara yazığın gəlsin, bu yoldan çəkilin. Onlara dedim ki, niyə kişi kimi mübarizə aparmaq istəmirsiniz, məni uşaqlarımla təhdid edirsiniz. Onlar heç nə deməyib dəstəyi asdılar”.
Dilbər Rzayeva əmindir ki, zəng edənlər Rasim Məmmədovun adamlarıdır.