“İnanmıram mafiozlar məni burdan sağ buraxsın”

Vidadi İsgəndərli: “Nə yaxşı ki, beynəlxalq aləm, demokratik dövlətlər var, yoxsa bunlar bizləri bu konslagerlərdə çürüdər, bəlkə də diri-diri yandırardılar”

Hüquq müdafiəçisi, vicdan məhbusu Vidadi İsgəndərli “Media forum” saytının suallarını cavablandırıb.

Göyçay Rayon Məhkəməsi 2011-ci il avqustun 27-də Vidadi İsgəndərlini üç ittiham üzrə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Həmin ittihamlar bunlardır: seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma; seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə; döymə.

Hüquq müdafiəçisi Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

– 2011-ci ilin aprelindən həbsdəsiniz. Bu müddət ərzində baş verənlərə, olub-keçənlərə dəfələrlə qayıtmaq, müzakirə etmək imkanınız olub. Sizi niyə həbs etdilər?

– Həbsimin səbəblərini axtarmağa, müzakirəyə ehtiyac olmayıb. Ancaq dəfələrlə təhlil etmişəm. Mən İsa Qəmbərin və Əli Kərimlinin İctimai Palatanın 50 illik yubileyimlə bağlı tədbirində dediklərindən sitat gətirirəm: “Vidadi bəy uzun illər prokurorluq orqanlarında işləyib və mübarizə apararkən çox gözəl bilirdi ki, onu nə gözləyir”.

Qısa desək, mən hüquq müdafiəçisi kimi rüşvət və korrupsiyaya qarşı, azadlıq uğrunda mübarizə apardığıma görə, seçkilərin saxta keçirilməsini bütün dünyaya sübut etdiyim üçün həbs olunmuşam. Fəaliyyətimlə əlaqədar 2008-ci ildən hər gün həbsimi gözləyirdim.

Oxucular mənim fəaliyyətimin miqyası ilə müxtəlif saytlarda tanış ola bilərlər. Mən hüquq mühafizə orqanlarında, xüsusən prokurorluq və polis sistemində, hökumət qurumlarında, xüsusən nəqliyyat sistemində, yol çəkilişində, gömrük, vergi orqanlarında, Dövlət Sosial Müdafiə Fondunda baş vermiş rüşvət və korrupsiya faktlarını daim ifşa etmişəm. Mənzil almaq istəyən vətəndaşların aldadılması ilə nəticələnən, “GEN MMC-nin işi” kimi tanınan məsələdə insanların hüquqlarını ardıcıl qorumuşam, 2008-2010-cu illərdə onlarla birlikdə aclıq aksiyası keçirmişəm, piketlər təşkil etmişəm. “Nuray” şirkətinin əməllərindən əziyyət çəkən vətəndaşların da müdafiəsində durmuşam.

2010-cu ildə seçki saxtakarlığını sənəd-sübutla bütün dünyaya bəyan etmişəm. Rüşvət və korrupsiya mövzusunda “Azadlıq” radiosunda çıxışlarım olub. 2010-cu ildə İctimai Televiziyada çıxış edərək məmurların bəd əməllərini açıqlamışam. Fəaliyyətimə dair yüzlərlə fakt sadalaya bilərəm. Neçə-neçə rüşvət və korrupsiya faktı mənim fəaliyyətim sayəsində həm ictimailəşib, həm də siyasiləşib.

2008-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilərək KİV-də olan çıxışlarıma görə rəsmi xəbərdarlıq aldım. 2009-cu ildə baş prokuror Zakir Qaralov, 2010-cu ildə daxili işlər naziri Ramil Usubov məni qəbul edib. Hər ikisində həbslə hədələnmişəm.

2008-2010-cu illər ərzində polis, məhkəmə və prokurorluq xuliqanlıq, böhtan, seçkiyə müdaxilə və sairə maddələrlə 5 cinayət işi açıb. Hətta parlament seçkisi günü – 2010-cu il noyabrın 7-də mənə qarşı quldurluq maddəsi ilə cinayət işi başlamaq istəyirdilər, həmin gün toxunulmazlıq hüquqlarımı pozaraq məni 2 saat saxlayıblar.

Korrupsioner məmurlar məndən əl çəkmirdilər. 2010-cu il aprel ayının 21-də, noyabrın 7-də, noyabrın 19-da evimə basqınlar oldu. Həyatıma sui-qəsdlə əlaqədar Baş Prokurorluğa rəsmi müraciət etdim. Quruluşa bax. Həyatıma sui-qəsd edən orqanın başçısına özü barədə ərizə verirəm. Təbii ki, o da baxmır. Belə dövlətin doğrudan da heç bir yerdə analoqu yoxdur.

2011-ci il aprelin 2-də qanunsuz həbs edilərək 10 sutka iş aldım. Aprelin 16-da dostlarım zəng vurdular ki, Zakir Qaralov dəridən-qabıqdan çıxıb siyasi hakimiyyətdən sənin həbsinə icazə alıb. Mənə təklif olundu ki, İctimai Palatanın 17 aprel mitinqinə çıxmayım, lakin dostlarımı tutmuşdular, aksiyaya çıxmasam, özümü bağışlamazdım.

