İsrailin İrana hücum planı mediaya sızdı

Məşhur amerikalı blogger ələ keçirdiyi məxfi sənədin detallarını açıqlayıb

Amerikalı məşhur blogger Riçard Silverşteyn İsrailin İrana hücum planı olduğunu iddia etdiyi bir sənədı yayımlayıb. Silverşteyn İsrailin İrana qarşı əməliyyatın koordinasiyalı hücumla başlayacağını və Tehran rejimini tamamilə iflic edəcək kiber hücumla davam etdiriləcəyini bildirib. “Tikkun Olam” adlı bloqunda yazdıqlarıyla keçmişdə də müzakirələrə yol açan Silverşteyn əlindəki sənədin İsrailin baş naziri Binyamin Netanyahu ilə müdafiə naziri Ehud Barakın israilli nazirlərə qapalı toplantılarının protokolları olduğunu iddia edir.

Bloggerin yazdığına görə, İsrailin İrana hücuma hazırlıq planı çərçivəsində əvvəlcə bir neçə raket zərbəsinin endirilməsi, sonra hava hücumları, geniş əhatəli kiber hücum və hətta İran ordusunun və kəşfiyyatının yüksək səviyyəli səlahiyyətlilərinə qarşı sui-qəsdlərin təşkili nəzərdə tutulur. Xüsusilə virtual hücuma diqqət çəkən Silverşteyn bildirib ki, internet, telefon, radio və televiziya əlaqələri, əlaqə peykləri, Hurrəmabad və İsfahan kimi yer altı raket bazaları daxil olmaqla əhəmiyyətli obyektlərə gedən fiberoptik kabellər sıradan çıxarılacaq.

Sənədi yüksək vəzifəli bir ordu rəsmisindən aldığını iddia edən blogger yazıb ki, mənbə Netanyahu və Barakın İrana hücum məsələsində çox ciddi olduğunu deyib. Silverşteyn sənədi ona sızdıran şəxsin məqsədinin əməliyyatın qarşısını almaq olduğunu yazıb. Bloggerin mənbəsi əlavə edib ki, ordu və kəşfiyyat rəsmilərinin əksəriyyəti İrana qarşı hərbi əməliyyatların əleyhinədir.