Hicab məhbusunun həsxanada ölümünə İP-dən reaksiya

Hakimiyyət fəal vətəndaşların həyatını da girov götürüb!

Ictimai Palata hicab qadağasına görə həbs olunmuş vicdan məhbusu Füzuli Novruzovun cəzaçəkmə müəssisəsində vəfatıyla əlaqədar bəyanat yayıb. Bəyanatda yada salınır ki, bu hadisə başqa bir hicab məhbusu – Azərbaycan Islam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin vəfatının heç 40 günü tamam olmamış baş verdi. Ictimai Palata bu ölümləri təsadüfi saymır.
Bəyanat müəllifləri həmçinin Hacı Mehdi Şamillinin də həyatıyla bağlı narahatlığını ifadə edib. M.Şamillinin yaxınları bildirir ki, onun vəkillə görüşünə imkan verilmir, gizlədildiyi müddətdə isə işgəncələrə məruz qalır.
Həbsxanalardakı durumun ağırlığını nəzərə alaraq, Ictimai Palata bəyan edir ki, Azərbaycan hakimiyyəti siyasi fəal vətəndaşların təkcə azadlıqlarını yox, həyatlarını da girov götürüb. Siyasi məhbuslar çox asanlıqla ölüm təhlükəsilə baş-başa buraxılıb; onların sağlamılığına qəsdən etinasız, biganə yanaşılır və bütün bunların arxasında məkrli siyasi niyyət dayanır.
Ictimai Palata bəyan edir ki, bu gün cəzaçəkmə müəssisələrində səhhətində ciddi problemlər olan məhbuslar əlverişsiz şəraitdə saxlanılır, onların müalicəsinə normal imkanlar yaradılmır. Vəziyyət o qədər böhranlıdır ki, hətta həbsxanaya sağlam daxil olan insanlar bir il orada davam gətirməyərək, həyatları itirə bilir.
Ictimai Palata yerli və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan hakimiyyətinin sifarişilə həyata keçirilən qanunsuz həbslərə çəkərək, onları günahsız insanların həyatına qarşı məsuliyyətsiz və cinayətkar münasibətə göz yummamağa çağırır.
Ictimai Palata eyni zamanda, hakimiyyəti də cılız intriqalardan çəkinməyə, siyasi rəqiblərlə mərd davranışa səsləyərək, Azərbaycan cəmiyyətinin əlavə gərginlikdən azad olması üçün siyasi məhbus probleminə son qoyulmasını vacib sayır.

Informasiya şöbəsi