“Mən Naxçıvana qayıdacam”

Yaşar Bağırzadə: “Belə hədə-qorxulara məhəl qoymuram”

AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırzadə və qardaşı Zeynal Bağırzadəyə yerli rəhbərlik səviyyəsində təzyiqlərin olduğu barədə məlumat vermişdik. Naxçıvanda Z.Bağırzadəyə məxsus torpaq sahəsinə hücum edən yerli məmurlar ondan tələb ediblər ki, muxtar respublikadan çıxıb getsin, qardaşı Yaşar isə ora ayaq basmasın. Onlar Zeynal Bağırzadənin məhsul verən əkin sahəsini şumlatdırıb, mal-qarasının saxlandığı tövləni isə sökdürüblər.
Dünən “Azadlıq”a açıqlama verən Y.Bağırzadə bildirib ki, məsələ ictimailəşəndən sonra ara bir qədər sakitləşib: “Səbəbi məlum olmasa da, prosesi dayandırıblar. Məsələ ictimailəşəndən sonra bir qədər sakitçilik yaranıb. Amma bələdiyyə sədri yenə deyib ki, Yaşar çalışıb Naxçıvana gəlməsin, Zeynal da tərk etsin. Sözsüz ki, mən Naxçıvana gedəcəm. Buna qədər də dəfələrlə mənə hədə-qorxu gəliblər ki, Naxçıvana gəlmə, gəlsən öldürəcəyik. Amma mən belə hədə-qorxulara məhəl də qoymuram. Təbii qarşılayıram. Yəqin ki, 3-4 günə Naxçıvana qayıdacam. Bu, hakimiyyətin acizliyindən başqa bir şey deyil. Onlar hədə-qorxu gəlirlər, biz də fəaliyyətimizi davam etdiririk. Hazırda Naxçıvanda fəallıq artıb, yerli hakimiyyət də bundan narahatdır”.