Həbsxanada çifirin yeri və rolu

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Kupe – “zon”larda iki çarpayının arasında yaranan fiziki həyat şəraitinə deyilir. Qatarda yol gedənlər kupenin nə olduğunu daha yaxşı təsəvvür edə bilərlər. Həbsxana kupesi eynilə qatar kupesinə oxşayır. Qatarda zaman da, məsafə də qısalır, burada isə məsafə qısalmır, yalnız zaman qısalır. Yerdə qalan bütün həndəsi ölçülər eynidir. Amma bəzi “bərkgedən” dustaqlar öz kupelərinin enli olması ilə fəxr edirlər. Özümü o qədər də bərkgedən dustaq saymayacağam, amma mənim kupem enli idi, kupedə seyfi olan bir yazı stolum və döşəmədə xalçam da vardı.
Yeri gəlmişkən, 17-ci zonda başqa belə bir kupe heç kimdə yox idi. Mən bu şəraiti yaratmaq üçün heç kimlə (yəni, müdiriyyət tərəfdən) zərrə qədər konflikt yaratmadım. Sadəcə, hər şey qarşılıqlı anlaşma və qarşılıqlı hörmət şəraitində həll edildi. Mən özümə qarşı olan münasibəti ətrafımda olan bütün dustaqların əzablarının azaldılması üçün də çox effektiv şəkildə istifadə edirdim.
Və heç zaman belə bir eyham da olmadı ki, mənə olan münasibətdən sui-istifadə edirəm. Bütün münasibətlər səbr relsinin üzərinə qoyulanda və hay-küysüz işə salınanda effekt alınır: həbsxana belədir, orada qızıl ortanı tapmaq lazımdır. Bunu tapa bilməyəndə problem yaratmaq lazım deyil, səbr etmək və yenə də axtarmaq lazımdır.
Əlbəttə, həbsxananın kral içkisi çaydır, amma sadəcə, bizim adi qaydada qəbul etdiyimiz çay kimi yox, müxtəlif hazırlanma texnologiyalarına görə! Çayın ikinci populyar içki forması isə təbii, çifirdir. Çifir – müəyyən mənada həbsxana simvollarından da sayılır, mərasim kimi dəyərləndirilir, söhbətləşmə, yaxınlaşma, həmdərd olma ritualı kimi də. Bəzən yeni dustaqlar da özlərinin həbsxana həyatına çox bağlı olduqlarını, həbsxananı həyat tərzi kimi qəbul etdiklərini köhnə, avtoritetli dustaqlara göstərmək üçün “çifirə otururlar”. Bizim “zon”da ən tanınmış çifirçilərdən birinin Kubinkalı Malik olduğunu bilirəm. Hətta bir-iki dəfə onun çifiri necə hazırlamasını, dodaqlarını marçıldada-marçıldada dadına baxmasını da müşahidə etmişəm. O da ləzzətlə bu müşahidənin altında yerləşərək özünü möhtəşəm bir peşənin sənətkarı kimi hiss edib və səbrlə mənə izah edib: “Hə, Həci, bu çifir belə şeydi də… Gərək bunu hazırlamağın yönünü biləsən. Hər adamın işi deyil. Gərək onu ağıllı-başlı dəmə qoyasan. Çox qaynayanda da zibilə dönür, vaxtından əvvəl götürəndə də. Bundan ötrü gərək ”çifirbak”ın dibində olasan, onu başa düşəsən. Buraya atdığın çayın da qədəri bir şərtdir, hər bir çaydan da çifir olmaz. Indi Azərbaycandakı çaylardan çifir üçün yarayanı “Azərçay”dır. Onu, deyəsən, heç çay üçün buraxmırlar, çifir üçün buraxırlar. Elədirsə, sağ olsunlar. Bax, bu “çifirbak” 800 qram su tutar. Deməli, bunun içinə uzağı iki xörək qaşığı (qaşıq yoxdursa, kibrit qutusu ilə ölçmək olar) çay atmalısan. Ətir iyi gələn çayları tulla getsin. Onları içəndə adamın qusmağı gəlir. Amma “Azərçay” “bomba”dır. Bax, su qaynayır. Indi çayı bunun içinə tökəcəm. Sonra da ağzını belə bağlayırsan. Qarışdırmaq olmaz. Çoxları – bu uşaq-muşaq onu qarışdırır, guya səbrləri çatmır, amma qələt eləyirlər, olmaz. Çifir olmur onda. Bir az, 10-ca dəqiqə səbr edirsən, çay düşəcək qabın dibinə. Sonra da süzəcəksən. Süzgəc olmayanda, onu yavaşca, səliqə ilə stəkanlara boşaltmaq da olar. Amma dustaq nə dustaq oldu