Aprelin 17-si gündüz saat 12 radələrində Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasında qatara minən zaman 3 nəfərin məni izlədiyini gördüm. “28 May” stansiyasından çıxan vaxt qəzetlərə zəng vurub bunu dedim. Saat 12:45-də “Nizami” kinoteatrı qarşısında məni tutdular və dərhal kiməsə məruzə etdilər ki, hər şey qaydasındadır. Axşam məni Nəsimi Rayon Məhkəməsinə apardılar. Guya məni 15:30 radələrində mitinqdə həbs ediblər. Bu ad altında mənə 15 sutka cəza verdilər. 15 sutkamın tamamı ad günümə düşürdü. 2010-cu il may ayının 2-də 49 yaşım tamam olurdu. Və Zakir Qaralov çoxdankı arzusuna çatdı, ad günümdə məni həbslə təbrik etdi.

– Sizinlə eyni vaxtda həbs olunan aprel məhbusları prezidentin əfv sərəncamı ilə azadlığa çıxdı. Siz isə əfvə düşmədiniz. Niyə belə oldu?

– Bu barədə mən subyektiv mülahizələrimi bölüşə bilərəm. Çünki bu, 2 aprel məhbusları ilə birgə girovluqda olduğumuz müddətdə ən ağrılı, yersiz iddialara və mübahisələrə səbəb olan bir mövzudur. Mən başa düşürəm, hər bir siyasətlə məşğul olan şəxs hadisələrdən maksimum yararlanmaq istəyir. Nədənsə bəzi vicdan məhbuslarında fikir yaranmışdı ki, hakimiyyət üçün çox qorxulu, önəmli persona olduğu üçün onu buraxmayacaqlar və yeni bir ittihamla cəzasını artıracaqlar. Həmin şəxslər azadlığa çıxandan dərhal sonra Şahin Həsənlinin və mənim həbsdə qalmağımızın səbəblərini ictimaiyyətə başqa maddələrlə ittiham olunmağımızla izah ediblər.

Mənim əfvə düşməməyimin öz özəllikləri var. Korrupsiya adi hal deyil – bu, cinayət hüququnda ən ağır sayılan bir cinayətdir. Korrupsiya – dövlət məmurlarının onlara verilmiş səlahiyyətlərdən sui-istifadə edərək, bir-biri ilə cinayət əlaqəsinə girərək dövlət əmlakını, sərvətini talamaqla var-dövlət toplamasıdır. Burada cinayətin obyektlərindən biri məhz xalqa məxsus sərvətdir. Subyektiv cəhətdən bu cinayət bilərəkdən, qəsdən törədilən cinayətdir. Cinayətin subyekti dövlət məmurlarıdır, dövlət idarəçiliyində iştirak edən vəzifəli şəxslərdir. Bu cinayət hadisəsini indiki hakimiyyətin təbliğatının əksinə olaraq aşpaz yox, müəllim yox, əmək işçisi yox, məhz dövlət məmurları törədir. Cinayətin subyektləri bir-biri ilə sıx cinayət əlaqələrinə girir, mütəşəkkil, qəddar olurlar və onlara qarşı mübarizə aparan şəxsləri fiziki cəhətdən məhv edirlər. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanlarda dövlətə, dövlət idarəçiliyinə, dövlət başçısına və sair şəxslərə inamsızlıq yaradır, şüurlarda deqradasiya prosesi gedir… Mən sizə rüşvət və korrupsiya ilə mübarizəmdən faktlar sadaladım. Bu sistemə qarşı sistemli mübarizə aparırdım.

– Sizə əfv ərizəsi yazmaq təklif olunubmu? Əfv ərizəsi yazmağınız mümkündürmü? Əgər mümkün deyilsə niyə?

– Konkret demək olar – yox. Təkcə son əfvdən üç-dörd gün qabaq formal bir əfv təklif etdilər. Xala, xətrin qalmasın deyə. Çünki hamıya təklif olunmuşdu. Mənimlə bunların öz prinsipi var. Ancaq bəri başdan deyirəm – alınmayacaq.

Əfv ərizəsi yazmaq mümkündür, ya yox sualına cavab olaraq bildirirəm ki, əfv cinayət tərədib, sonra səmimi peşmanlıq keçirəndən sonra dövlət başçısına olunan bir müraciətdir. Yer üzünün bütün hüquqşünasları, tələbələr, ziyalılar, savadı olmayan insanlar belə toplansın, mənim barəmdə olan cinayət işini oxusun, əgər onlardan heç olmasa biri desə ki, Vidadinin hərəkətlərində cinayət tərkibi var, namusuma, qeyrətimə and olsun ki, rüşvət və korrupsiyada ittiham etdiyim bütün şəxslərə, dövlət başçısına yüz əfv ərizəsi yazaram. Əks halda isə qoy məni sifarişlə tutanlar, qanunsuz hökm çıxaranlar, yalançı şahidlər cinayətlərini boyunlarına alsınlar. Mənim cinayət işimin materialları ilə tanış olsanız görərsiniz ki, ölkənin hüquq müdafə sistemi, xüsusən prokurorluq, məhkəmə sistemi necə çürüyüb, artıq metastaz mərhələsindədir.

