“Fövqəlnazir” qohumu Elçin Quliyevin müdafiə naziri olmasına çalışır
Hakimiyyət daxilində müəyyən qüvvələrin müdafiə naziri Səfər Əbiyevin “vurulmasına” çalışdıqları barədə məlumat vermişdik. Dünən bununla əlaqədar redaksiyamıza yeni xəbərlər daxil olub.
Həmin məlumatlarda deyilir ki, hakimiyyət daxilində anti-Əbiyev qruplaşmasının başında fövqəladə hallar naziri Kəmaləddin Heydərov dayanır. Kəmaləddin Heydərovla Səfər Əbiyev arasında münasibətlərin gərgin olması yeni xəbər deyil. Mülki Müdafiə Qoşunlarının Müdafiə Nazirliyindən alınaraq Fövqəladə Hallar Nazirliyinə verilməsi, Səfər Əbiyevlə keçmiş baş hərbi komissar Əliağa Hüseynov arasında savaş və Qəbələdə Kəmaləddin Heydərovun vertolyotunun yerə endirilməsi “fövqəlnazir”lə müdafiə nazirinin münasibətlərini kəskinləşdirib. Lakin iki nazir arasında ziddiyyətlər indi daha dərindir. Məsələdə burasındadır ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev müdafiə naziri postuna iddialıdır. O, Kəmaləddin Heydərovla qohum olduqdan sonra bu posta qarşı iddiasını daha açıq şəkildə sürdürməyə başlayıb. Təbii ki, “fövqəlnazir”də bu məsələdə ona ciddi dəstək verir. Qohum generallar ciddi cəhdlə Səfər Əbiyevi devirməyə çalışır. Hərbi prokuror Xanlar Vəliyevin də anti-Əbiyev cəbhəsində dayandığı bildirilir. Lakin bu bir qədər çətindir. Əvvəla ona görə ki, müdafiə naziri ölkə başçısı Ilham Əliyevə birbaşa çıxış imkanı olan və ölkə başçısının etimad göstərdiyi məmurlardan biridir. Hər halda Ilham Əliyev təxminən büdcənin yarısına bərabər hərbi büdcəni ona etibar edib. Bu hakimiyyət üçün ən mühüm amil puldur. Ona görə də Ilham Əliyevin Səfər Əbiyevə etimadını məhz büdcə ilə əlaqələndirdik. Ilham Əliyevin hansı səbəbdən müdafiə nazirinə etimad göstərdiyi bizə bəlli deyil. Amma fakt odur ki, illərdir hakimiyyət daxilində müdafiə naziri postu uğrunda mübarizə getməsinə baxmayaraq Ilham Əliyev Səfər Əbiyevi dəyişmək istəmir.
Hikmət