Azərbaycanda pul nişanlarının dizaynı və mühafizəsi daha da təkmilləşdiriləcək. Milli valyutanın tədavülə buraxılmasının 20 illiyi münasibətilə Azərbaycan Mərkəzi Bank manatın milli valyutada pul nişanlarının etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verən növbəti nəsil pul nişanlarının dizayn və mühafizə fəlsəfəsinin hazırlanması ilə əlaqədar müvafiq layihənin icrasına başlayıb. Qeyd edək ki, hazırda dövriyyədə olan pul nişanları 2006-cı ildən, denominasiya nəticəsində tətbiq edilib.
Bəs belə bir addımın atılması nə dərəcədə zəruri idi?
Iqtisadçı ekspert Qubad Ibadoğlunun sözlərinə görə, Azərbaycanda hazırda nağd pul dövriyyəsi kifayət qədər genişdir və uzun müddət işləndikdən sonra yararsız vəziyyətə düşüb. Bundan başqa, əskinasların dizaynının dəyişməsinin daha bir səbəbinin ötən müddət ərzində informasiya texnologiyalarının inkişaf etməsində görən Q.Ibadoğlu vurğuladı ki, hazırda pulu və digər qiymətli kağızları saxtalaşdırmaq üçün yeni texnologiyalar ortaya çıxıb. Bu da zərurət yaradır ki, pul və digər qiymətli kağızlar daha çox təhlükəsizlik parametrləri ilə sığortalansın: “Düşünürəm ki, belə təhlükəsizlik parametrləri vacibdir. Təbii ki, bu cür addımlar əlavə xərclər tələb edir. Eyni zamanda əhali arasında maarifləndirmə işlərinə də əlavə vəsait ayrılmalıdır. Bu yol ilə vətəndaşlar qoruyucu elementlərlə yaxından tanış ola bilərlər. Yəni son nəzərdə tutulan dəyişiklik daha çox texniki addımdır”.