zavod-hucum

Hakimiyyətin qana aparan “metal əməliyyatı” (VİDEO)

zavod-hucumZülfüqarlı qardaşlarının zavoduna ikinci basqın; Fəhlələrlə idmançı dəstələr toqquşdu

Nurəddin Zülfüqarlı yaxınlarını zavodu can bahasına qorumağa çağırdı

Aslan İsmayılov: “Zakir Qaralov, Ramil Usubov və Eldar Mahmudovu rəsmi şəkildə məlumatlandırmışam. Baş verəcək bütün qanunsuzluqlara bundan sonra onlar cavabdehdirlər!”

Nurəddin və Loğman Zülfüqarlı qardaşlarına məxsus Keşlə qəsəbəsində yerləşən metal zavoduna dünən növbəti dəfə basqın edilib. Bu barədə “Azadlıq”a Rövşən Zülfüqarlı məlumat verib. Xatırladaq ki, bu son iki gündə zavoda ikinci basqındır. Avqustun 15-də də idmançılardan ibarət dəstə axşam saatlarında zavoda basqın edib.
Özlərini “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun nümayəndələri kimi təqdim edən dəstə üzvləri zavod rəhbərliyindən müəssisəni qapatmağı tələb ediblər. Onlar əlavə edib ki, gecə növbəti dəfə zavoda gələrək fəaliyyət göstərib-göstərmədiyini yoxlayacaqlar. Lakin Rövşən Zülfüqarlının və Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılovun hüquq-mühafizə orqanlarına, media quruluşlarına müraciəti, həmçinin zavodda çalışan fəhlələrin ora toplanması basqının təxirə salınmasına səbəb olub. Dünən səhər saatlarında isə basqınçılar yenidən zavoda gəlib və fəhlələrlə onların arasında qarşıdurma baş verib. Rövşən Zülqfüqarlıdan məlumatı alan kimi dərhal hadisə yerinə yollandıq.

İdmançılardan ibarət dəstəni zavoda kim göndərib?

Zavoda çatdıqda qarşıdurma səngidiyini görsək də, gərginlik hələ davam edirdi. Idmançılardan ibarət dəstə ərazini tərk etməmişdi. Fəhlələr isə zavodun darvazası qarşısında dayanaraq heç kəsi ora buraxmayacaqlarını bildirirdilər. O da məlum oldu ki, qarşıdurma zamanı əraziyə polis gəlib və dəstə üzvlərindən iki, zavod rəhbərliyindən isə bir nəfəri 23-cü bölməyə aparıblar.
Idmançılarla söhbət edib onların kim olduqlarını, harada çalışdıqlarını, zavoda hansı məqsədlə gəldiklərini öyrənmək istəsək də, mümkün olmadı. Dəstə üzvləri geniş danışmaq istəmədilər. Yalnız “Bizi bura göndəriblər, bu bizim işimizdir” deməklə kifayətləndilər.

Məcburuq özümüz özümüzü qoruyaq

Rövşən Zülfüqarlı isə jurnalistlərə açıqlamasında bildirdi ki, əslində idmançılardan ibarət dəstə “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun muzdlu qoçularıdır: “Mən onlarla söhbət etdim. Onlar gündəlik 20 manat alırlar. Və deyirlər ki, heç yerdə işləmirlər. Rasim Məmmədov bu cür işsiz idmançılardan öz şəxsi məqsədləri üçün istifadə edir. Onları reketliyə, basqınçılığa sövq edir. Iki gündə artıq ikinci dəfədir ki, zavoda basqın edirlər. Hüquq-mühafizə orqanlarına müraciət etmişik. Dövlət rəhbərliyinə də müraciət ünvanlamışıq. Lakin hələ heç bir nəticə yoxdur”.
Rövşən Zülfüqarlı onu da bildirdi ki, hazırda onların hüquqlarının müdafiəçisi Aslan Ismayılov da polisdədir: “Onlardan iki nəfəri, bizdən isə bir nəfəri aparıblar. Gözləyirik görək axırı olacaq. Əgər məsələyə dövlət müdaxilə etməsə, Rasim Məmmədovun bu basqınçılığı ilə bağlı qanuni tədbir görülməsə, məcburuq özümüz-özümüzü qoruyaq. Bizim başqa çıxış yolumuz yoxdur”.

Deyirlər işləmə, vəssalam!

Zavodda olarkən məlum oldu ki, bir müddət əvvəl metalyayma müəssisilələri qapadılan 15 sahibkar da Züfüqarlı qardaşlarına dəstək verməyə gəliblər. Onlardan üçü “Okeanus” MMC-nin sahibi Dilbər Rzayeva, Məhəmmədi kəndində sex sahibi Fariz Ələkbərov və “RANK” MMC-nin sahibi Dövran Mikayılovla söhbətləşdik. Dilbər Rzayeva bildirdi ki, onun da müəssiəsini Rasim Məmmədov bağlatdırıb: “Eynilə burada gördüyünüz kimi mənim müəssisəmə idmançılardan ibarət dəstə gəldi, özlərini ”Baku Steel Company”nin nümayəndələri kimi təqdim edərək tələb etdilər ki, müəssisənin fəaliyyətini dayandırım. Heç bir səbəb göstərmədilər. Yalnız onu da dedilər ki, “yuxarıdan” göstəriş veriblər. Mən Rasim Məmmədovla əlaqə saxladım, onun qəbulunda oldum. Dedim axı belə olmaz, biz mal almışıq, onun pullarını verməliyik, birdən-birə niyə müəssisəni bağlayırsınız. Ölkə başçısı Ilham Əliyev həmişə sahibkarlığın inkişaf etdirilməsindən danışır. Mən də sahibkaram, özü də xanımam. Xanımlığımla bu cür iş qurmuşam, neçə ailə oradan çörək qazanır. Rasim Məmmədovun qəbulunda olanda mənə dedi ki, xanım olduğunuz üçün sizi nəzərə alacağıq. Sağ olsun “nəzərə” aldı. Sonra məni heç qəbul etmədi. Indi müəssisəm işləmir, deyirlər işləmə vəssalam”.