Bir fakt demək istəyirəm. Mənim həbs olunmağım təxminən bir il anamdan gizlədildi. Mən həbs olunandan 8 gün sonra onun 85 illiyi idi. İndi 86 yaşı var. Eşidəndə məni həbs ediblər, yorğan-döşəyə düşüb. İndi Mirzə Sakitin, Qənimət Zahidin, Arif Hacılının taleyini mən də yaşaya bilərəm. Onun azad olunacağım müddətədək sağ qalacağı ehtimalı çox azdır. Bu şəraitdə mən əfv yazmadım. Bəlkə də kimlər üçünsə mən pis övlad olacam. Çünki bir parça sözün – əfv ərizəsinin ucbatından, ola bilsin ki, bu həyatda daha anamı görə bilməyim. Ancaq məni qınayanlar bilsinlər ki, bu bir parça əfv özümə, əqidəmə, dostlarıma, əqidə yoldaşlarıma, bəlkə cəmiyyətə də şərəfsizlik gətirə bilər.

Məni həbs etdirən siyasi hakimiyyətin təmsilçilərindən bu işdə rolu olan Zakir Qaralova sual verirəm: Siz mənim 86 yaşlı anamın müsahibələrini oxumusunuzmu? Bu 86 yaşlı xanım sizlərin qarşısında baş əymədi, əfv diləmədi, əksinə, törətdiyiniz qanunsuzluqlara görə sizləri ittiham etdi, halal mübarizəyə, haqq-ədalətə səslədi. Sizləri Vidadi İsgəndərliylə hədələdi. Bilirsiniz o qadın kimdir? O mənim anamdır! Onun həyat yoldaşı – məınim atam Böyük Vətən müharibəsi başlananda 18 yaşında Göyçaydan əlisilahlı çıxaraq müharibəyə gedib, geri dönəndə isə sinəsində 50-dən çox orden və medal olub. Uşaq vaxtı qardaşımla mən medallarla oynayırdıq.

Mənim atam Ukraynanın fəxri vətəndaşıdır. Mən institutda oxuyanda atam Xarkova gəlmişdi. İnstitutun rektoru, Sovet İttifaqı Qəhrəmanı Vladimir Filippoviç Maslov atamın qarşısında farağat dayanmışdı. Atam 46 il dövlət qulluğunda işlədi. Yeddi övladına və anama ikiotaqlı mənzil qoyub getdi. Amma yeddi övladının hamısı ali təhsilli idi. Var-dövlət əvəzinə o, bizi vətənpərvər, qeyrətli, namuslu böyütdü. Zakir Qaralov prokuror işləyəndə mən dörd il ona nəzarət edən prokuror olmuşam. Bu dörd ildə ondan 1 manat rüşvət götürmüşəmsə, çıxsın ictimaiyyətə desin. Ancaq onun törətdikləri barədə məndə təxminən yüzə yaxın fakt var.

Mənim süd, araq, mebel müəssisələrim, xaricdə villam, bağ evlərim yoxdur. Belə çıxır ki, atalarımız babalarımız, özümüz müstəqillik, vətən uğrunda döyüşüb dövlət qurmalıyıq, onlar isə bəhrəsini görməlidir? Xeyr, belə olmur, olmayacaq da!

İndi sual verirəm, kim kimdən əfv istəməlidir? Mənmi onlardan, yoxsa onlar məndən? Qanunsuz həbs olunmağım bəs deyil, hələ bir əfv ərizəsi də yazım?! Məgər 20 min insan ona görə şəhid olub, bir milyon insan ona görə qaçqın düşüb ki, indi bir qrup adam xalqın sərvətini talan edib, başını qaldıranları isə həbs edib konslagerə göndərsin, milyonları rahat xərcləsin? Yox, yox, yox! Belə davam edə bilməz. Bu səbəbdən əfv yazmaq mümkün deyil.

– Tezliklə azadlığa çıxmağınızı gözləyirsinizmi?

– Arada fikirləşirəm, ilahi, nə yaxşı ki, beynəlxalq aləm, demokratik dövlətlər, beynəlxalq hüquq müdafiə təşkilatları var, yoxsa bunlar bizləri bu konslagerlərdə çürüdərlər. Bəlkə də diri-diri yandırardılar. Mənim müdafiəmə qatıldığına görə ABŞ Konqresinə, Beynəlxalq Amnistiya, “Human Rayts Votç”, “Fridom Haus”, “Frontlayn” təşkilatlarına, Naumann Fonduna, İctimai Palataya, Xalq Cəbhəsi, Müsavat partiyalarına, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə, bizi müdafiə edən bütün şəxslərə minnətdarlığımı bildirirəm. Beynəlxalq təpki güclüdür, amma inanmıram mafiozlar məni buradan sağ-salamat buraxsınlar.