Əsəd hökuməti hərbi cinayətlərdə ittiham olundu

BMT İnsan Haqları Şurasının müstəqil komissiyası avqustun 15-də hazırladığı hesabatla Əsəd hökümətini hərbi cinayətlərdə ittiham edib. Bu hesabat Suriya hökumətini hərbi cinayətlərdə ittiham edən ilk rəsmi beynəlxalq sənəddir. Qeyd edək ki, müstəqil komissiya Hula yaşayış məntəqəsində 100 nəfərin qətlini araşdırmaq üçün formalaşdırılmışdı. Komissiya eyni zamanda başqa yaşayış məntəqələrindəki oxşar əməliyyatları da araşdırıb. Bu barədə məlumatı «Azadlıqradiosu» yayıb. Dəməşq komissiyanı ölkəyə buraxmadığından hesabatın hazırlanması üçün məlumatlar şahidlərin söylədiklərindən və sputnik şəkillərindən toplanıb. Hula yaşayış məntəqəsində baş verən qırğına görə məsuliyyət birmənalı olaraq Suriya rəhbərliyinin üzərinə qoyulub. Şahidlərin sözlərinə görə, əsgərlər hətta evlərdən qətlə yetirilən yaxınlarının cəsədlərini çıxarmağa çalışanları atəşə tuturmuşlar. Qırğının səhərsi günü BMT müşahidəçiləri yaşayış məntəqəsinə gələn zaman artıq ərazi Suriya ordusunun nəzarətində idi. Hərbiçilər BMT nümayəndələrinə Hulada terroristlərlə mübarizə apardıqlarını bəyan ediblər. Amma bu izah ekspertlər tərəfindən inkar edilib. Hesabatda eyni zamanda ölkənin başqa əyalətlərindəki oxşar hadisələr barədə məlumat verilib. Onların birində Suriya ordusu 60 nəfər qətlə yetirilib.
BMT-nin ekspertləri hesabatda bu qənaətə gəliblər ki, kütləvi qırğınlar, zorakılıq, o cümlədən zorakılıq cinsi təcavüz bir başa dövlətin yürütdüyü siyasətlə bağlıdır. Məhz baş verən hadisələrə ordunun, təhlükəsizlik orqanlarının, dövlətin başqa strukturlarının qarışması bunu bir daha sübut edir. Komissiya insanlığa qarşı cinayətdə əli olan şəxslərin siyahısını da hazırlayıb. Bu sənəd hələ ki, gizlin saxlanılır. Hesabatda müxalifət qüvvələri də zorakılıqda ittiham olunub. Amma ekspertlər hesab edir ki, müxalifət tərəfdarlarının törətdikləri miqyasına görə, Suriya ordusunun əməlləri ilə müqayisə oluna bilməz. Hesabat BMT-nin baş katibinə təqdim olunacaq. O, Təhlükəsizlik Şurasının onu müzakirəyə çıxarmasını təklif etmək səlahiyyətindədir.

İnformasiya şöbəsi