Azərbaycanda daha bir qalmaqallı məhkəmə başlayır

SEPAH-la əməkdaşlıq etməkdə ittiham edilən 22 nəfərlik qrupun istintaqı yekunlaşıb

Iran Islam Inqilabı Keşikçiləri Korpusu- SEPAH-la əməkdaşlıqda ittiham edilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APA-nın məlumatına görə, dəstə üzvlərinin cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib. Prosesin hazırlıq iclası isə avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, MTN-in martın 14-də yaydığı məlumata əsasən, nazirliyin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər tutulub. Bildirilib ki, Azərbaycan vətəndaşları – Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz Ismayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudağ oğlu və qeyriləri Iranın xüsusi xidmət orqanı olan “SEPAH”ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunublar. Onların tapşırıqları əsasında casusluq edərək, dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb və verib, eləcə də Iranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları “SEPAH”ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər.