Oqtay Əsədovla Rövnəq Abdullayevin məhkəmə çəkişməsi və hakimlərə təzyiqi ilə bağlı məlumat bir ay öncə başlayan və hələ də davam edən “qardaş qırğınını” yadıma saldı.
Söhbət Bakının rayonlarından birində icra başçısı işləyən şəxsin doğma qardaşları ilə məhkəmə davasından gedir.
Bu icra başçısı köhnənin “torpaq satanıdır”: xaraktercə və mahiyyətcə alverçi olduğundan, hakimiyyətin diqqətini bələdiyyədəki “fəallığından” çəkdi və vəzifə pillələrində sürətlə irəliləyərək icra başçısı təyin edildi. Yenə də “köhnə peşəsiylə” məşğuldur, yenə də alverçidir, yenə də satır, talayır, dağıdır və iqtidarın “sevimli kadrları” sırasında yerini möhkəmlədir.
Adam nə vaxtsa əməllərinə görə cavab verəcəyini düşünəcək səviyyə sahibi olmasa da, iqtidarın “cəngəllik qanunları” ilə idarə edildiyini çox gözəl qanır: bilir ki, bu hakimiyyət günlərin birində onu tutub türməyə soxa, var-dövlətini əlindən ala, milyonlarla borca sala, bir xoruza yük edə bilər və ona görə də oğurladıqlarından bəzilərini “ağalarının gözündən kənarda” yerləşdirib: yüz hektarlarla torpaq alıb – bir qardaşının adına; villalar tikdirib – başqa qardaşının adına; obyektlər mənimsəyib – qohumlarının adına… Başını soxub pambığa, gözünü yumub və gizləndiyini düşündüyü məqamda…
Qardaşlar hansı qanı daşıyırlar ki! Bu haramxor, talançı, etibarsız, vəzifəyə görə hər şeydən keçməyə hazır olan “başçının” qardaşları halal, hümmət, xüsusi əxlaq daşıyıcısı olmalıdır? Məgər haramla qidalanan beyin və ruh ədalətin, haqqın nə olduğunu hiss edirmi?
Beləcə, qardaşlar bir-birinin əmlakına göz dikməyə başlayıb. Icra başçısı bir də onda ayılıb ki, qardaşları onların adına rəsmiləşdirdiyi mülklərini etibar etdikləri, güvəndikləri sadə şəxslərə dövr etməyə başlayıblar.
Neyləsin? Nə təhər çıxıb bağırsın ki, qoymayın, qardaşlarım onların adına yığdığım yüz hektarlarla torpağın, villaların, bahalı maşınların, obyektlərin… dalına keçməklə, mənə atmaqla məşğuldur? Axı, bu “oğru”dan daha yuxarıda duran “oğru”lar var: onlar “başçının” ətini şişə çəkib, gizlədiyi sərvətə görə onu itqusdu etməzlərmi?
Vəziyyətdən çıxmaq üçün növbəti saxtakarlığun, qanunsuzluğun təməli tökülüb: “başçı” torpaqların “daha öncəki” tarixə bir başqa “etibarlı adam”ın adına “satılması” üçün bələdiyyələrə göstəriş verib. Nəticədə, torpaqların, torpaqlar üstündə tikilən villaların “mübahisəsi” başlayıb.
Rayonda hamının dillər əzbəri olan bu məhkəmə prosesləri əsl məzhəkədir. Torpaqdan və villadan xəbəri belə olmayan adamlar – icra başçısı və qardaşlarının əvəzindən “əsl sahibkarlar kimi” məhkəmələrə gəlir, mülk davası “aparır”lar. Icra başçısı məhkəmə sədrinə, hakimlərə təzyiq edir, öz xeyrinə qarar çıxartdırmaq istəyir, amma…
“Qardaşlar” da sakit oturmurlar, axı! Icra başçısı olan qardaşın qanunsuz sərəncamlarını bir-birinin ardınca ifşa edirlər.
Genetik ac və mənəvi yoxsulların haram uğrunda davası beləcə uzandıqca uzanır.
Bakı ətrafındakı rayonda baş verən bu hadisə sistemin mahiyyətini ortaya qoyur. Qardaşlar bilir ki, bu rayonda daha torpaq, obyekt qalmayıb – ən səfalı yerlər, ən gözəgəlimli əraziləri “başçı-qardaş” zəbt edib. Ona görə də qardaşlarının qanunsuz və haram əmlakına göz dikməkdən başqa çarə görmürlər.
Məmurların savaş, bir-birinin monopoliyasına, əmlakına göz dikmə istəklərinin özülündə də bu amil dayanır. Artıq ölkədə bircə ədəd də müstəqil sahibkar qalmayıb ki, boğazına çöküb əmlakını əlindən alsınlar – hamısının axırına çıxıblar! Daha ölkədə mənimsəmədikləri, bölüşdürmədikləri bir sahə, bölgə, ərazi də yoxdur…
Sistemin mahiyyəti isə məmurları yalnız qamarlamağa, satmağa, dağıtmağa təhrik edir: buna alışıblar, bunlar yeni istehsal sahəsi yaratmağa qadir deyillər; xaraktercə yalnız “hazırı yeməyə” vərdiş etdiklərindən, kənara əl uzadan kimi caynaqları “qardaşın” – məmur-oliqarxın – dərisinə girir.
Ölkədə məmur-oliqarxların haram sərhədləri bir-birinə dirənib və hazırda özlərini, bir-birini yemə prosesi gedir. Ona görə də qardaş-qardaşa atır, dünənə qədər “dost-sirdaş” məmurlar bu gün ağız-ağıza yatan canavara dönüblər.

Vəzifənin gətirdiyi haram qardaşları düşmən edir
•