Ramiz Mehdiyevin adını çəkirlər

Fariz Ələkbərovun sözlərinə görə, ona məxsus sex də eyni qaydada qapadılıb: “Biz bilmirik ki, nə məsələdir. Bütün sənədlərimiz qaydasındadır, vaxtlı vaxtında vergi ödəyirik. Axı nə baş verib? Niyə bizim müəssisə bağlanmalıdır. Bizə heç nə aydın deyil. Heç bir səbəb göstərmədən deyirlər ki, bağlamalısan”.
Dövran Mikayılov isə bildirdi ki, Rasim Məmmədov və onun ətrafı yüksək rütbəli məmurların adını çəkir: “Ramiz Mehdiyevin adını çəkirlər. Deyirlər onun tapşırığıdır. Mənim müəssisəmi qapatmaqla yanaşı, malımı da götürüb aparıblar ”Baku Steel Company”yə. Hara müraciət edirik, nəticəsi yoxdur”.

Sonda sahibkarlar mətbuat vasitəsilə Ilham Əliyevə müraciət edərək ondan baş verənləri diqqətdə saxlamasını xahiş etdilər. Dilbər Rzayeva isə ayrıca Mehriban Əliyevaya da müraciət etdi: “Mən bir qadın, bir ana kimi Mehriban xanıma müraciət edirəm. Bu qanunsuzluğa son qoyulmasına yardımçı olsun. Yüzlərlə insanın işsiz qalmasının qarşısını alsın”.

23-cü bölmədə vəkilə hücum

Bir qədər sonra vəkil Aslan Ismayılov zavoda gəldi. Vəkil jurnalistlərə açıqlamasında əvvəlcə 23-cü bölmədə baş verənlərdən danışdı: “Orada mənə hörmətsizlik etdilər. Rasim Məmmədovun bura göndərdiyi qoçu dəstəsinin Fariz adlı başçısı mənə hücum çəkdi. Açıq-aşkar görünürdü ki, hətta polislər bu adamlardan ehtiyat edir”.

Vəkil əlavə etdi ki, bölmədə heç kim Rasim Məmmədovun nümayəndəsindən nədən zavoda basqın etdiyini soruşmur: “Mən onlara dedim ki, bu adamı divanda əyləşdirib ona çay vermək lazım deyil, soruşmaq lazımdır ki, hansı əsasla vətəndaşın şəxsi mülkiyyətinə basqın edirsiniz. Amma təəssüf ki, bu baş vermədi. Mən bölmədə baş verənlərlə bağlı artıq Baş Prokrurluğa müraciət etmişəm. Diqqətinizə onu da çatdırım ki, hazırda Türkiyədə yaşayan Nurəddin Zülfüqarlı mənə zəng edərək bildirib ki, hakimiyyət orqanları onlara olan zorakılığa qarşı biganə olduğundan o qardaşlarına və qohumlarına göstəriş verib ki, qan tökülsə belə, müəssisəyə olan qanunsuz basqıların qarşısını alsınlar. Bu barədə hüquq mühafizə orqanlarının rəhbərlərini – Zakir Qaralov, Ramil Usubov və Eldar Mahmudovu rəsmi şəkildə məlumatlandırmışam. Baş verəcək bütün qanunsuzluqlara bundan sonra onlar cavabdehdirlər!”.

Ramil Usubov, Eldar Mahmudov və Zakir Qaralov kimdən qorxur?

Aslan Ismayılovun sözlərinə görə, baş verənlərin arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov dayanır: “Xüsusilə, Bəylər Əyyubovun adını vurğulamaq istəyirəm. Əsasən o dayanır, bu işlərin arxasında. Bunu Ramil Usubov da, Eldar Mahmudov da, Zakir Qaralov da bilir. Onlar artıq beziblər, baş verənlərdən narahatdırlar. Lakin Bəylər Əyyubovdan ehtiyat etdikləri üçün səslərini çıxarmırlar. Biz növbəti dəfə ölkə başçısına müraciət etmişik. Onu bu dərəbəyliyə son qoymağa çağırmışıq. Görək nə olacaq”.
Son anda aldığımız məlumata görə, Rövşən Zülfüqarlı və zavodun fəhlələri 23-cü bölməyə çağırılıb. Onlardan baş verənlər barədə izahat alınıb.
Mövzunu diqqətdə saxlayacağıq.

Vidadi Məmmədov