Morninqstar iki həftəyə Bakıya gələcək

Amerikalılar aylarla visa ala bilmədiklərindən şikayətlənirlər 

ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstar qarşıdakı iki həftə ərzində Bakıya gələcək. Bu barədə səfir özü Turanın Vaşinqton müxbirinə bildirib.

Çərşənbə günü diplomat ABŞ-Azərbaycan Ticarət Palatasında çıxış edib. Bu, onun yeni vəzifədə qatıldığı ilk ictimai tədbirdir.Səfirlə söhbətə yerli amerikalılar, azərbaycanlılar və region üzrə çalışan təhlilçilər gəliblər. Görüş və səfirin çıxışı mətbuat üçün qapalı keçirilib.

Eyni zamanda, səfirlə söhbət edən amerikalılar görüşdən sonra Turan-ın müxbirinə Azərbaycana iş və şəxsi məqsədlərlə gedərkən üzləşdikləri viza problemlərindən danışıblar. Belə ki, onların əksəriyyətinin viza müraciəti Azərbaycanın Vaşinqtondakı nümayəndəliyi tərəfindən “bəzən aylarla” yubadılır. “Ümid edirik ki, yeni səfirin Bakıdakı fəaliyyəti və səyləri nəticəsində bu problem tezliklə həllini tapar”, – onlar bildiriblər.

İnformasiya şöbəsi