Rüstəm Ibrahimbəyov xəbərləri…

Hər gün qəzet və xəbər portallarında bu tipli başlıqlarla qarşılaşırıq: “Rüstəm Imbrahimbəyovu yenə tərk etdilər…”.
Yəqin bundan sonra da əskik olmayacaq belə xəbərlər. Rüstəm bəyin rəhbərlik etdiyi qurumun yeni qisas təşkilatının yaranmasına qədər neçə üzvü olduğunu bilmirəm. Bu dar macalda bunu öyrənmək imkanım da yoxdu. Vikipediyada isə bundan artıq bilgi görmədim:
“Azərbaycan Kinematoqrafçılar Ittifaqı – Azərbaycan kinematoqrafçılarının ictimai birliyi. 11 yanvar 1963-cü ildə təsis edilmişdir. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm Ibrahimbəyov AKI-nin birinci katibi seçilmişdir”. Məsələ bunda deyil. Sadəcə, bildiyim bir şey var. Bu ictimai birlikdə toplaşanların heç olmasa 96 faizi qurumu tərk edəcək. Çünki gerçəklik bunu tələb edir. O gerçəklikdən qaçmaq mümkün deyil. Bu həmin gerçəklikdi ki, Rüstəm Ibrahimbəyov son illər ona qarşı özünəməxsus mətnlərlə (üstəgəl yaradıclığı ilə) savaşa başlayıb və həmin gerçəklik dəyişməzsə, Azərbaycan cəmiyyətinin fəlakətli çürüməyə, sonunda amorf bir varlığa çevriləcəyini söyləyib.
Bizim hər birimizin də illərdən bəri yazdığımız o çürümə artıq çoxdan başlanıb, şükür, indi Rüstəm bəy başda olmaqla vətəndaş vicdanı axır ki, susmayıb üsyan qaldıran ziyalı kəsimi eyni şeyi deyir və elə “Oskar” ödüllü sənətkarımızın rəhbərlik etdiyi qurumdan qopmalar da məhz, həmin çürümənin intellektual təbəqəni sarmış simptomlarından başqa bir şey deyildir.
Əlbəttə, Rüstəm bəy özü də açıqlamalarında bu qopmalara, hətta dublikat qurumun yaranmasına təmkinlə yanaşdığını, istənilən yaradıcı adamın istənilən quruma üzv olmaq hüququnun olduğunu söyləyir. Əslində isə, dramaturq heç də bu prosesdən xoşnud deyil və əminəm ki, o, içində buna çox acıyır, çox pis olur. Çünki o, xəbərdarlığını etdiyi fəsadlı prosesin necə iyrənc və sürətlə getdiyini əyani şəkildə müşahidə eləyir, buna üzülür. Üzeyir Hacıbəyli demişkən, gedənlərə yaxşı yol, bizə qalanlar qalacaq. Lakin bu gedişlərin səbəbinə soyuqqanlı şəkildə baxmaq mümkün deyil. Vaxtilə həvəslə AKI-yə üzv olanlar, orada vəzifə tutanlar indi eyni ehtirasla dublikat quruma üz tuturlar, həm də prosesin etap-etap, kiçik zaman intervallarıyla baş verməsi göstərir ki, hakimiyyətin qulaqdoldurma, qulaqburma əməliyyatları davam edir, şirnikləndirmələr, təhdidlər, perspektivlərin sual altına düşməsi və ya daha gözəl vədlər alması – kəsəsi həmin tüği-lənət gerçəklik – heydərizm, Əliyev rejimi öz işini görür. Bu, elə bir rejimdir ki (bəzən Rüstəm bəy özü belə bunu axıracan söyləməkdən çəkinir), bəzən yeniyetmə bir jurnalistdən də qisas almayınca rahat nəfəs ala bilmir, gözünə yuxu getməz olur. Bığ yeri yenicə tərləmiş bir siyasi aktiv belə bu rejimin keyfinə soğan doğraya bilir – çünki bu, diktatura rejimidi. Hələ də çoxunun ehtiyatla, deməyə çəkindiyi diktatura! O özünü hakimi-mütləq sayır və bir qarışqanı belə, öz sərəncamında görmək istəyir. O ki qala Rüstəm bəy kimi dünya şöhrətli, sənəti, sözü etiraf olunmuş avtoritet ola! Onunla savaş da (nə qədər iyrənc və ucuz yolla aparılsa da), qələbə də, vurulan ən kiçik zərbələr də xüsusi ləzzət verir. Hər halda bir titanı yenə bilməyin xəyalının nə qədər həzz bəxş edəcəyi, adrenalini artıracağı kimsəyə sirr deyil.
Bəli, gerçəklik çox ürəkbulandırıcı, çox acı. Hakimiyyətin ilk etapda hələ mədəni olan hədəsindən, onun saxta milyardlarla dolu pul kisəsindən asılı olan ziyalı kütləsi, intellektual təbəqəsi olan bir toplumun sabah necə daha iyrənc bir duruma düşəcəyini adam xəyalına gətirəndə tükləri ürpəşir. Bu gedişlər heç nəyi dəyişmir. Hesab eləyin ki, AYB-nin 1500 üzvünün 1450-si onu tərk elədi. Bu, nə ədəbiyyata xeyir, nə ziyan verəcək. Məsələ gedişlərin səbəbindədi. Rüstəm Ibrahimbəyov tək də, cüt də olsa, o elə Rüstəm bəydi. Bəydi ki, bəy!