Banklar və qəzetlər onların əlindən alınır
“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, deputatlara xəbər saytlarını bu və ya digər formada maliyyələşdirmək qadağan edilib. Məlumatda deyilirdi ki, hökumətyönlü saytlardan birində iqtidarın maraqlarına uyğun olmayan yazı yerləşdirilib.
Həmin yazı Prezident Administrasiyasında qıcıq doğurub. Məsələ hətta Ilham Əliyev səviyyəsində müzakirələrə səbəb olub. Həmin saytla bağlı araşdırma aparılarkən bəlli olub ki, bu xəbər portalı deputatlardan birinə məxsusdur. Bu Ilham Əliyevi daha da qəzəbləndirib və ölkə başçısı belə halların aradan qaldırılması ilə bağlı göstəriş verib. Bundan sonra saytlarla bağlı ciddi araşdırma aparılıb və 10-a yaxın deputatın birbaşa və ya dolayısı ilə həmin saytları maliyyələşdirdikləri üzə çıxıb. Prezident Administrasiyası həmin deputatların siyahısını Milli Məclisin spikeri Oqtay Əsədova yollayıb. Spiker isə öz növbəsində adı siyahıda olan deputatlara təpinib. Oqtay Əsədov onlara bildirib ki, deputatların KIV-ləri maliyyələşdirilməsi yolverilməzdir və buna son qoyulmalıdır. Əks təqdirdə bu cür addımlar atan deputatlar barədə ciddi tədbir görüləcək.
Bu xəbər “Azadlıq”da dərc edildikdən sonra redaksiyamıza növbəti buna oxşar məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, yalnız deputatlara deyil, məmurlara da KIV-ləri maliyyələşdirmək qadağan edilir. Yaxın vaxtlarda məmurların nəzarətində olan KIV-lər onların əllərindən alınacaq. Bildirilir ki, həmin KIV-lərin bir mərkəzdən idarə olunması qərara alınıb. Bəzi məlumatlara görə, hazırda Prezident Administrasiyasının iki şöbə müdiri – Əli Həsənovla Elnur Aslanov arasında həmin KIV-ləri idarə etmək uğrunda mübarizə gedir. Məlumat üçün deyək ki, hər iki şöbə müdiri PA-nın rəhbəri Ramiz Mehdiyevə yaxın şəxsdir. Lakin məlumatlarda deyilir ki, Əli Həsənovla Elnur Aslanovun mübarizə aparması yersizdir, çünki hökumətyönlü KIV-lərə nəzarətə Paşayevlər iddialıdır. Və güman ki, sonucda onlar istəyinə nail olacaq.
Məlumatlarda həmçinin deyilir ki, məmurlara məxsus banklara da əl qoyulacaq. Həmin bankların da Paşayevlərin nəzarətinə keçəcəyi deyilir. Bütün bunlar isə 2013-cü il prezident seçkisinə görə həyata keçirilir. Hakim ailə ehtiyat edir ki, seçkidə məmurlar nəzarətlərində olan KIV-lərdən və banklardan istifadə edərək onların maraqlarına zidd addımlar ata bilər.
Hikmət