2009-cu ildə siyahıyaalma zamanı onların bir çoxu milli kimliyini gizlətməyib…
Azərbaycanda ermənilər təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində yaşamırlar. Hazırda Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda ermənilərin ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bəzi məlumatlarda Bakı şəhərində 20 min, digər məlumatlarda isə bundan da çox – 30 min erməninin yaşadığı bildirilir. Bunu Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələrilə görüşlərdə bildiriblər.
“Modern.az”ın araşdırmaları göstərir ki, Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Digər hissəsi ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayırlar. Dini və etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyən Bakı ermənilərinin hazırda, hətta dövlət orqanlarında müxtəlif vəzifələr tutduğu da heç kimə sirr deyil.
Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı (bu siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib) zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib.
“Modern.az”ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda yaşayan ermənilərin sayı 1999-cu ildəki siyahıyaalınmanın nəticəsinə uyğun götürülüb və bu rəqəm 2009-cu ilin siyahıyaalınma sənədlərində də 120 min 300 nəfər göstərilib.
Bəs Bakıda yaşayanlar?…
Bakıda yaşayan ermənilər əhalinin sonuncu siyahıyaalınması zamanı milliyyətlərini gizlədiblər və siyahıya başqa milli mənsubiyyətlə daxil olublar. Məsələn, ya azərbaycanlılar, ya ruslar, ya yəhudilər, ya da da başqa millətlər kimi… Çünki siyahıyaalınma zamanı əhalidən hansı milliyyətdən olduğu soruşularkən sorğu olunan şəxslər könüllü olaraq hansı milliyyətdən olduğunu bildiriblər. Bu isə ermənilərə yaxşı imkan yaradıb ki, milliyyətlərini gizlətsinlər.
Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyyətini gizlətməkdən çəkinməmişdi. Bunu “modern.az”ın Bakı Şəhər Statistika Idarəsindən əldə etdiyi rəsmi statistik məlumat da təsdiqləyir. Araşdırmaya görə, 1999-cu ildə keçirilən siyahıyaalmada Bakıda 400 nəfər erməni öz milliyyətini gizlətməyərək, erməni olduqlarını etiraf ediblər. 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilən siyahıyaalınmada isə cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər. Məsələn, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 2011-ci ildə Bakıda erməni milliyyətindən olan şəxslərin yaşamasına dair jurnalistlərə açıqlama vermişdi. “Bu gün də Bakıda 30 minə yaxın erməni yaşayır. Demək ki, bir yerdə yaşamaq mümkündür”, – deyə səfir vurğulamışdı.
Bəzi ekspertlər deyirlər ki, Azərbaycan hökuməti Bakıda qohumlarının qanadları altında gizlənib özlərini rahat hiss edən və səsləri çıxmayan erməniləri danışdırmalıdır. Onlar beynəlxalq təşkilatlara bildirməlidir ki, burada rahat yaşayırlar və heç bir sıxıntıları yoxdur.