ali kerimli2

Əli Kərimli xalqı təbrik etdi

ali kerimli2

AXCP sədri Əli Kərimli Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrik məktubunda deyilir:

Əziz xalqım!

Sizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, oruc tutan bütün müsəlmanların ibadət və dualarının qəbul olunmasını Allahdan arzu edirəm!

İnsanın nəfsi ilə mübarizəsinin ən böyük sınağı sayılan mübarək Ramazan ayı yerini müqəddəs bayrama verir. Bu qızmar yay günlərində oruc tutan insanlar nəfsi ilə mübarizəsində iradəsini möhkəmləndirmək baxımından gözəl bir fürsət qazandı. Sevimli peyğəmbərimiz Hz. Məhəmməd (s) insanın nəfsi ilə mübarizəsini ən böyük cihad olaraq buyurub. Nəfsinə qalib gələn insanın həyatında bütün mücadilə və mübarizələr asanlaşır. İnsan bir ay ərzində səbr edərək, orucluğun ehtişamını yaşayırsa, bütün problemlərinin də həllində qarşısına çıxan sədləri səbrlə aşa bilir. Orucluq günlərində səbr bu ibadətin yarısı sayılır. Səbr isə qələbəyə gedən yolda, zəfər qazanmaqda əsas strategiya hesab olunur.

Allah, “Ramazan Mənim ayımdır, bu ayda oruc tutanların mükafatını da Mən verəcəyəm”, buyurur. Bu hikmət Allahdan başqasına möhtac olmamağın, Ondan başqasının qarşısında əyilməməyin fəlsəfəsini aşılayır. Ümid edirəm ki, oruc tutan insanlarımız bu ibadət vasitəsilə daxili inamını möhkəmləndirib, vətəndaş olmağın dəyərini bir daha dərindən dərk edəcək.

Bayramlar milli və dini duyğuların, inancların yüksək coşğu ilə nümayiş olunduğu, bir toplumda millət olma şüurunun genişləndiyi, qüvvətləndiyi günlərdir. Allahdan hər kəsə vətəni sevməyi imandan bilən, haqsızlığa və zülmə qarşı barışmazlığa çağıran, haramı ən böyük günahlar sırasında görən, insanlığı sevgiyə və mərhəmətə səsləyən uca dinimizin hikmətlərini dərk etməyi arzulayıram!

Hər şeyə qadir olan Uca Allahdan diləyirəm ki, bizləri doğru yoldan, azadlıq və demokratiya uğrunda mübarizə əzmindən, millətimizə olan sevgidən ayırmasın!

Allah mübarək Ramazan günlərində edilən dualar sırasında torpaqlarımızın və millətimizin azadlığı, dövlətimizin həqiqi demokratiyaya qovuşması üçün edilən duaları da qəbul etsin!

Varlığı əbədi olan, mərhəmət sahibi, ədalətli Uca Rəbbimiz Ona edilən duaları geri çevirməz. Dualarınızın Allah dərgahına yetişməsinə vəsilə olan Ramazan Bayramınız mübarək olsun!

Amin!