ki, bir çifir süzməyə də bir əlcə kətan tapmır. Hə, daha yaxşı olar ki, bunu ikinci dəfə “partladasan”. Tutursan odun üstünə, dibindən qaynayıb çayı qaldırır yuxarı, sonra yenidən endirir aşağı. Bax, bu olur şahanə çifir! Bunu burada, “zon”da eləmək olur, çünki od var, amma kamerada od həmişə olmur axı… Günlər vardı eee, kamerada bir kibrit çöpünü dörd yerə bölərdilər. Uzununa əvvəlcə iki, sonra həmin ikini də iki yerə bölərdilər. Yoxsa, hər siqaretə bir kibrit çöpünü sıradan çıxarmaq yekə təmtəraq sayılardı. Bunu “burjuy”lar eləyə bilərdilər. Kamerada da, “boks”da da, hətta “kars”da da çifir quraşdırmaq olar. Əgər bircə dənə qəzetin, bir kibrit çöpün varsa, “çifirbak”ı qaynada bilərsən. Sadə yolu var. Qəzeti ensiz rulon eləyirsən, aşağıdan yandırıb tutursan “çifirbak”ın altına. “Truba” alovu dartır üzüyuxarı. Qəzet yanıb qurtaranda çifir də hazır olur. Amma bunu da hər adam eləyə bilməz, gərək işin ustası olsan, həm də riski var. Nadzor gördümü, press maşını işə düşə bilər, o qədər başqa problemlər yarada bilərlər ki… Hə, çifir hazır!”
Sonra da çifirçilər yığılır. Onu həmişə mərasim kimi, xüsusi dəvətlə təşkil edirlər. Yeni gələnə də heç bir halda sifət turşutmaq olmaz. Adam özünü bu çevrəyə layiq bilib dövrəyə giribsə, məmnuniyyətlə bölüşmək lazımdır. Hətta “çort” olsa belə, onun üçün ayrıca qabda ayırıb vermək lazımdır. Qalanlar ciddi növbə ilə, həmçinin ciddi olaraq iki qurtum hesabıyla eyni qabdan qurtumlayıb sonrakına ötürəcək. Adətən dövriyyədə bir parç olur, amma adam çoxalarsa, ikincini, üçüncünü də dövrəyə buraxmaq olar. Çifir isti-isti, tam ciddi olaraq acqarına içilməlidir. Əsl çifirçi yeməkdən sonra çifir içməz. Çifirdən, ən azı, 20 dəqiqə, yarım saat sonra yemək yeyə bilərsən. Yoxsa, mərasimin də zibilini çıxararsan, çifirin keyfinin də. Yeni başlayanlar bir mühüm məsələni də yadda saxlamalıdırlar ki, çifiri qəndlə içmək intihar kimi bir şeydir: adamı həqiqətən də öldürə bilər. Xüsusilə, əgər orqanizmdə ciddi defektlər varsa. Amma sağlam adamlar da bu məhluldan ciddi sarsıntı yaşaya bilərlər. Çifirçilərin çoxu etiraf etməsə də, bu üsulla hazırlanmış maddənin uyuşdurucu və ya kefləndirici effekti var. Doğrudur, çox yüngül, amma hər halda, hansısa ovqat dəyişikliyi yaradır. Çifir cəsarət və enerji əlavə edən içkidir. Əgər belə olmasa, asılılıq da yaratmazdı. Axı, Malikin nəyinə lazımdır, camaatın istidən partladığı bu dəhşətli bürküdə “çifir qaldırsın”? Onda asılılıq yaranıb, üstəlik heroinin də əvəzini çıxır. Malikin etiraf etdiyinə görə, as çifirçilər “sitromon” adlı dərmandan ötrü də sinov gedirlər. Bu dərmanın içində kofein var və onu çifirin içinə qatanda birə-iki effekt olur. Amma hətta Malik də deyir ki, ağını çıxarmaq olmaz. Çifiri gündə iki dəfədən artıq içmək məsləhət deyil: “Yaşamaq istəyirsənsə, məsləhət deyil. Amma özünü öldürmək istəyirsənsə, ”mujik”in çayını niyə korlayırsan?”
Axı, çay müqəddəs ərzaq elementidir! Adamlar hətta bir dəfə dəmlənmiş “çifir-çayı” da çölə atmırlar, ikinci dəfə də dəmləyirlər. Bu ya “vtoryak”, ya da daha lotuyana şəkildə “nitfel” adlanır. “Vtoryak”dan sonra isə qalan çayı (onu daha “çay” adlandırmaq mümkündürsə) aşağı “kasta”ların istifadəsinə vermək olar.
Çifir və çay arasındakı orta dozalı içki isə “kupes”dir. “Kupes”ə çifirə yeni başlayanlar hazırlıq, qatı çifirçilər isə istirahət mərhələsi kimi baxırlar…

ardı var