“Pussy Riot”çulara hökm oxundu; məhkəmə qarşısında toqquşma yaşandı
Moskvada kilsələrdən birinə girərək Rusiya prezidenti Vladimir Putinə etiraz edən “Pussy Riot” musiqi qrupunun 3 qadın üzvünün məhkəməsi yekunlaşıb. Ötən gün keçirilən son məhkəmə iclasında qrup üzvlərinin hər biri dini təhqir etdikləri üçün xuliqanlıq maddəsiylə təqsirkar bilinərək 2 il azadlıqdan məhrum olunublar. Əlavə edək ki, prokuror qrup üzvlərinin hər birinə 3 il cəza verilməsini istəmişdi.
“Pussy Riot” üzvlərinin mühakimə olunduğu məhkəmə binasının qarşısında qızlara dəstək aksiyaları keçirilib. Məhkəmə qərarının açıqlanmasından sonra yaşanan olaylarda aralarında keçmiş dünya çempionu və müxalifət fəalı Hari Kasparovun da olduğu onlarla insan həbs edilib. Xatırladaq ki, etirazçı qızların azad olunması üçün dünyanın məşhur simaları Putinə müraciət etmişdilər. Onlar arasında Madonna, Pol Makkartni və Deni de Vitto kimi hollivud ulduzları da var idi.
“Pussy Riot” qrupunun üzvləri barədə qərar açıqlanmazdan əvvə isə “FEMEN” qrupu maraqlı aksiya ilə onlara dəstək olub. “FEMEN” qızlar paytaxt Kiyevin mərkəzi meydanlarıdan birində 2005-ci ildə tikilən böyük taxta xaçı elektrik mişarla kəsiblər. Onların kəsdiyi xaç Stalin dövründə öldürülən siyasi məhbuslar və 1930-cu ildəki aclıqdan həyatını itirənlərin xatirəsinə tikilmişdi.
***
Putinin tutdurduğu müğənni ona meydan oxudu
Dövlət başçısı Putin əleyhinə mahnı oxuduqlarına görə hazırda həbsdə yatan Rusiyanın Pussy Riot qrupunun üzvlərinə bu gün hökm oxunacaq. Bu ilin iyulun 30-da start götürən proses Rusiya tarixində ən qalmaqallı məhkəmə proseslərindəndir. Xaiırladaq ki, qrup üzvlərindən Nadejda Tolokonnikova və Mariya Alexina martın 3-dən, Yekaterina Samuseviç isə 15-dən həbsdədir. Müdafiə tərəfi qızların bəraət almasını və dərhal azadlığa buraxılmasını tələb edir. Qrupun seks simvolu Tolokonnikova məhkəmə ərəfəsində tərəfdarlarına məktub ünvanlayıb. Qrup üzvü bildirib ki, onların hazırda həbsdə saxlanılması bütün ölkənin əlindən azadlığın alındığının bariz nümunəsidir: «Hazırda həbsdə saxlandığına görə kin saxlamıram. Amma hazırda müasir Rusiya üçün ağlasığmaz proseslər baş verir. Bizə çıxarıdacaq hökmün necə olmasından asılı olmayaraq biz və sizlər artıq qalibsiniz».
Qrup üzvü eyni zamanda Putinin «xətrinə» niyə dəydiklərini də açıqlayıb və bəyan edib ki, onların heç bir günahı yoxdur. Əslində Putin onlardan üzr istəməlidir: «Putin Rusiyada olan bütün pisliyin, zorakılığın, kinin bir təcəssümüdür. Ona görə Putini hazırda hakimiyyətdən uzaqlaşdırmaq bütün rus cəmiyyətinə xeyir gətirə bilər. Tolokonnikova Putinin məhz bu fikirlərinə görə onlardan qisas aldığını düşünür. Məhkəmənin də ədalətli qərar çıxaracağına inanmayan gənc qız bildirib ki, Rusiyada məhkəmə yoxdur, sadəcə illuziya var.
İnforamsiya şöbəsi